AZ

“Qrupdan üzüağ, alnıaçıq çıxacağımıza inanıram”

Çexiya yığması ilə yoldaşlıq oyunları keçirəcək futsal üzrə Azərbaycan millisi hazırlığını Zlin şəhərində davam etdirir.

Futbolinfo.az xəbər verir ki, dünən ilk məşqinə çıxan komandamız bu gün oyunöncəsi son çalışmasını yerinə yetirəcək.

Millinin üzvü Oktay Rüstəmli oyunlara hazırlıq barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib: “Sentyabrın 10-dan milli komanda təlim-məşq toplanışına başlayıb. Əvvəlcə Bakıda hazırlaşdıq. İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verildi, daha sonra taktiki planda təmrinləri yerinə yetiririk. Dünən isə Zlin şəhərinə gəldik. Bu hazırlıq Çexiya ilə keçirəcəyimiz yoldaşlıq oyunları üçündür. Əlbəttə, yoldaşlıq görüşləri olsa da, meydana millinin formasında çıxacağıq və belədə məqsədimiz matçın statusundan asılı olmayaraq, qələbə qazanmaqdır. Hələ ki, futzal mövsümünün əvvəli olduğuna görə, hər kəs formasının pik səviyyəsində deyil. Müəyyən axsamalar var, amma bunlar tədricən aradan qaldırılacaq”.

O, komandada ab-havanın yaxşı olduğunu söyləyib: “Hər birimiz özümüzə və komandamıza inanırıq. Meydanda da bu inamın verdiyi ruh yüksəkliyi ilə mübarizə aparacağıq. Sentyabrın 19-da və 20-də Çexiya ilə keçirəcəyimiz matçların mahiyyətini başa düşürük. Əsas baş məşqçinin verəcəyi tapşırıqları mümkün qədər səhvsiz yerinə yetirmək olacaq. Çünki bizi dekabrdan başlayaraq AVRO-2026-nın seçmə oyunları gözləyir. Rəqiblərimiz bəllidir. Hər birinin məqsədi var, biz də final mərhələsinə yollanmaq niyyətindəyik”.

Oktay Rüstəmli millinin qrupunda favorit komandanı da açıqlayıb: “Seçmə mərhələdəki rəqiblərimiz heç də zəif komandalar deyil. Xorvatiya millisi favorit hesab olunur. Ancaq futzal elə idman növüdür ki, nəticəni əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Qrupdan üzüağ, alnıaçıq çıxacağımıza inanıram”.

Seçilən
43
8
futbolinfo.az

10Mənbələr