AZ

Məhkəmə əməliyyat zamanı pasiyentin öldüyü estetik mərkəzlə bağlı qərar verdi

"AzE Estetik Mərkəz" MMC əmək qanunvericiliyini pozduğuna görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, əmək qanunvericiliyinin pozulmasına görə fiziki şəxslər 1000 manatdan iki 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, Yasamal Rayon Prokurorluğu bu il sentyabrın 9-da “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova ilə bağlı məlumat yayıb. Bildirilib ki, cari il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlaması, növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

 

Seçilən
0
3
iqtisadiyyat.az

4Mənbələr