AZ

Akademik: Azərbaycanlı alimlərin forumu ölkə elminin dünyada tanınmasına töhfə verəcək

Akademik: Azərbaycanlı alimlərin forumu ölkə elminin dünyada tanınmasına töhfə verəcək

Xəbər verdiyimiz kimi, Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilir. Tədbirdə 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, yerli akademiklər və universitet rektorları Forumu yüksək qiymətləndiriblər. Onlar tədbirin təşkilini Qarabağın gələcəyinin müəyyən edilməsi istiqamətində düşünülmüş bir addım kimi dəyərləndiriblər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin fikrincə, bu cür tədbirlər dövlət səviyyəsində yaradılan uğurlu platformadır. Forum bu günə qədər fərdi halda, şəxsi təşəbbüslə formalaşan əlaqələrin təşkilatlanmış və planlı şəkildə istiqamətlənməsinə müsbət təsir edəcək.

“Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun keçirilməsi Qarabağın gələcəyinin müəyyən edilməsi üçün düşünülmüş bir addımdır. Forum Azərbaycan elminin yeni donorlarla zənginləşməsinə və dünyada tanınmasına töhfə verəcək”, - deyə akademik vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev bildirib ki, Forumun keçirilməsi müasir Azərbaycan dövlətinin elmi inkişaf istiqamətində maraqlarına uyğundur. Onun sözlərinə görə, bu tədbir qlobal dünyada gedən proseslərlə ayaqlaşmaq istiqamətində yeni vəzifələrin müəyyənləşməsi, problemlərin aşkarlanması və bu işə azərbaycanlı alimlərin qoşulması üçün də mühüm əhəmiyyət daşıyır.

Diasporumuzun birləşməsinin və Azərbaycanın maraqlarına xidmət etməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova hazırda da bu prosesin uğurla davam etdirildiyini vurğulayıb. O deyib: “Sevinirəm ki, bu proses bu gün də davam edir, diasporumuz daha da təşkilatlanır. Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunu elm və təhsilimizin xeyrinə təşkil olunan mühüm tədbir hesab edirəm. Bu gün bütün dünyada müxtəlif sahələrdə fəaliyyət göstərən insanların birlikləri yaranır və fikrimcə, alimlərimizin, mütəxəssislərimizin bir yerə toplaşıb belə müzakirələr aparmaları çox faydalıdır. Panellər zamanı geniş müzakirələr aparılır, maraqlı təkliflər olur. Forumun işini müsbət qiymətləndirirəm”.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə bildirib ki, Forum xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin yaradılmasına, elmi mübadilələrin aparılmasına imkan yaradacaq. “Biz bu Forumun nailiyyətlərindən istifadə edəcəyik”, - deyə o diqqətə çatdırıb.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
4
ilk.az

5Mənbələr