Ölkənin ən titullu klublarından biri “Neftçi” hazırda autsayderlər sırasında qərarlaşıb. Ən pisi odu ki, qələbəyə həsrət qalan “ağ-qaralar” üçün işıq ucu da görünmür. Vaxtilə “Qəbələ” ilə parlaq nəticələr göstərən Roman Qriqorçuk da vəziyyətdən çıxış yolu tapa bilmir. Bəs “Neftçi”nin problemini mütəxəssislər nədə görür? Arif Əsədovla Vidadi Rzayevə tribuna verdik.
Arif Əsədov:
“Neftçi"də baş verənləri, klub daxilində nələrin dövr etdiyini deyə bilmərəm. Çünki kənardan baxanda dəqiq bilmirik. Sadəcə, bu uğursuzluq "Neftçi" adına heç də yaxşı hal deyil. Yadıma gəlmir ki, “ağ-qaralar” 6 tur ərzində bir qələbə belə qazanmasın. Bu baxımdan vəziyyət normal deyil. Yarım il olacaq ki, yeni baş məşqçi, həm də Azərbaycanı tanıyan Qriqorçuk gəlib. O təyinat alanda hamı, xüsusilə də "ağ-qaralar"ın azarkeşləri ümidli idi. Vaxtilə Qəbələdə gördüyü işinə görə tanıyırdılar. Burda neçə transfer etdi. Görünür, o da öz oyununu, istədiyi oyunu tapa bilməyib. Çıxış yolu demək çətindi. Təbii ki, kənardan baxıb rəy vermək olmur. Klub özü yaxşı bilir nəyi necə etmək lazımdı”.
Vidadi Rzayev:
“Həmişə demişəm ki, “Neftçi" "Kəpəz"in bir qədər varlı variantıdı. Bu dəfə də məğlub oldular. Hər ikisində də problem baş məşqçidə deyil. Qriqorçuk da orda heç nə edə bilməyəcək. Rəhbərlik yerində olmayan adamlardı. Neçə məşqçi dəyişib ki, hamısı da təcrübəli adamlar idi. Deməli, günah rəhbərlərdədi. Transfer siyasətini kim aparır, kim edirsə, günahkar onlardı. Gələnlər hamısı özünə görə savadlı baş məşqçilərdi. O qədər baş məşqçi dəyişməz. Bir ucdan transfer edirlər, hələ ortalıqda heç nə yoxdu. Hamısı da deyir, gözləyin, yaxşı olacaq. Sonda da "bağışla, əmələ gəlmədi". Qriqorçuk da qınanılası deyil. Düzdü, günahın bir qismi onun üzərinə düşür. “Filan oyunçunu transfer edirəm”, “yaxşıdı” deyə ümid verirdi. Halbuki yeni transferlərə baxanda bizim oyunçulardan seçmək olmur, heç bir fərqi yoxdu. "Neftçi" kimi komandaya belə transferlər yaraşmaz. "Qarabağ" bir il ərzində 3-4 sanballı, lazımi futbolçu cəlb edir. Bunlar isə ucdantutma dəyişirlər. Bunların hamısı da maliyyədi. Müqaviləni bağlayıb, sonra deyir səhv etdim, təzminatı verib göndərirlər. Yəqin ki, premyer-liqada qalmaq uğrunda "Kəpəz"lə "Neftçi" arasında mübarizə gedər. İnanmaq istəmirəm ki, komanda belə vəziyyətə düşsün. "Neftçi" bu duruma düşməməliydi. Ora gələn məşqçilərin hamısı biliyi, savadı və təcrübəsi olanlardı. Sadəcə, transfer məsələsini necə edirlərsə, bilmirik. Amma rəhbərlik yüzdəyüz günahkardı. Baş məşqçi təyin olunmamış klub transfer edir, belə şey olmaz. Dünya futbolunda belə şey yoxdu. Qriqorçuk da gələndə belə gördü. Hamısını