RU

Mahir Nəbili: “Aya, mən baş redaktorun üçüncü müaviniyəm...” 

Mən “Xalq qəzeti” redaksiyasına işləməyə gələndə baş redaktor Mahal İsmayıloğlunun üç müavini var idi – Məmməd Nazimoğlu, Ramiz Əskər və Mahir Nəbili. Allah dördünə də rəhmət eləsin. Maraqlıdır ki, onların dördü də mənim Dövlət radiosundan bura gəlməyimə sevinmiş və alqışlamışdılar. Ancaq ən yaxın və uzunmüddətli dostluq elədiyim məhz Mahir Nəbili olmuşdu. 

Xatırladım ki, o illərdə ( “Xalq qəzeti” tamamilə yenidən formalaşdırılırdı) Məmmədin nəinki söhbət eləməyə, hətta çörək yeməyə də vaxtı olmurdu. Ramiz Əskər alim adamıydı, salamdan dərhal sonra elmdən danışırdı. Mahir isə … ayrı aləm idi. Onunla söhbətdə redaksiyadakı islahatların taleyi barədə də nə isə eşidirdik, regiondakı və dünyadakı ictimai-siyasi proseslər barədə də, ölkədəki siyasi partiyaların mənfi-müsbət tərəfləri haqqında da. Ən başlıcası, onun hazırcavablılığı, yumor hissi, heç kəsin xətrinə dəyməməsi, üstəlik, hər günorta yüngülvari çay süfrəsi təşkil etməyi də var idi. 

İxtisasca tərcüməçi olsa da, Azərbaycan və türk tarixlərindən elə faktlar danışırdı ki, mən sadəcə, mat qalırdım. Bir faktı yada salım. Mahir İcevanda böyüsə də, əslən Göyçədən idi. Elə ona görə də çox vaxt göyçəlilərin kafesində çay içirdik. Bir axşam o, ixtisasca tarixçi olan Aşurov soyadlı dostu ( “Qanun keşiyində” adlı qəzetdə birlikdə işləmişdilər) və mən göyçəlilərin kafesindəki axşam yeməyindən çıxıb redaksiyaya qayıdırdıq. Onlardan eşitdiyim  Əmir Teymur, Şah İsmayıl Xətai, Nadir şah haqqındakı söhbətlər yüksək səviyyəli alim mülahizələri idi. O vaxtlar mən demək olar ki, hər gün yarım saat da olsa, ensiklopediyaların hansınasa baxırdım. Elə həmin günün səhəri ensikopediyanın müvafiq cildini taparaq axşam Mahirdən eşitdiklərimdə nə isə səhv axtarmağa çalışdım. Tapmadım. Tapsam, sabah kef olacaqdı.

Onun hazırcavablılığı da özünəməxsus idi. Bir səhər “Sahil” metrosundan çıxıb işə gəlirdim. Yağışlı payız günü idi. Gördüm Mahir redaksiyanın qabağındakıl çinarların yanında dayanıb kimisə gözləyir. Dedim: “Ay müəllim, nə üçün yağışın altında dayanmısınız?” Gülümsündü: “Aya, mən yağışın üstündə necə dayana bilərəm?”

Qəribə xasiyyəti var idi. Bəlkə də payızın axırınadək işə qolsuz köynəklə gəlirdi. Bir dəfə İlham Abbasov soruşdu ki, Mahir müəllim, siz üşümürsünüz? Mahir ciddi şəkildə səsini ucaltdı: “Aya, insan deyiləmmi, niyə üşümürəm?”  

… Mahal İsmayıloğlu redaksiya kollektivi üçün iyirminci əsrin başa çatması, yeni ilin və yeni əsrin başlanması münasibətilə zəngin bir restoran tədbiri təşkil eləmişdi. Tədbirin aparıcısı mən idim. Gördüm ki, Mahir Nəbili,  Ələsgər Cabbarov, Vahid İmanov və Ayaz Abbasov( Allah hamısına rəhmət eləsin!) nə barədəsə ucadan danışırlar. Mikrofonla amiranə şəkildə dedim: “Mahir müəllim, orada yaratdığınız Nəbiyevşinanı yığışdırın!” Sonra söz ona veriləndə dedi: “Əvvəl gərək Nəbiyev olsun ki, sonra Nəbiyevşina” yarana bilsin!”

Cavan şairlərin və özünü gənclərə qatan bəzi qələm sahiblərinin şeirin, ədəbiyyatın başına oyun açmasıyla qətiyyən barışa bilmirdi. Yadımdadır. Bir dəfə həmin cavanlardan  ikisi onun yanına gəlmişdi. Söhbətdən hiss elədim ki, Nəbiyev bunların heç birini şair kimi qəbul etmək istəmir. O, poeziyamızı dərindən bilən adam idi. Hətta öz yerlilərinin və qohumlarının şeirlərinə də  yalandan “yaxşıdır” deyə bilmirdi. Şairlər kitablarını verib gedəndən sonra soruşdim ki, bu kitabların hansı daha yaxşı olar?  Doğrudan da birini oxumaq istəyirdim. 

