Futzal üzrə Azərbaycan milli komandasının üzvü Oqtay Rüstəmli Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib.
Arena.az xəbər verir ki, o, komandamızın qarşıdakı Çexiya ilə yoxlama oyunlarına hazırlığını dəyərləndirib.
Qeyd edək ki, Çexiya yığması ilə yoxlama oyunları keçirəcək Azərbaycan millisi hazırlığını Zlin şəhərində davam etdirir. Dünən ilk məşqinə çıxan komandamız bu gün oyunöncəsi son çalışmasını yerinə yetirəcək. Oqtay Rüstəmli oyunlara hazırlıqla bağlı bunları dilə gətirib:
“Sentyabrın 10-dan milli komanda təlim-məşq toplanışına başlayıb. Əvvəlcə Bakıda hazırlaşdıq. İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verildi, hazırda taktiki planda təmrinləri yerinə yetiririk. Dünən isə Zlin şəhərinə gəldik. Bu hazırlıq Çexiya ilə keçirəcəyimiz yoxlama oyunları üçündür. Əlbəttə, yoldaşlıq xarakterli oyunlar olsa da, meydana millinin formasında çıxacağıq və belədə məqsədimiz matçın statusundan asılı olmayaraq, qələbə qazanmaqdır. Hələ ki, futzal mövsümünün əvvəli olduğuna görə, hər kəs formasının pik səviyyəsində deyil. Müəyyən axsamalar var, amma bunlar tədricən aradan qaldırılacaq.
Komandada ab-hava yaxşıdır. Hər birimiz özümüzə və komandamıza inanırıq. Meydanda da bu inamın verdiyi ruh yüksəkliyi ilə mübarizə aparacağıq. Sentyabrın 19-da və 20-də Çexiya ilə keçirəcəyimiz matçların mahiyyətini başa düşürük. Əsas tapşırıq baş məşqçinin verəcəyi tapşırıqları mümkün qədər səhvsiz yerinə yetirmək olacaq. Çünki bizi dekabrdan başlayaraq AÇ-2026-nın seçmə mərhələ oyunları gözləyir. Rəqiblərimiz bəllidir. Hər birinin məqsədi var, biz də final mərhələsinə yollanmaq niyyətindəyik.
Seçmə mərhələdəki rəqiblərimiz heç də zəif komandalar deyillər. Xorvatiya millisi favorit hesab olunur. Ancaq futzal elə idman növüdür ki, nəticəni əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Qrupdan üzüağ, alnıaçıq çıxacağımıza inanıram”.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 19-da və 20-də Çexiya yığması ilə yoldaşlıq matçı keçirəcək. Komandamız AÇ-2026-nın seçmə mərhələsində isə Xorvatiya, Yunanıstan və İsveçlə mübarizə aparacaq.