AZ

“Rusiya polisinin soydaşlarımıza qarşı zorakılığı heç də dostluq münasibətlərindən xəbər vermir” — RƏY

“Rusiya polisinin azərbaycanlılara qarşı həddindən artıq zor tətbiq etməsinə son verilməli və aidiyyəti qurumlar tərəfindən adekvat münasibət göstərilməlidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev deyib.

Deputatın sözlərinə görə, Rusiyada azərbaycanlılara qarşı baş verən zorakılıq hadisələri kifayət qədər narahatedicidir və qəti şəkildə pislənməlidir:

“Son günlər bizdə olan məlumatlara görə, bütün bunlar qəsdən törədilmiş cinayətlərdir. Rusiya polisinin soydaşlarımıza qarşı törətdiyi zorakılıq, onlara qarşı diskriminativ münasibət və azərbaycanlıların keçirdiyi şənliklərin, yığıncaqların zor gücü ilə dağıdılması faktları heç də dostluq münasibətlərindən xəbər vermir. Hesab edirik ki, Rusiya hüquq mühafizə orqanları və onun polis strukturu qanunlara əməl etməli, öz vətəndaşları ilə bu cür kobud rəftara yol verməməlidir. Onlar unutmamalıdır ki, bu cür mənfi hallar əks effekt verə bilər”.

Milli Məclisin üzvü əlavə edib ki, biz indiyə qədər Azərbaycan olaraq ölkəmizdə yaşayan bütün etnik azlıqlara, o cümlədən ruslara kifayət qədər mülayim, dostcasına münasibət göstərmişik və biz bunu özümüzün milli dəyərlərimiz hesab edirik:

“Soydaşlarımıza qarşı bütün ölkələrdən, xüsusilə, Rusiyadan eyni münasibəti gözləyirik. Ona görə azərbaycanlılara qarşı Rusiya polisinin həddindən artıq zor tətbiq etməsinə son verilməli və aidiyyəti qurumlar tərəfindən adekvat münasibət göstərilməlidir. Son yaşanan hadisələr Rusiyada yaşayan Azərbaycan icması tərəfindən də sərt şəkildə qınanılıb və narazılığa səbəb olub”.
 


“Düşünürəm ki, Rusiya bu kimi məsələlərdə ehtiyatlı davranmalı, milli azlıqlara qarşı həyata keçirdiyi bu siyasətdə kifayət qədər ölçülü olmalıdır ki, bunun da Rusiyanın ictimai-siyasi sabitliyinə mənfi təsiri olmasın. Açıq danışsaq, Rusiya polisindən bizim soydaşlarımıza qarşı bu cür kobud rəftarı gözləmirdim və fikrimcə, sözügedən məsələnin arxasında bəzi məkrli dairələrin durduğu istisna deyil. Həmin hadisələrin Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına hesablanmış cəhdlər olması ehtimalı da var. Bu baxımdan, sözügedən məsələlər araşdırılmalı və bu barədə ictimaiyyətə açıqlama verilməlidir”, - A.Quliyev vurğulayıb.

Qeyd edək ki, Rusiya polisi Voronej şəhərində yerləşən restoranların birində azərbaycanlıların keçirdiyi məclisə basqın edib. Məclisdə iştirak edən şəxslərin sənədləri yoxlanılıb, 50 nəfərə Rusiya ordusunda hərbi xidmət üçün çağırış vərəqəsi verilib.

Bundan başqa, bu yaxınlarda Rusiya hüquq mühafizə orqanları ölkənin Sankt-Peterburq şəhərində yerləşən “Kurakina dacha” adlı restoranda azərbaycanlıların toyuna basqın edib. Nəticədə məclis yarımçıq qalıb. İlkin məlumata görə, Sankt-Peterburqun hüquq mühafizə orqanlarının əməkdaşları məclisdə iştirak edən bütün şəxslərin sənədlərini yoxlayıblar. Beş nəfərin saxlanıldığı barədə məlumat verilib.

Seçilən
665
2
demokrat.az

10Mənbələr