“Qarşıdan gələn noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya səfər edəcək. Bu məqsədlə Ermənistan daxil olmaqla, bütün ölkələrə dəvət göndərilib. Ancaq Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat mövcud deyil. Ermənistanın Baş naziri Nikol Paşinyan da bu barədə açıqlamasında qəti fikir bildirməyib”.
Bu sözləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın bu tədbirə gəlməsi gözlənilirmi? Paşinyanın bu dəvətlə bağlı qərarı sülh müqaviləsinin imzalanması prosesinə təsir edə bilər?
Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.
“Paşinyanın COP29 zirvə toplantısında iştirak etməsi an məsələsi də ola bilər. Yəni iki ölkə arasında elə müsbət bir addım atıla bilər ki, bu Paşinyanın Bakıya gəlməsini zəruri edər. Bildiyimiz qədər Paşinyanın Bakıya gəlməsi ilə bağlı rəsmi İrəvan heç bir məlumat yaymayıb. Bu toplantıda iştirak üçün Ermənistan Ekologiya nazirliyinə dəvət göndərilib. Fikrimcə, Ermənistan bu sammitdə Ekologiya nazirliyi səviyyəsində də iştirak edə bilər”.
Siyası şərhçi bildirib ki, Ermənistan Baş nazirinin Azərbaycanda keçirilən COP29-da iştirak etməzsə, bu, heç bir qeyri-adi anlama gəlməyəcək.
“Ermənistan və Azərbaycan arasında normal münasibət yoxdur. Azərbaycan-Ermənistan arasında nə sülh sazişi, nə sülh müqaviləsi imzalanmayıb, sərhədlər müəyyən deyil və s. çoxsayılı amillər var ki, Ermənistan Azərbaycana bu səbəblərdən səfər etməyə bilər. Ermənistanın Azərbaycana səfər etməsi üçün münasibətlərin normallaşması ilə bağlı, sülhlə bağlı ciddi addımların atılması vacibdir. Ermənistan Azərbaycanı düşmən sayır. Belə olan halda Paşinyanın Azərbaycanda toplantıda iştirak etməsi hələ ki mümkün görünmür”.
Sədrəddin Soltan vurğulayıb ki, sözügedən səfər ikitərəfli danışıqların aparılması üçün də güclü təkan verə bilər.
“Ermənistan Baş Nazirinin Bakıda keçirilən zirvə toplantısında iştirak etməsi və yaxud etməməsinin sülh sazişinə heç bir aiddiyatı yoxdur. Bunlar təmamilə fərqli məsələlərdir. Lakin bu səfərin başqa müsbət təsirləri ola bilər. Nikol Paşinyan Bakıya səfər edərsə, bu, iki ölkənin bir-birinə xoşməramlı münasibətinin göstəricisi ola bilər. Bununla da hər iki tərəf sülh məsələsində, sərhədlərin müəyyənləşməsi məsələsində atdıqları addımla əlaqədar etimadı möhkəmləndirə bilərlər”.
Fidan Vəlisoy