Əvvəlki yazımızda “LinkedIn” platformasının tələbələr üçün üstünlükləri və faydalı cəhətlərindən bəhs etmişdik. Bu dəfə isə daha çox ali təhsil müəssisələri üçün “LinkedIn”in istifadə imkanlarından danışacağıq.
Qeyd edim ki, hazırda 830 milyondan çox aktiv istifadəçisi olan “LinkedIn” işaxtaranlar, işəgötürənlər, beynəlxalq təşkilatlar, dövlət və özəl qurumlar, QHT-lər, tələbə və məzunlar, həmçinin ali təhsil müəssisələri üçün faydalı resurs olmaqla yanaşı, müxtəlif formalarda bir çox maraqlı tərəfləri əlaqələndirən, onlara şəbəkələşmə üçün səmərəli mühit yaradan, şəxsi inkişafa həvəsləndirən platformadır.
Azərbaycanda “LinkedIn” istifadəçilərinin sayı təxminən 830 min nəfərdən çoxdur. Lakin qonşu dövlətlər və əhali sayının ölkəmizə bənzər olduğu ölkələrlə müqayisədə bu say bir qədər aşağıdır. Belə ki, qonşu Gürcüstanda əhali sayı Azərbaycandan təxminən 3 dəfə az olsa da, bu platformadan istifadə edənlərin sayı 650 mindir ki, bu da əhali sayına nisbətdə 17-18% aktiv istifadəçi deməkdir. Müqayisə üçün Azərbaycanda bu faiz təxminən 8-9% arasındadır. Digər bir nümunə: əhalisinin sayı ölkəmizə yaxın olan Yunanıstan, Çexiya, Portuqaliya və Macarıstan kimi ölkələrdə müvafiq olaraq 2.4, 2.4, 4.3 və 1.6 milyona yaxın “LinkedIn”istifadəçisi mövcuddur.
Ölkəmizin ali təhsil müəssisələrində məzun platforması sistemi, təəssüflər olsun ki, hələ də arzuedilən səviyyədə inkişaf etməyib. Bu inkişafa isə müəyyən mənalarda ehtiyac var. Bunlardan ən birincisi, universitetlərin məzun birliklərinin formalaşdırılması və onların hazırda təhsil alan tələbələrə dəstək göstərməsindən ibarətdir. Bunun üçün isə “LinkedIn” ən səmərəli vasitələrdən biridir.
Bildiyimiz kimi, Azərbaycan universitetlərinin son illərdə dünya arenasında tanınması, beynəlxalq qiymətləndirmə və reytinq sistemlərində ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması təhsilin qarşısında duran əsas hədəflərdəndir. Beynəlxalq sistemə uyğunluğun önəmli bir hissəsi də eyni kateqoriyadakı uğurlu qurumlarla əməkdaşlıqdır.
“LinkedIn”hesabı ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır:
1)Universitetin fəaliyyətinin nümayiş etdirilməsi və potensial tələbələrin cəlbi
Araşdırmalar göstərir ki, “LinkedIn” platformasında hazırda 129 mindən çox təhsil müəssisəsi qeydiyyatdan keçib. “Forbes”ə görə, “LinkedIn”dən istifadə edən 40 milyondan çox tələbə və yeni məzun var. Bu platforma həmin tələbələrə sadəcə karyera istiqamətində yox, həmçinin tələbə-məzun əlaqələrinin qurulmasında, universitetlərin məzunlar və digər qurumlarla (təhsil müəssisələri, özəl şirkətlər, beynəlxalq təşkilatlar və s.) əlaqə yaratmasında köməklik göstərir. “LinkedIn”universitetlərin özəl şirkətlərlə tələbələrin karyera istiqamətində fəaliyyətlərinə dəstək, korporativ sosial məsuliyyət layihələrinin icrası və s. mövzularda uğurlu əməkdaşlıqlar yaratmasını təşviq edir, həmçinin onlara yeni, xüsusilə də əcnəbi tələbələrin cəlbi üçün əlverişli fürsətlər yaradır. Buna görə də “LinkedIn” ali təhsil marketinqi üçün əla fürsətdir. Təbii ki, bunun üçün müntəzəm olaraq “LinkedIn”də ali təhsil müəssisənizin unikal cəhətlərini vurğulayan keyfiyyətli məzmunlar hazırlamaq lazımdır.
Universitetinizin “LinkedIn” səhifəsini maksimum faydalı etmək üçün bunları edə bilərsiniz:
- universitet reytinqləri, kampusun virtual turları, müraciət və qeydiyyat prosesi haqqında məlumat, universitet həyatına dair görüntülərlə gələcək tələbələri universitet haqqında məlumatlandırmaq;
- kampus xəbərləri, müxtəlif fəaliyyət və təşəbbüslərlə universitet ab-havası, tələbə mühiti, tələbə-müəllim münasibətlərini vurğulamaq;
- tələbə və məzunların universitet barədə təəssüratlarını paylaşmaq;
- tələbə və müəllimlərin akademik, tədqiqat və dərsdənkənar nailiyyətlərini nümayiş etdirmək.