RU

Ballıca "döyüşü" və 366-cı alayın silahları ermənilərə necə satıldı? — FAKTLAR

Ötən əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı ilə bağlı indiyədək məlum olmayan faktlar var, cavabsız suallar çoxdur. Demokrat.az xəbər verir ki, tarixçi alim dosent Zaur Əliyev soyqırımın törədilməsində iştirak edən 366-cı alay haqqında bilinməyən bəzi məqamları bölüşüb. Belə ki 1991-ci ilin sonunda 366-cı qvardiya motoatıcı alayının bir çox zabitləri ödənişli əsaslarla erməni silahlı birləşmələri tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün təkliflər almağa başladılar: 

“Bəzi hallarda zabitlər razılıq verib standart zirehli maşınlardan istifadə etməklə döyüş əməliyyatlarında iştirak ediblər. O dövrdə alaya rəhbərlik edən Zaviqarov bunu guya onlara Moskvanın əmək haqqı verməməsi ilə əlaqələndirib. Əsgər və zabit heyəti  pul qazanmaq üçün ermənilər tərəfdə döyüşüblər.

Müəyyən bir hesablama sistemi var idi: Şuşa və Ağdam ərazisinə topdan hər atəşə görə ermənilər 20 litr spirt, 20 min rubl,  azərbaycanlılara qarşı əməliyyatda bir piyada döyüş maşınının iştirakına görə komandirə 5 min rubl pul verilirdi,  atəş üçün - 1 min rubl, hər öldürülən azərbaycanlı üçün 10 min rubl, əsir götürülən dinc sakinə görə 15 min rubl, hərbçi üçün 20 min rubl, kəşfiyyatı üçün 30 min rubl. Hər döyüş öncəsi yemək içmək və ən yaxşı can qoyan əsgərə puldan əlavə  qızıl hədiyyə edilirdi”.

Tarixçi qeyd edib ki, başda yüksək zabit heyəti Sergey Kraule, Zarviqorov və Ponomaryov alayın digər komandiri Ohanyan tərəfindən 5 milyon dollarlıq təklif alırlar və nəticədə Xocalıda dəhşətli soyqırım rus-erməni birlikləri tərəfindən həyata keçirilir:

“Əməliyyatda 366-cı motoatıcı alayın artilleriya divizyonu, zenit batareyası, tank rotası, 23 ədəd PDM və rus əsgərlərindən ibarət 463-cü əlahiddə kimyəvi mühafizə hissəsi, 909 saylı əlahiddə kəşfiyyat batalyonu iştirak etmək üçün hazırlanmışdı. 1992-ci il 23 yanvar tarixində 366-cı alayın 194 nəfər ləzgi, tatar, qazax, özbək və digər müsəlman əsgərlərini təxris etmişdilər. Təxris olunmuş hərbçilərin yerinə isə Fransa, ABŞ, Liviya və sair kimi ölkələrdə fəaiyyət gostərən erməni, ərəb və digər millətlərdən olan terrorçular gətirmişdilər. 70 piyada döyüş maşını (PDM) , 4 “Strela-10" raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilib və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilib”.

Z.Əliyev 366-cı alayda xidmət edən və Xocalı soyqırımında iştirak etmiş erməni zabitlərin adlarını da açıqlayıb:

“S.İ. Ohanyan II alayının komandiri, V.İ.Çitçiyan I Taborun Baş katibi, V.G.Ayriyan Alay Kəşfiyyat İdarəsinin rəisi, N.T.Akopyan general-leytenant, V.A.Azaryan Batareya komandiri leytenant və onlardan əlavə, soyqırımda 41 kiçik vəzifəli zabit iştirak edib. Soyqırımda erməni pilotları və muzdlular da iştirak ediblər. Bu pilotlar 366-cı alayın donanmasının əsgərləri idi. Xocalıları bombalayan şəxsi heyətin siyahısında isə Romb Kalakchian livanlı erməni, peşəkar mühəndis, Razdan Minoyan suriyalı erməni mühəndis, Ararat Saracyan rəvandan olan bir əsgər və Suren Pirimyan yenə İrəvandan gələn polis əməkdaşı olub”. 

Tarixçi bildirib ki, Xocalı soyqırımından dərhal sonra Rusiya 366-cı alayın Xankəndindən çıxarılmasına qərar verir:

“Alay komandiri polkovnik Yuri Zarviqorova ordunu şimal istiqamətində geri çəkmək haqqında əmr gəlir. Bu əmrdən sonra Seyran Ohanyan adı çəkilən komandirlərlə görüş keçirir və silahların onlara satılmasını təklif edir. Görüşdə Ermənistanın prezident olacaq Robert Köçəryan da iştirak edir. 1.5 milyon dollarla razılaşırlar, lakin bunu onlara vermək üçün plan hazırlanır. Plan Xocalıdan çıxıb Gürcüstan istiqamətdə olan ərazilərin birində süni döyüş təşkil etmək olur. Ərazi olaraq isə Ballıca kəndi seçilir. Planın ilkin addımı Ohanyanın əmrə "tabe olmaması" olur. 

Zaqafqaziya Hərbi Dairəsinin bu əmrinə 2-ci motoatıcı batalyonun komandiri olan mayor Seyran Ohanyan dəstəsi ilə birlikdə Ballıca kəndi ərazisində əmrə  tabe olmadığını elan edir. Alaydakı erməni hərbçilər Ohanyanı müdafiə edirlər. Bunun ardınca alay Ermənistan və Qarabağ erməni dəstələri tərəfindən  mühasirəyə alınır. Bunu görən Zaqafqaziya Hərbi Dairəsi həyəcan siqnalı ilə 328-ci və 345-ci desant alaylarını ayağa qaldırır. Onlar 366-cı alaya yardıma göndərilir. Süni döyüş başlayır, guya iki tərəfdən də itkilər olur. Lakin heç bir tərəfdə ölü olması barədə rəsmi məlumat heç bir yerdə qeydiyyata düşmür”.

Z.Əliyev açıqladığı faktlara görə, bu zaman hərbi texnikanın böyük bir hissəsi erməni birləşmələrinə təhvil verilib və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilib:

“Bu hərbi texnika ilk dəfə 6 mart 1992-ci ildə Azərbaycan ordusunun Əsgərana hücumunun qarşısını almaq üçün istifadə olundu. Alayın tərkibində xidmət edən 22 zabit daxil olmaqla 180 əsgər erməni separatçılarının tərəfində döyüşmək üçün Qarabağda qaldı. Ballıca hadisəsi bir daha göstərir ki, məhz ermənilərin Xocalıda törətdikləri soyqırım təkcə onların deyil eyni zamanda Rusiyanın planı olub”. 




Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
259
50
demokrat.az

10Источники