Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə lentə alınan sənədli film sabah 3 telekanalda yayımlanacaq.
QHT.az xəbər verir ki, Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərində qəhrəmancasına şəhid olan Tapdıq Xələfovun həyat və döyüş yolundan bəhs edən sənədli filmin sentyabrın 27-də “ARB” telekanalında saat 17:00, ölkənin ilk uşaq kanalı “ARB Günəş”də 18:00 və “Kanal S”də saat 18:00-da yayımı nəzərdə tutulub.
Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə lentə alınıb. “Qələbəyə gedən yol” adlı sənədli filmi “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin “Şəhid Tapdıq Xələfovun döyüş yolu” layihəsi çərçivəsində çəkilib.
Ekran işinin çəkilişləri şəhidin boya-başa çatdığı Xaçmazın Qıraqlı kəndində həyata keçirilib. Tapdıq Xələfovun qəhrəmanlıq yolunu işıqlandıran filmin quruluşçu rejissoru “ARB Günəş” televiziyasının direktoru Məhsim Məhsimov, prodüseri Vəli Turan, quruluşçu operatoru Azər Sultanovdur.
Qeyd edək ki, Xələfov Tapdıq Vidadi oğlu 1996-cı il martın 29-da Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. 2012-ci ildə Xaçmaz rayon Qıraqlı kənd tam orta məktəbini bitirib. 2014-cü ildə ordu sıralarına yollanıb. Vətənə xüsusi sevgisi ilə seçilən Tapdıq 2022-ci ildə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının komando hazırlığı kursuna”na qəbul olub. Təlimləri uğurla bitirərək həyatını orduya bağlayıb. 2023-cü ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla, həmçinin xidmətdə fəallığına görə fəxri fərmanlarla mükafatlandırılıb. Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində xüsusi şücaət göstərən Tapdıq Xələfov 2023-cü il sentyabrın 20-də şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. Ailəli idi, özündən sonra bir övladı qalıb.