AZ

Estetik əməliyyat zamanı pasiyenti ölən həkimin direktor olduğu mərkəz əmək hüquqlarını pozdu

"AzE Estetik Mərkəz" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır.

 

Qeyd: Yasamal Rayon Prokurorluğu sentyabrın 9-da “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova ilə bağlı məlumat yayıb. Bildirilib ki, cari il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlaması, növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

 

Xəyal Quliyev

Tarix: 10 Sentyabr 2024, 09:58   
Seçilən
13
3
pravda.az

4Mənbələr