“Taliban” hərəkatının nümayəndələri Rusiyada keçiriləcək Dostluq Oyunlarına Əfqanıstandan idmançılar göndərməyə hazır olduqlarını bəyan ediblər.
Qaziler.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müvəqqəti Hökumətinin Əmək və Sosial Məsələlər naziri Əbdül Umari açıqlama verib.
“Biz də Dostluq Oyunlarında iştirak etmək istərdik”, - deyə rəsmi nümayəndə bildirib.
İyunun 1-də “Sport Express” yazıb ki, Dünya Dostluq Oyunları 2025-ci ilə təxirə salına bilər. Nəşrin qeydinə görə, belə bir təşəbbüs Rusiya Federasiyasının ali rəhbərliyi ilə müzakirə olunur və yaxın vaxtlarda dəstəklənəcək. Qeyd olunub ki, bu qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təzyiqi ilə bağlı deyil.
Dostluq Oyunlarının 2024-cü il sentyabrın 15-dən 29-dək Moskva və Yekaterinburqda keçirilməsi planlaşdırılır. Dostluq Oyunlarının təşəbbüskarı və əlaqələndiricisi Beynəlxalq Dostluq Assosiasiyasıdır (İFA).
QAZİLER.AZ