AZ

Həbs edilən qazinin atası prezidentə müraciət edib: "Oğlumu şərləyiblər"

Astara rayon Toradi kənd sakini Gülağa Məmməd oğlu Kazımov oğlu Ləyaqət Kazımovun qanunsuz həbs edildiyini deyir

Onun sözlərinə görə, oğlu 2016-ci ildə Aprel döyüşlərinin, 44 günlük Vətən müharibəsinin, 1 günlük antiterror əməliyyatlarının iştirakçısı olub. 

O həmçinin Ali Hərbi İdarəetmə Akademiyasının 1-ci kurs tələbəsi, mayor rütbəli zabitdir: "2 may 2024-cü ildə oğlum Akademiyada dərs başa çatandan sonra evə dönərkən Bakı şəhər ərazisində bir qrup mülki geyimli polisin zorakılığına məruz qalaraq heç bir səbəb göstərilmədən şərlənərək Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Baş polis idarəsində isə 3-cü mərtəbədə otaqların birində oturmuş mülki geyimli polis oğluma hücum edərək 2 (iki)  kibrit qutunu oğluma uzadaraq götürməyi əmr edir. Oğlum həmin kibrit qutuları götürməkdən imtina edir, həmin kibrit qutularını zorakılığla oğlumun cibinə qoyurlar". 

Ölkə başçısına müraciət edən Gülağa Kasımov deyir ki, oğlunu - mayor rütbəli zabiti ölümcül döyürlər: "Onun şərəf və ləyaqətini alçaldaraq onun paltarını soyunduraraq onu rezin dəyənək və "butulka" və başqa yollarla zorlamaqla hədələyib, ağzına zorla tabletka qoymaq istəyiblər, zorakılığla ağzına maye tökərək içizdiriblər. Oğlumun kirayədəki evinə qanunsuz baxış keçirirlər. Ev sahibinin telefonunu əlindən alıb otaqların birinə salırlar, qoymurlar ki, evə baxışda iştirak etsin. Əvvəl polislər evə girərək yatdığı yerə  yastığının altına "F-1" əl qumbarası  və 8 patron qoyublar. Sonra oğlumu çöldən içəri çağırıb deyiblər ki, sənin başının altında hərbi sursat var. Eyni qayda ilə oğlumun maşınına  da cürbəcür şeylər yerləşdirməklə oğlumu 4 ay müddətində şərləyərək həbsə atıblar. Oğlum may ayının 2-də Akademiyada dərsdə olub. Dərslər başa çatandan sonra evə gedərkən şərlənərək polis şöbəsinə aparılıb. Müdafiə Nazirliyindən bildirilib ki, guya oğlum 2 may 2024-cü il tarixində "xidməti uyğunsuzluğa görə hərbidən uzaqlaşdırılıb”. Oğlum 2 may 2024-cü ildə dərsdə axıra qədər iştirak edib, həmin gün iş başa çatıb. Hansı qanunla Müdafiə Nazirliyi oğlumu məhz mayın 2-də hərbidən azad edib? Hərbiçinin işini mülki polis araşdırır".

"Sual olunur: hərbi polis, hərbi prokurorluq hansı təşkilata xidmət edir? Oğlum 18 il doğma vətəninə, xalqına qüsursuz xidmət edib. Xidməti müddətində 13 medalla təltif olunub. Torpaqlarımız düşmən əsarətindən azad olunandan sonra Cənab Prezident müşavirədə söylədi ki, mən bundan sonra hər zaman veteranların hərbiçilərin, qazinin və şəhid ailələrinin yanında olacağam. Həmçinin məmurlarada tapşırıq verdi ki , veteranlara qazilərə və şəhid ailələrinə xüsusi qayğı göstərilsin. Cənab Prezident öz dediklərini hər zaman yerinə yetirir. Digər bəzi məmurlar isə onun əksini edirlər", - deyə zabitin atası qeyd edib. 

Gülağa Kazımov eyni zamanda, ölkə başçısından da oğlunun işini nəzarətinə götürməyi xahiş edib: "Ona, hələ ki, hökm oxunmamış hərbidən tamamilə uzaqlaşdırmaq haqqında qərar çıxardıblar.  Oğlumun heç bir günahı yoxdur, şərlənərək həbs olunub, xahiş edirəm ki, haqq-ədalətin üzə çıxmasında ailəmizə dəstək olasınız". 

Daxili İşlər Nazirliyi isə iddiaları qəbul etmir. Nazirliyin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı mediaya deyib ki, vətəndaş Ləyaqət Kazımlının həbsinə dair səsləndirilən iddialar əsassızdır, onun barəsində ittihamlar konkret cinayət əməlləri ilə bağlıdır. 

Nazirliyin sözçüsü bildirib ki, Ləyaqət Kazımlı cari il mayın 2-də narkotik vasitələrin və psixotrop maddələrinin, həmçinin silah-sursatın qanunsuz dövriyyəsi barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində şübhəli şəxs qismində saxlanılıb







Seçilən
45
3
arqument.az

4Mənbələr