“Nikol Paşinyanın haqqında danışdığı “Sülh yollarının qovşağı” layihəsinin Sünikdən (Zəngəzur) keçən dəhliz baxımından artıq aktuallığı yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.
“Bu, Paşinyanın məğlub olduğu ideyadır. Nəzəri olaraq o məsələdə Türkiyə, Rusiya və İran iştirak etməliydi, amma indi o dəhliz də heç kimə lazım deyil. Buna görə də Paşinyan dəhliz ideyasını satmağa çalışır, amma heç kim onu almır. Əvvəllər ona təklif edəndə özünü bahalaşdırırdı”, - ekspert bildirib.
Tarasovun sözlərinə görə, Türkiyə bundan sonra Zəngəzur dəhlizi ideyasında israr etməyəcək, Azərbaycan İran ərazisindən keçməklə Naxçıvanla əlaqəsini təmin edəcək.
“Moskva və Tehran yaxın vaxtlarda 160 km uzunluğunda yeni nəqliyyat dəhlizinin, Xəzər dənizi boyunca uzanan və Azərbaycanla sərhədə çatan dəmir yolunun tikintisini başa çatdıracaq”, - politoloq bildirib.
Tarasov “Sizcə, Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizinə ehtiyacı yoxdur” sualına belə cavab verib:
“Potensial olaraq o layihədən əl çəkməyiblər, ola bilsin, bu ideyaya qayıdacaqlar, amma indi yox. Türkiyə normal razılaşma- Zəngəzur dəhlizinin yaradılmasını təklif etdi, amma əvvəlcə ermənilər, sonra İran Azərbaycanın hücuma hazırlaşdığı iddiasını yaydılar”.
Rus ekspertin fikrincə, Azərbaycan bölgədə əlavə gərginliyə yol açmamaq üçün bu ideyadan imtina etsə də, Ermənistan yenidən bu məsələyə qayıtmaq və sıradan çıxmış projeni baha satmaq istəyir. O, artıq İran və Azərbaycanın yeni dəhlizlə bağlı işə başladığını xatırladıb.
“Beləliklə, fransızlar və ya amerikalılar sizə (Ermənistana) kömək etmək istəyirlərsə, qoy etsinlər. Deməli, Ermənistan özünü yerləşdirdiyi yerdə, yumşaq desək, belə dərin çuxurdadır”, - politoloq əlavə edib.
Tarasov Ermənistanın Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması ehtimalından danışarkən cəfəng bir iddiaya da yer verib. Onun iddiasına görə, belə bir şey baş versə, Rusiya Azərbaycan ərazisində hərbi baza yaradacaq.
“Gümrüdəki baza çıxarılsa, Kürdəmirdə, Gəncədə dayanacağıq”, - Tarasov söyləyib.