göndərmək üçün təzminat verməlisən, bu da külli məbləğdi. Klubun pullarını havaya sovuranlar ordan uzaqlaşdırılmalıdı. Həm də transferlərdə şəffaflıq yoxdu. Filan oyunçunu neçəyə aldılar, necə etdilər, bunların hər birini deməlidilər. Yalandan bu klubdan gəlib, nə bilim, necə min ora, neçə min bura verdik deməklə olmaz. Hamısı yoxlanılmalı, şəffaf şəkildə açıqlanmaldı. Yəni dünya futbolunda belədi. Bircə "Qarabağ"da bilinir ki, hansısa oyunçunu necə aldılar, nə qədər pul xərclədilər, müqaviləsi də necədi. Başqa klublarda isə heç nə açıqlanmır. Qriqorçuk deyirsə ki, mənim razılığım olmadan futbolçu gətirilmir, deməli, günah onun özündədi, transferi düzgün etmir. Bəh-bəhlə gətirdiyi oyunçular heç də bizimkilərdən seçilmir. Səhv baş məşqçidədi, Qriqorçuk getməlidi. 6 oyuna 4 xal - "Neftçi" tarixində belə şey olmayıb. Kimi gətirib baş məşqçi qoysan, 6 oyuna 4 xal yığmaz. Onda Roman özü rəhbərin "əl-üzünü yuyur".Yaxşı, rəhbərlik demirmi bu nə nəticədi, nə qədər gözləyək? Mutu gələndə "Qarabağ"ın hegemonluğuna son qoysun şərti qoyulmiuşdu. Amma bu il də elə onlar çempion olacaq. İndiki vəziyyətə Roman da son qoymursa, o da getməlidi. Futbolçuları özü seçdiyi halda, 6 oyuna 4 xal yığa bilibsə, deməli, normal deyil. Deyirlər ki, komandada qruplaşma var. Bu hal varsa da baş məşqçinin günahıdı, heç kimin təqsiri yoxdu. Qara Qarayev kimi futbolçunun üstündən xətt çəkib atmaq, əvəzedici heyətə göndərmək düzgün deyil. Qriqorçuk, yəqin ki, bizim mentallığı bilmir. Qara Qarayev kimi Azərbaycan futboluna xeyir vermiş futbolçunu göndərmək düzgün deyil. Yaxşı onun yerinə gətirdiyi kimdi? Futbolçunun pasportu meydançadı. Qara da pis oynamırdı. Sadəcə, məşqçi günahkardı. Qruplaşma varsa, onun da günahkarı məşqçidi. Çünki qruplaşmanı məşqçi də yarada bilər. Hamısı futbolçulara olan münasibətdən irəli gəlir. Gələn kimi Emin Mahmudovu da sıxma-boğmaya salıb. Bilmirsən necə nəticə göstərəcək, əvvəldən saymırsan. Amma fakt millidə normal oynadı. Onu ehtiyatda saxlayır, nə eksperiment edir, baş aça bilmirəm. Getsin başqa yerlərdə eləsin, amma bu klubda yox. “Neftçi” çempionluğa oynayan komanda olmalıdı. Qriqorçuk qala-qala, rəhbərlik futbolçunu əvəzedici heyətə göndərirsə, deməli, orda işləməməlidi. Sözün keçmirsə, ora sənin yerin deyil. Gətiriblər, sabah gedəndə kompensasiya istəyəcək. Onun dərdindən müqaviləni bitməsini gözləyirlər. "Neftçi”ni əllərində oyuncaq ediblər. Yaxşı mütəxəssislərimiz var. Tərlan Əhmədov komandanı 3-cü pilləyə çıxardı, avrokuboklarda oynatdı. Sonra da qovdular. Arif Əsədov da orda işləyib. Gətirsinlər, baxsınlar necə işləyir. Gərək mütləq əcnəbi olsun?”.
RÖYANƏ OĞUZ