Nəbiyev dedi: -- Bu kitab “oblojkasız” olduğuna görə pəncərənin arasına qoymağa yarayar. Karton üzlünü isə at getsin.

Bir dəfə onun öz qohumlarından biri əsəbi şəkildə soruşdu ki, Mahir, əsl şeir necə olmalıdır?

 – Məhəmməd Füzulinin yazdığı, Molla Pənah Vaqifin rəvanlıq verdiyi və Səməd Vurğunun gözəlləşdirdiyi şəkildə – deyə Mahir də əsəbi və uca səslə cavab vermişdi. 

Bir dəfə ondan soruşdum ki, Mahir müəllim, Qəbələ camaatı ilə niyə yola getmirsən? Dedi: “Aya, araq içmirsiniz, çaxır içmirsiniz, o qədər meyvəniz ola-ola araq çəkmirsiniz, çaxır çəkmirsiniz. Meyvə çürüyüb, batıb gedir. Allah sizə meyvə də verib, ağıl da, işləyin da. Niyə Allahın lütfünü qiymətləndirə bilmirsiniz?”

Aradan xeyli keçəndən sonra “ağdaşlıların kafesi” deyilən yerdə Mahir xidmətçidən soruşdu ki, içməyə nəyiniz var? Xidmətçi beş-altı arağın adını çəkdi və sonda dedi ki, “Çaytikanı arağı” da var. Mahir ciddi görkəm aldı: “ Aya, Ağdaşda çaytikanı nə gəzir?” ( O, Azərbaycan rayonlarının hamısının təbiətini, flora və faunasını coğrafiyaçılardan az bilmirdi). Xidmətçi dedi : “Ağdaşdan deyil, Qəbələdən gətiriblər”. Güldük. Yedik, içdik və redaksiyaya gələnədək dörd-beş dəfə dedi:  “Allah qəbələlilərə meyvə də verib, ağıl da. Eşq olsun. Gözəl yaradıblar!” 

Hər günorta saat birin yarısında mənə zəng edirdi ki, İldırım İsmayıl ( mən o zamanlar müxalifət haqqında olan kəskin tənqidləri İldırım İsmayıl imzasıyla yazırdım. Elə bilirdim ki, həmin düşərgədən kimsə mənim uşaqlarıma pislik edər. İnana bilməzdim ki, o düşərgə təmsilçilərinin  mənə edə biləcəyi yeganə pislik elliklə bizim düşərgəyə keçərək məndən üstün YAP-çıya çevrilmələri olacaq) , on dəqiqəyə düş aşağı, gedirik (O redaksiyanın üçüncü mərtəbəsində otururdu, mən beşinci mərtəbədə). Bir dəfə isə qrafikdən beş-altı dəqiqə əvvəl  zəng elədi ki, düş gəl bura. 

Gördüm yanında başqa bir adam da var. Məndən soruşdu: –Sənin əlində Əlikram Hümbətov haqqında yazı var? 

Dedim: – Yox. 

– Get, təcili bir yazı hazırla... 

– Axı nahar...

 – Yox, nahara sonra gedəcəyik...

Getdim hazırladım. Sonra məlum oldu ki, yanındakı adam ona bir cib pul gətiribmiş ki, “Xalq qəzeti”ndə Əlikramı tənqid edən yazı verilməsin. O da məhz həmin adamın yanında yazını sifariş elədi. Konkret mövqeyi və bəyəndiyi siyasətə sədaqəti olan  adam idi. 

Mahirdə xoşuma gələn başqa bir cəhət isə ənənəvi zarafatlarından istifadə edərək yaranmış vəziyyətə uyğun danışa bilməsi idi. Yadımdadır. Bir dəfə kiməsə tapşırıq verirdi. Həmin adam soruşdu ki, bu məsələyə Məmməd müəllimin münasibəti necə olacaq? “ – Aya müavin müavindi da. Məmməd mənə nə deyəcək? O, mənə deyə biləcəyini deyərək, bu redaksiyaya gətirib.”

Başqa bir vaxt isə kimsə ondan kömək gözləyəndə dedi: – Aya, o məsələni birinci müavinlə razılaşdırın. Mən üçüncü müavinəm. 

Allah sənə rəhmət eləsin, Mahir Nəbili! Yenə o günlər olaydı... Olmayacaq. Dekabrın 1-i hələ çox olacaq. Amma sənin ad günün... Allah övladlarına, əzizlərinə kömək olsun!

İttifaq MİRZƏBƏYLİ 


Telegram kanalımız
Избранный
87
50
yenisabah.az

10Источники