Mərkəzi Bank dollar satışına başlaya bilər. Qurumun faiz dəhlizinin parametrləri haqqında qərarında deyilir ki, 2024-cü ilin yanvar-avqust aylarında valyutaya tələbatın artması hərraclar vasitəsilə tam təmin edilib. İlin qalan dövründə dövlət layihələrinin icrası ilə bağlı xarici valyutaya tələbin ödənilməsinə dəstək məqsədilə Mərkəzi Bankın bazara müdaxiləsi istisna olunmur.
Bu əməliyyatlar Mərkəzi Bankın 2022-2023-cü illərdə valyuta bazarından aldığı 4,2 milyard ABŞ dolları həcmində xarici valyuta hesabına aparılacaq.
Bəs Dövlət Neft Fondunun 2024-cü ilin dövlət büdcəsi üzrə öhdəliyini tam icra etməməsinə baxmayaraq, Mərkəzi Bank ehtiyatlarını niyə bazara çıxarmağa hazırlaşır? Valyuta bazarına nə üçün müdaxilə olunur?
Bu barədə Tribunainfo.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bunun müxtəlif səbəbləri var. 1-ci bunun həm maliyyə tərəfi var. Mərkəzi Bank dollarları bazardan yığanda manat verib yığır. Mərkəzi Bankın indiki ehtiyyatı bu cür formalaşır.
İqtisadçının sözlərinə görə, Mərkəzi Bank dollarları yığıb manatı verir və manatın özü də çox olması iqtisadiyyatda inflyasiyaya gətirib çıxarır. Axı dolları almaq üçün manat verir.
“Bəs dolları kim satır?
Dolları satan əsas oyunçu Neft Fondu və neft şirkətləridir. Yəni bazarda əsas satan bunlardır. Xaricdə ixrac edənlərdir. Dollar bura müxtəlif mənbələrdən gələ bilər. Xaricdən gəlib bizim qiymətli kağızlar bazarında qiymətli kağızlar almaları çox azdır. Çünki bizim kapital bazarımız yoxdur. Xaricdən gəlib burada ev alanlar çox deyil. Əsas ixracçılardır, onlar da neft şirkətləridir və onlar satırlar.
Mərkəzi Bank da gəlir onları toplayıb alır. Artıq hissəni, banklara lazım olmayan hissəni özü toplayır. Çünki toplamasa manat güclənə bilər. Mərkəzi Bank da bundan ehtiyat formalaşdırıb.
Neft Fondu bu pulu haradan gətirir?
Neft Fondunun əlindəki pullar nəğd formada çox az olur və qiymətli kağızlara qoyur. Burada bir neçə məqam var.
1-ci dövlət büdcəsi profisitli olanda Neft Fondundan transfertlərin bir mənası qalmır. Son zamanlarda deyirlər ki, nə qədər bir milyard, milyard yarım Neft Fondunda dövlət büdcəsinə xərclənməyən vəsait var.
Bu nəyə gətirib çıxarır: Neft Fondu ehtiyac olmadığı halda dövlət büdcəsinə bu pulu transfert edir. Əgər büdcədə artıq pul varsa Neft Fondunun ora pul transfert etməsinin bir mənası qalmır. Çünki Neft Fondu bu pulları istiqrazlardan çıxarır və investisiya edir bu pulları. İstiqrazlara, səhmlərə qoyub divident, faiz alır. Məcburdur ki, onu satsın, gətirib versin dövlət büdcəsinə. Bu artıq dövlət büdcəsində qalır və bir mənası olmur.
Digər tərəfdən isə bazarın dollara tələbatı var. Neft Fondunun büdcəyə transfer edilməsinin bir mənası qalmır. Əgər dövlət büdcəsinin Neft Fondunun pullarına ehtiyacı yoxdursa amma bazarın da dollara tələbatı var.
Mərkəzi Bank deyir ki, Neft Fondunun qiymətli kağızlar çıxardıb satınca, büdcəyə də ehtiyac yoxdur, mənim əlimdə qalır və mən də dövriyyəyə manatı buraxmışam. Bir tərfdən banklara məcburi manat resursları gəlib Mərkəzi Bankın notlarını alırlar. Onlara görə yüksək faiz verirəm. Əlimdə olan dolları isə daha ucuz faizlə yerləşdirirəm Amerikanın istiqrazlarına.
Yəni bu halda Mərkəzi Bank da, Neft Fondu da uduzur.
Eyni zamanda vətəndaşların Mərkəzi Bankın rezervlərinin artırıb azalmasına öyrədilməsi prosesidir ki, Mərkəzi Bankın rezervi azalanda camaat tez panikaya düşməsin”.