Bu gün Vətən müharibəsinin başlamasından dörd il ötür. 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini diz çökdürərək tariximizə yeni bir gün yazdı. Torpaqlarımız geri qaytarıldı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu, 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 gün davam edən və Azərbaycanın böyük zəfəri ilə noyabrın 10-da başa çatan müharibə torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoydu.
Müharibənin ilk günlərindən, başlayaraq hərbi üstünlüyə malik olan Ordumuz "Dəmir yumruq" adlandırılan əməliyyatla kəndləri, strateji yüksəklikləri, ardınca şəhər və rayonlarımızı düşmən işğalından azad etməyə başladı. 27 sentyabrda Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi.
Ümumilikdə, Azərbaycan Ordusu sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.
Şuşanın işğaldan azad edilməsi xəbərini İlham Əliyev noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa sayca yeddinci müraciətində elan etdi. Həmin günü hər bir azərbaycanlı hələ də böyük həyəcanla xatırlayır. Çünki Şuşanın tarixən Azərbaycan xalqı və dövləti üçün böyük mənəvi dəyəri olub.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Nəhayət, noyabrın 10-da ağır məğlubiyyətlə üz-üzə qalmış Ermənistan rəhbərliyi kapitulyasiyaya məcbur oldu. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda, həmçinin, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmini, erməni qanunsuz hərbi birləşmələrinin ərazimizi tərk etməsi və s. yer aldı. Bəyanata uyğun olaraq, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Prezident Laçının mərkəzində dövlət bayrağımızı ucaltdı.
Vətən müharibəsində böyük qələbəyə imza atan Azərbaycan 3 minə yaxın şəhid verdi, bu günə itkin düşmüş şəxslərin sayı 6 nəfərdir və onların axtarışları davam etdirilir.
Düşmənin itkiləri isə daha çox oldi və 7-8 minə çatdı. Baxmayaraq ki, rəsmi olaraq hələ də qarşı tərəf itkilərin sayını gizlədir.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.
Müraciətində İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi: “Nə oldu bəs status? Yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, 44 günlük Zəfər tariximizin başlanğıcı olan 27 sentyabr bizim üçün müqəddəs şəhidlərimizin canını qurban verdiyi tarix kimi yadda qalacaq. Onların canı və qanı hesabına düşməni ərazilərimizdən uzaqlaşdırdıq:
“Biz bu gün 27 sentyabrı böyük qürurla anırıq. Çünki 30 ilə yaxın müddətdə bəzi dövlətlər ərazimizin bütövlüyünü təmin etmək üçün guya danışıqlar aparırdılar. Əslində onlar vaxt uzatmaqla məşğul idilər. Məsələ həll olunandan sonrabəzi dövlətlər hələ də özlərini qeyri-səmimi aparırlar, Ermənistanı silahlandırırlar, onu revanşizmə sövq edirlər. Amma bunların hamısı əbəs və mənasızdır. Bundan sonra heç vaxt Azərbaycan ərazisində hər hansı bir separatizm və parçalanma meyllərinə düşmək istəyən qüvvələr olmayacaq. Olsa, onlar dərhal məğlubiyyətə uğrayacaqlar. 27 sentyabr çox dövlətlər üçün hərb tarixində öyrəniləcək bir səhifə olacaq. Bunu belə dəyərləndirib qiymətləndirirəm".
"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənlinin sözlərinə görə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycannın ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi:
“Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur”.
Millət vəkili Ceyhun Məmmədov vurğulayıb ki, Vətən müharibəsi zamanı xalqımızın hər an dövlətin və Ordunun yanında olması, onu dəstəkləməsi uzun illərdir Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən uğurlu siyasətin nəticəsi idi. Vətən müharibəsi zamanı ən böyük üstünlüyümüz milli-mənəvi dəyərlərimizə sıx bağlılığımız idi. Həmin dövrdə dəyərlərimizə olan sevgi, Vətən yolunda fədakarlıq bizim üçün ən güclü silaha çevrildi, düşməndə vahimə yaratdı və tez bir zamanda onun məğlubiyyəti qəbul etməsinə səbəb oldu:
“27 sentyabr 2020-ci ildə biz Ermənistanla yenidən müharibə etməyə məcbur olduq. Ordumuz 44 gündə davam edən Vətən müharibəsinin hər bir günündə qələbə dastanı yazdı. Ordumuz bir nəfər fərarisi olmadan 44 günün hər bir günündə irəliləyərək düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Rəşadətli əsgər və zabitlərimiz peşəkarcasına yolsuz yerlərdən keçərək, dağları aşaraq düşməni məğlub etdi. 44 günlük Vətən müharibəsinin kulminasiyası olan Şuşa əməliyyatı dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanı güclü və özünü xarici təhdidlərdən qoruya bilən ölkəyə çevirib. Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir döyüş tapşırığını yüksək səviyyədə icra etməyə qadirdir. Azərbaycanın iqtisadi qüdrəti orduya diqqətin daha da artmasına yol açır. Təbii ki, bu gün hər bir Azərbaycan vətəndaşı Müzəffər Ali Baş Komandan və rəşadətli Ordusu ilə fəxr edir və qürur duyur”.
Millər vəkili Azər Badamovun dediyinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edərək İkinci Dünya müharibəsindən sonra ilkə imza ataraq müasir dünya tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazmış oldu. Bu qəhrəmanlıq tarixinə uzun illərin hazırlığı sayəsində nail olundu. Çünki tarix sübut etdi ki, güclü ordu olmadan dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq olduqca çətin prosesdir:
“Azərbaycan yenidən müharibə istəmirdi və torpaqların işğaldan azad edilməsinə beynəlxalq hüquq müstəvisində danışıqlar yolu ilə nail olmağa çalışırdı. Amma beynəlxalq hüquq və dünyada baş verən proseslər onu sübut etdi ki, güclü iqtisadiyyatı və ordusu olmayan ölkənin torpağı heç vaxt işğaldan azad oluna bilməz. Prezident İlham Əliyev Azərbaycanın işğalla heç vaxt barışmayacağını və müharibəyə hazırlaşdığımızı beynəlxalq tribunalardan açıq şəkildə bəyan edirdi. Amma beynəlxalq ictimaiyyət bizim çağırışları ciddi qəbul etmədi və hətta azğınlaşmış Ermənistanın yeni ərazilər uğrunda müharibə edəcəyi ilə bağlı çağırışlarını susqunluqla seyr etdi. Ermənistan isə təmas xəttində və dövlət sərhədində mütəmadi təxribatlar törədir və Şuşada təlxək oyunları təşkil etməklə azərbaycanlıların səbrini sınayırdı. Bütün bu olanlar və danışıqların səmərəsiz olması müharibəni qaçılmaz edirdi. Belə də oldu. Müzəffər Ordumuz uzun illər ermənilərin yaratdığı məğlubedilməzlik mifini darmadağın edərək, noyabrın 10-da düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ordumuzun İkinci Qarabağ müharibəsində göstərdiyi döyüş təcrübəsi dünya hərb tarixinə daxil oldu. Bu gün dünyanın inkişaf etmiş orduları öz hərbi kadrlarının hazırlanmasında Azərbaycanın təcrübəsini öyrənir və tədris edirlər”.
Sevinc,
BakuPost
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.