RU

Türkiyədəki seçkilərə yeni baxış: Ərdoğan kütləyə cəlbedici fiqur kimi onları təqdim edəcək?

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) 37,7% səslə qalib gəldi Ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 35,5% səslə 2-ci, etnik azlıqların səsinə iddialı DEM Partiyası isə 5,7% ilə 3-cü yerdədir. Seçkidə ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb.

Nəticələr

-Beləliklə, CHP prezident seçkilərində müşahidə etdiyimiz səs yüksəlişini yerli seçkilərdə də təkrarladı- hər iki halda CHP namizədlərinə verilən səslərin mühüm bir hissəsi, CHP-nin ənənəvi elektoral səsləri deyil, anti-Ərdoğan, anti-AKP səsləri-etiraz səsləridir. Amma bu hal təkrarlandıqca, CHP-nin ənənəvi 25 faizlik elektoral gösətiricisi dəyişir; artıq ortada 40 faizə yaxınlaşan göstərici var.

-CHP ittifaqdan yayındı, amma keçmiş Millət İttifaqının birgə nəticələrini təkbaşına əldə etdi. Etiraz elektoratı üçün əsas bəlirləyici sima CHP-dir, digərləri ona dəstək deyil, yükdür.

Demək, CHP adı, CHP-nin az-çox istənilən uğurlu siması parlament və prezident seçkilərində yenidən birləşdirici çətir olma və qalib gəlmə gücündədir. CHP bütün anti-Ərdoğan, anti-AKP, geniş mənada isə bütün dünyəvi-anti Milli Görüş elektoratı birləşdirə biləcək siyasi brendə çevrilib.

CHP-nin yeni sədri Özgür Özəl bu uğuru özünə yaza bilər, artıq bizdə də “Qılıcdaroğlu getdi, CHP yüksəldi” kimi şərhlər var. Ancaq CHP daxilində Əkrəm İmamoğlu və Mansur Yavaş faktorlarının da yüksəlişi davam edir, 4 il sonra Yavaşın 72, Əkrəm İmamoğlunun 56, Özgür Özəlin 53 yaşı olacaq. Güclü 3-lüyün bir partiyada olmasa uğurdur, lakin bir çətir altında olsalar da, onlara səs verən elektorat eyni deyil. Özəl hələ ki, yeni parlaq fiqur kimi qalır, onun elektorat tərəfindən ümummilli seçkilərdə hansısa ciddi uğuru yoxdur, yəni 2028-ci il seçkilərində də birləşdiric çətir olub-olmaycağı haqda proqnoz vermək çətindir.

-AKP indi öz təbii həcminə dönüb, iri bələdiyyələri uduzsa da, rayon bələdiyyələrində mövqeyi ciddi dəyişməyib. 2019-cu il seçkiləri ilə müqayisədə 9 faiz itirib (44 faizdən 35,5 faizə eniş). CHP 2019-cu ildəki 30 faizdən indi 37 faizədək səs artırıb. İqtisadi vəziyyətin ürəkaçan olmadığı, monetar siyasətin uğursuz sayıldığı, üstəlik, seçicilərin sima yorğunluğu hiss etdiyi, bir sözlə, populyarlığının ən aşağı vaxtında AKP-nin belə nəticəsi uğurdur. Amma bu, Ərdoğanın, vəd etdiyi kimi, qatıldığı son seçkidirsə, AKP-nin bu nəticəni gələcəkdə də saxlaya biləcəyi sual altındadır. AKP sədri, prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin nəticələrini müsbət dəyərləndirib, bunun AKP üçün də dönüş nöqtəsi olduğunu deyir. Bundan hansı nəticə çıxarılacaq?

Türkiyənin beynəlxalq imici, xüsusən Qərb ictimai rəyindəki imici üçün birmənalı olaraq pozitivdir. Bu, Türkiyədə seçki demokratiyasına nə qədər ciddi yanaşıldığnı bir daha ortaya qoydu. Ötən il prezident seçkilərinin iki turda keçirilməsinin Türkiyənin Qərbdə imicinin necə müsbətə dəyişdirdiyinin şahidiyik, o seçkilərdən sonra Türkiyənin yenidən Qərb müttəfiqləri ilə münasibləri də xeyli yaxşılaşıb. Yerli seçkilərin də eyni effekt verəcəyi şəksizdir. Bəs bundan AKP-nin qazancı nədir? Əgər hakimiyyətin, siyasi irsin davamlılığı və ya güclü parlament müxalifəti olmaq, eləcə də bələdiyyələrdəki heç olmasa indiki nisbətin qorunması istənilirsə, AKP kütləyə yeni cəlbedici fiqurlar təqdim etməlidir. Qərb mediası belə fiqur olaraq daha çox iki şəxsin Türkiyədəki hakim ailənin üzvü Səlcuk Bayrakdarın və Hakan Fidanın adlarını çəkir.

-AKP daxilində olmasa da, Milli görüş xəttində daha bir fiqurun tədricən yüksəlişi diqqət çəkir. Ötən bələdiyyə seçkilərində heç bir səs ala bilməyən Yenidən Rifaf ölkə üzrə 6,5 faiz nəticə əldə edib. Son parlament seçkilərindəki səslərini belə iki dəfə artırıb. Bu o deməkdir ki, Milli görüş elektoratı AKP-yə alternativ formalaşdırır? Bu halda AKP necə davranacaq? Yenidən Rifaha qarşı kampaniya əks effekt verərdi, partiyanın sədri olan Fatih Ərbakan Milli görüş xəttinin qurucusunun yalnız siyasi deyil, həm də bioloji varisidir. AKP seçiciləri belə Ərbakan soyadına qarşı kampaniyanı anlamaqda çətinlik çəkərdi. Bəs vaxtilə Milli görüşün alternativ yeni ulduzu sayılan Numan Kurtulmuş kimi onu da AKP-yə cəlb etmək mümkündürmü? F.Ərbakan uzlaşmaya meyilli şəxsdir, amma həm də iddialıdır, son parlament seçkilərində belə AKP ilə ittifaqın onu xərclədiyini anlamış və prezident seçkilərinin ikinci turunda Ərdoğanı dəstəkləməkdən imtina etmişdi. Yeni uzlaşma zərurəti yaransa, onun hansı ağır şərtlər irəli sürəcəyini və bu şərtlərin AKP tərəfindən qəbul edilib-edilməyəcəyini indidən proqnoz etmək çətindir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
14
publika.az

10Источники