AZ

Astanada Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirilib – FOTOLAR

Qazaxıstanın paytaxtı Astana şəhərində İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması üzrə Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropa regionu üzrə keçirilən tədbir çərçivəsində COP29 sədrliyinin “Bakı Qlobal İqlim Şəffaflığı Platforması”nın (BTP) təqdimatı olub. Azərbaycanın təşəbbüsü və həmtəşkilatçılığı ilə keçirilən sözügedən tədbirin tərəfdaşları qismində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA), Qazaxıstanın Beynəlxalq İnkişaf Agentliyi (KazAID), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) çıxış edib. Təlim seminarında ümumilikdə qeyd olunan region üzrə BTR-ların hazırlanmasına məsul 50-dən çox ekspert iştirak etmişdir.

KONKRET.az xəbər verir ki, tədbirə Qazaxıstanın ev sahibliyi etməsi regionumuzda ilk dəfə baş tutacaq COP-a regional konteksdə verilən önəmin göstəricisidir. Tədbirin açılış mərasimində Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək, Azərbaycanın COP29 sədrliyi və bu çərçivədə həyata keçirilən qlobal təşəbbüslər, o cümlədən BTP barədə məlumat vermişdir. Nazir müavini BTP-nin əsas məqsədinin tərəfdaş dövlətlər arasında inam və etimad yaratmaq, eləcə də inkişaf etməkdə olan ölkələrə BTR-lərin hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməklə yanaşı, Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) universal iştirakı təşviq edərək şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirmək olduğunu vurğulamışdır. O, bildirmişdir ki, BTP hökumət, beynəlxalq təşkilatlar, QHT-lər və özəl sektor da daxil olmaqla, cəmiyyətin bütün sahələrindən olan maraqlı tərəflər arasında iqlim şəffaflığı sahəsində əməkdaşlıq və koordinasiya məkanı olacaq.

Tədbirdə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər naziri Yerlan Nyssanbayev, Qazaxıstan Respublikası Prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymanova, həmçinin UNFCCC və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək, Azərbaycanın COP29 sədrliyinə dəstəyini ifadə etmiş, ölkəmizin iqlim şəffaflığı sahəsində səylərini yüksək qiymətləndirmişlər. Çıxışçılar COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində önəmli təşəbbüsü olan BTP-nin əhəmiyyətini vurğulamış, bu təşəbbüsün ölkələrin BTR-larının hazırlaması və ETF-də iştirakı ilə bağlı təcrübə və uğurlarının paylaşılması üçün qlobal fəaliyyətə töhfə verəcəyini ifadə etmişlər.

Xatırladaq ki, 3 sentyabr tarixində Bakıda keçirilən Qlobal İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq zamanı Azərbaycan COP29 sədri qismində BTP-ni təsis etmişdir. BTP-yə qlobal dəstəyin təmin olunmasının təşviqi məqsədilə COP29 sədrliyinin təşkilatçılığı ilə 9-11 sentyabr tarixlərində Toqo və Keniyada baş tutan Afrika regionu ölkələri üçün BTR-ların hazırlanmasına həsr olunan tədbirlərdə BTP-nin təqdimatı keçirilmişdir. BTP-nin qlobal təşviqi üzrə növbəti yüksək səviyyəli tədbirin BMT-nin Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində 25 sentyabr tarixində Nyu-Yorkda keçirilməsi planlaşdırılır.

Seçilən
54
12
konkret.az

10Mənbələr