Azərbaycanın əlverişli coğrafi mövqeyi onun həm Cənubi Qafqaz regionunun, həm də qonşu regionların aparıcı nəqliyyat mərkəzlərindən birinə çevrilməsinə imkan yaradıb. Əlverişli coğrafi imkanlardan məharətlə istifadə edən Azərbaycan hökumətinin son 20-25 ildə həyata keçirdiyi layihələr hesabına ölkəmiz indi qlobal nəqliyyat xətlərinin kəsişdiyi şəbəkəyə çevrilib.
Gundem.az bildirir ki, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi onun strateji mövqeyini möhkəmləndirir. Hazırda Azərbaycan ərazisindən bir neçə mühüm nəqliyyat dəhlizi keçir.
Bunlardan TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi), Orta dəhliz Marşrutunun (Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə/Qara dəniz-Avropa), Şərq-Qərb aşağı dəhlizinin (Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə/Qara dəniz-Avropa), Şimal-Cənub Marşrutunun (Baltik dənizi-Rusiya-Azərbaycan-İran-Hindistan), Cənub-Qərb Marşrutunun (Hindistan-Fars körfəzi-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa) adını çəkmək olar.
Bu dəhlizlər üzrə artıq bir neçə dəmir və avtomobil yolu, neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik enerjisi xətləri fəaliyyət göstərir.
Adıçəkilən dəhlizlərin tərkib hissəsi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Supsa neft kəməri, Bakı-Novorosiysk neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmiryol xətti fəaliyyət göstərir. Bunlardan başqa Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələtdə), Bakı Heydər Əliyev adına hava limanı, Gəncə, Qəbələ, Zaqatala, Lənkəran, Naxçıvan, Füzuli və Zəngilan hava limanları da dəhlizlərin mühüm elementlərindən biridir.
44 günlük II Qarabağ müharibəsindən sonra regionda yeni reallıq yaranıb və Zəngəzur dəhlizi aktuallaşıb. Bundan başqa Rusiya-Ukrayna müharibəsi başalayandan sonra Rusiyaya qarşı sanksiyalar görə ənənəvi ticarət yolları bağlanıb və istehlak zənciri pozulub. Bu da Şərq-Qərb (Avropa-Qafqaz-Asiya və ya Orta Dəhliz) və Şimal-Cənub nəqliyyat dəhlizlərinə marağı artırıb.
Diqqətlərin yönəldiyi Azərbaycanda beynəlxalq nəqliyyat infrastrukturunun genişlənməsi onun təhlükəsizlik məsələsini də ön plana keçirir.
Azərbaycan indiyə qədər təhlükəsizliklə bağlı sınaqlardan üzüağ çıxıb, ölkəmizdən keçən nəqliyyat dəhlizlərində hər hansı problemlər yaranmayıb. Ölkəmiz təhlükəsiz məkan kimi tanınır və o, həm ikitərfli, həm də çoxtərəfli əməkdaşlıq müstəvisində etibarlı tərəfdaşa çevrilib.
Bu fəaliyyət istiqamətində xüsusi xidmət orqanları böyük işlər görüb. Azərbaycanın xüsusi xidmət orqanları xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycanın milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində uğurlu əks-kəşfiyyat, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirib.
Bu məsələ ilə bağlı xüsusilə vurğulamalıyıq ki, yaxın günlərdə Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index, itu.int/GCI) hesabatı dərc edilib. Azərbaycan reytinqdə 100 mümkün xaldan ümumilikdə 93,76 xal toplayıb və yeni metodologiyaya əsasən “təkmil səviyyə”də qərarlaşıb.
Lakin bununla belə müasir çağırışlar beynəlxalq nəqliyyat şəbəkələrinin təhlükəsizliyində ölkələrin geniş tərkibdə əməkdaşdaşlığını da tələb edir və bu istiqamətdə daha çox ölkəni özündə birləşdirən platformanın yaradılması böyük əhəmiyyətə malikdir.
Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu təhlükəsizliklə bağlı əməkdaşlığın genişləndirilməsi baxımından böyük imkanlar yaradacaq.
Tədbirin ən mühüm nəticələrindən biri Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılması olub. İştirakçı ölkələr bu təklifi yekdilliklə dəstəkləyiblər.
Foruma qatılan ölkələrin birgə səyləri enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qarşısının alınmasında, ümumi fəaliyyətin səmərəliliyinin artırılmasına böyük töhfəsi olacaq.
Xüsusən COP29 tədbiri ərəfəsində belə bir imkanın yaradılması daha böyük əhəmiyyətə malikdir.
Artıq Azərbaycan dəyişən qlobal şəraitdə sürətlə yeni imkanlar əldə edir, ölkəmizin iqtisadi, siyasi rolu artır, bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sırası genişlənir. Ölkəmizin təhlükəsizlik sahəsində əldə etdiyi uğurları, Azərbaycanın təhlükəsiz məkana çevrilməsi bu əməkdaşlıq platformasının genişlənməsinə mühüm töhfələr verir. (Sfera.az)