Misli Premyer Liqasının 6-cı turu qonaqlar üçün uğursuz bitdi. Yalnız “Turan Tovuz” “Sabah”ı büdrətdi, digər matçlarda isə ev sahibləri qələbə qazandı.
Amma tur qərblilərin uğurlu seriyasının bitməsi ilə də yadda qaldı. Tovuzlular mövsümdə ilk dəfə öz qapısından top buraxdı və 4 oyunluq qələbə seriyası bitdi. Lakin komanda hələ də zirvədədir. Düzdür, bir oyunu ehtiyatda olan “Qarabağ” potensial liderliyi ələ keçirdi, bununla belə, hazırda məhz Kurban Berdıyevin yetirmələri hamıya yuxarıdan aşağı baxır.
Bu turadək tovuzluların uğurlu çıxışına şübhə var idi. Qərblilərin hesabda geri düşdükdən sonra özünü necə göstərəcəyi maraq doğururdu. Dünən komanda iki dəfə bunun öhdəsindən gəlib “Sabah”dan xal ala bildi. Deməli, “Turan Tovuz”un 6 oyunluq məğlubiyyətsizliyi təsadüfi deyil. Berdıyev təcrübəsi ilə məhdud heyəti komandaya çevirə bilib. Qonaqlar “Sabah”la matçda döyüşdü, heyətdəki itkiləri hiss etdirmədən “Sabah”la başabaş futbol oynadı.
“Sabah” 3-cü pillədə qalsa da, evdə bu qədər xal itkisi iddialı komandaya yaraşmır. “Qarabağ” məhz bu səbəbdən həmişə önə çıxır. Ağdamlılar avrokuboku düşünə-düşünə xallarını toplayır. Çempion bəzən istənilən kimi oynamır, bununla belə, udulması lazım olan matçlarda ağırlığını ortaya qoyur. Necə ki, “Səbail” məğlub edildi.
6 oyuna 4 xal – bu, xilaskar kimi gətirilən Roman Qriqorçukun fiaskosudur. Hələ də “Neftçi”yə qələbə qazandıra bilməyən təcrübəli mütəxəssis istefaya hazırlaşa bilər. Çünki onun bəhanəsi də qalmayıb. Bakılıların başqa problemləri ola bilər, amma heyətlə bağlı hər şey ukraynalı məşqçinin istədiyi kimi həll olunub.
Dünən “Zirə”yə qarşı matçda “Neftçi”nin start heyətində 6 yeni futbolçu var idi və onlar komanda quracağını deyən Qriqorçukun seçdikləridir. Deməli, məşqçinin istəkləri nəzərə alınıb, nəticə yoxdursa, getmək haqqında düşünmək olar. O, hələlik üzr istəməklə kifayətlənir, amma üzr xal gətirmir.
6 turdan sonra əsas rəqib olan “Qarabağ”dan 8 xal geri düşmək ciddi problemdir. Ağdamlıların ehtiyatda bir oyununun qaldığını, daha iki komandanın çox irəli qaçdığını nəzərə alsaq, ukraynalıya zaman vermək yersiz vaxt itkisidir. Növbəti turda məhz “Qarabağ”la matç Qriqorçukun son şansı olmalıdır. Avrokuboku düşünən, ikinci heyətlə oynayacaq çempionu yenmək mümkün olmasa, vida qaçılmazdır.
Bəzən yersiz xal itkilər olsa da, “Zirə”ni üst pillələrdə saxlayan məhz əsas rəqibləri üzərində qələbədir. “Qartallar” “Neftçi”ni yenməklə məhz bunu bacardı. İndi arada 5 xallıq fərq yaranıb, bu isə kifayət qədər sanballı üstünlükdür. Rəşad Sadıqov rəqibinə oynamaq imkanı vermədən rahat qələbəni təmin etdi.
Liderlər qrupunda olan daha bir sürpriz komanda “Araz-Naxçıvan”dır. Elmar Baxşıyevin yetirmələri layiq olduğu xalları yığıb, amma komanda heç də sabit oynamır. Son turda “Kəpəz” in məğlub edlməsində bəxt amili və qonaqların yeni transferinin uşaq səhvi həlledici oldu. Muxtar respublika təmsilçisi autsayderlə aşkar üstün olmadığı matçda 3 xalı cibinə qoyub rahat nəfəs aldı. Amma naxçıvanlılar ötən mövsümə də belə başlamışdı, çempionatın sonunda isə az qala Premyer Liqanı tərk edəcəkdilər.
3 oyundur uduzmayan “Şamaxı”nın bu müddətdə qol buraxmaması qeyd edilməlidir. 5 matçda cəmi 1 dəfə yenilən Ayxan Abbasovun yetirmələrinin “Sumqayıt”ı məğlub etməsi isə orta pillələrə yüksəlməyə kifayət etdi. Debütant tempi saxlaya bilsə, autsayderlərdən xeyli uzaqlaşacaq. Bu baxımdan növbəti turda “Kəpəz”lə oyun xüsusilə əhəmiyyət daşıyır.
Klubdaxili problemlərə meydan olan “Sumqayıt”la “Səbail” toparlanmasa, elitada qalmaq uğrunda mübarizənin iştirakçısına çevriləcəklər. Yəqn ki, “Neftçi” yuxarı qalxmağa güc tapacaq, amma “Kəpəz”in işi çətindir. Baş məşqçi dəyişikliyindən sonra heyət qismən güclənsə də, Azər Bağırov bu yükü çəkəcək məşqçi deyil. Gəncəlilərə yalnız “Sumqayıt”la “Səbail”in özünə gəlməməsi yardım edə bilər.
6 tur başa çatıb. 2 oyunu təxirə salınan yarışda hələlik məğlubiyyətsiz irəliləyən yanız “Turan Tovuz”dur. Ölkənin daha kik tarixi klubu isə fərqli aqibət yaşayır. “Kəpəz” mövcud imkanlar üzündən bəlkə də indiki aqibətə layiqdir, amma “Neftçi”nin də indiyədək qələbə qazana bilməməsi fiasko sayılmalıdır.
AĞA