AZ

Bakı Qlobal İqlim Şəffaflığı Platforması- "yaşıl mühit" uğrunda mübarizədə yeni hadisə...

Image

İqlim dəyişikliklərinə qarşı mübarizə məqsədilə bu gün Azərbaycan genişmiqyaslı fəaliyyət həyata keçirir. Xüsusən də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində çoxsaylı qərarların qəbulu və təşəbbüslərin irəli sürülməsi gözlənilir.  

COP29-un baş danışmanı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qeyd edir ki, COP29 zamanı 60 sənədin qəbul olunması nəzərdə tutulur: “Ümumiyyətlə, noyabrın 11-dən 22-dək keçiriləcək COP29 çərçivəsində 20-dən çox rəsmi nümayəndə ilə enerji məsələləri, kənd təsərrüfatı, texnologiya və digər mövzularda 60-dan çox sənədin qəbul olunması gözlənilir. Bu, baş tutmuş son 5 Tərəflər Konfransı arasında ən çox sənədin qəbul olunacağı COP olacaq”. 

COP29 çərçivəsində maliyyələşmə mövzusunda Yeni Kollektiv Cəmiyyət Hədəfi adlı sənədin də qəbul olunması gözlənilir. Hesab olunur ki, bu sənəd əksər dövlətlər üçün bir növ Paris Sazişinin əhəmiyyətinin qalıb-qalmaması üçün bir sınaqdır. Əgər bu sənəd qəbul olunsa, bütün inkişaf etməkdə olan ölkələr zəruri maliyyə ilə təmin olunacaqlar ki, öz iqlim fəaliyyətlərini maliyyələşdirsinlər. Təbii ki, bütün bunlar Azərbaycanın mühüm uğuru olacaq. Əslində, COP29-a qədər də Azərbaycan mühüm uğurlara imza atıb. Bunlardan biri də Bakı Qlobal İqlim Şəffaflığı Platformasına start verilməsidir. Onun məqsədi Tərəflər Konfransının  arasında inam və etimad yaratmaqla yanaşı, həm də inkişaf etməkdə olan ölkələrə İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməkdir. Bundan əlavə, sözügedən platformanın hədəfi Genişləndirilmiş Şəffaflıq Çərçivəsində universal iştirakı təşviq etmək və şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirməkdir. Bu platforma sayəsində dünya ictimaiyyəti görülən işlərin gedişatını daha yaxşı izləyərək etimad yarada biləcək və iqlim dəyişmələrinin təsirləri ilə mübarizə üçün əlavə fəaliyyət və investisiya tələb edən sahələri müəyyən edəcək. Bakı Qlobal İqlim Şəffaflığı Platformasının birinci mərhələsi çərçivəsində əsas məqsəd İkiillik Şəffaflıq Hesabatlarının 2024-cü ildə təqdim olunmasını təmin etməkdir. İkinci mərhələdə isə platforma Genişləndirilmiş Şəffaflıq Çərçivəsində icrası və bu layihədə universal iştirak üçün məqsədyönlü dəstək göstərməklə yanaşı, ölkələrin həm 2024-cü ildə, həm də sonrakı dövrdə həyata keçirdikləri işlərin dinamikasını izləməyə davam edəcək.

Hesab olunur ki, sözügedən platforma hökumət, beynəlxalq təşkilatlar, QHT-lər və özəl sektor da daxil olmaqla, cəmiyyətin bütün sahələrindən olan maraqlı tərəflər arasında əməkdaşlıq və koordinasiya məkanı olacaq. Tərəflərin İkiillik Şəffaflıq Hesabatlarını  hazırlaması və Genişləndirilmiş Şəffaflıq Çərçivəsində iştirakı ilə bağlı təcrübə, çətinlik və uğurların paylaşılmasını təşviq etməklə, Bakı Qlobal İqlim Şəffaflığı Platforması kollektiv səyləri daha da artıracaq. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil bunlar fonunda Bakı Qlobal İqlim Şəffaflığı Platformasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır: “İqlim dəyişiklikləri dünya ölkələrində daşqınlar və digər təbii fəlakətlərlə müşayiət olunur, heç bir ölkə bu təsirlərdən kənarda qalmır. İqlim dəyişikliyi bütün ölkələr üçün ciddi təhdiddir və həmin təhlükəyə qarşı birlikdə tədbirlər həyata keçirilməlidir. Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynayacaq. Bu platforma iqlim dəyişiklikləri ilə mübarizədə şəffaflığı təmin edəcək, dövlətlər və təşkilatlar arasında əməkdaşlığı gücləndirəcək və qlobal miqyasda iqlim siyasətlərinin daha effektiv həyata keçirilməsinə töhfə verəcək. İqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi olduqca əhəmiyyətlidir. Bakı Qlobal Şəffaflıq Platforması bu istiqamətdə əsas vasitələrdən biri olacaq və qlobal səylərin birləşdirilməsinə imkan yaradacaq”.

O, COP29 konfransında beynəlxalq əməkdaşlığın vacibliyini bir daha vurğulayaraq qeyd edib: “İqlim dəyişiklikləri ilə bağlı şəffaflıq hesabatlarının hazırlanması, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün daha çətindir. Bu çətinliklər resurs çatışmazlığı, texniki imkanların məhdudluğu və institusional dəstəyin yetərsizliyi ilə əlaqəlidir. Məhz bu səbəbdən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası bu ölkələri dəstəkləyir. BMT-nin bu dəstəyi inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizədə daha fəal iştirak etməsinə və beynəlxalq miqyaslı cəhdlərə töhfə verməsinə imkan yaradır. Bu əməkdaşlıq, həmçinin, qlobal iqlim məqsədlərinə nail olunmasında vacib rol oynayır. COP29 çərçivəsində bu mövzuların müzakirəsi, iqlim dəyişikliyi ilə mübarizədə daha inklüziv və ədalətli yanaşmaların tətbiq olunmasının zəruriliyini bir daha göstərir”. Onu da xatırladaq ki, Azərbaycan bu il sentyabrın 25-də BMT-nin 79-cu Baş Assambleyasında qlobal iqlim şəffaflığı üzrə yüksək səviyyəli dialoq da təşkil edəcək. Ekspertlər qeyd edir ki, bütün bunlar olduqca mühümdür. Məsələ burasındadır ki, əgər 30 il əvvəl bəşəriyyət atmosferə ildə 33 milyard ton karbon qazı buraxırdısa, hazırda bu rəqəm ildə 54 milyard tondur. Bu gün karbon qazının konsentrasiyası Yer kürəsinin son 2 milyon il ərzində gördüyü, metan və azot oksidləşməsi isə son 800 min ildə müşahidə edilən ən yüksək səviyyədədir. Bu durumda iqlim dəyişikliyinin vurduğu ziyanı azaltmağa kömək edəcək mühüm iqlim qərarları qəbul edilməlidir. Elə bu fonda da COP29-a ümidlər böyükdür. 

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
50
baki-xeber.com

10Mənbələr