“Əl-Nəsr”in portuqal veteran ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo bu “qoca” yaşında “top qovmağa” nədən ilhamladığını açıqlayıb.
Arena.az məlumat verir ki, veteran ulduz bu haqda özünün şəxsi “YouTube” kanalında söhbət açıb:
“Dünən axşan ailəm və anamla şam etdik və biz Avropa çempionatında baş vermiş bəzi vəziyyətlər haqqında söhbətləşdir. Hələ də oyuna həvəsim var. Mən futbola giriftaram, həzz aldığım üçün bu yaşımda belə, qollar vurmağa və yaxşı səviyyədə oynamağa aludəyəm”, deyə “Kriş” vurğulayıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 4 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 68 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.
Kristiano Portuqaliya yığmasının heyətində 214 oyun keçirib, 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.