İsrailin uzun müddətdir Livanın cənubunu raket zərbələrinə tutması, o cümlədən Fələstinlə qalmaqda olan ixtilafları Yaxın Şərqdə mövcud vəziyyəti daha da kritikləşdirməkdədir.
Belə ki, İran da son günlər İsraillə münasibətlərini neqativ versiyaya çevirib.
Hətta ötən günlərdə İrandan İsrailin paytaxtı Təl-Əvivə raketlər atılıb. Bu cür təhdidlər qarşısında isə İsrailin səssiz qalmayacağı güman edilir.
Bəs, görəsən getdikcə arealı genişlənən və şiddətlənən İsrail-İran münasibətlərinin nəticəsi necə yekunlaşa bilər?
Mövzuyla bağlı AZXEBER.COM-a açıqlama verən \"Sosial Tədqiqatlar Mərkəzi\"nin (STM) mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, İsraillə İran arasında münaqişənin yekunu Livanın cənubunun işğal edilməsiylə bitə bilər:
\"Hadisələrin yekunu Livanın cənubunun işğal edilməsiylə yekunlaşacaq. Yəqin ki, bu tezliklə reallaşacaq. Bu ərazidə 2 milyon fələstinli yaşayır. İranın maliyyələşdirdiyi \"Hizbullah\" təşkilatı da Livanda məskunlaşır. Münaqişənin arealının böyüməsində iştirakçıların sayının artması böyük rol oynayır. Biz buna siyasətdə aktorlar deyirik. Müəyyən mənada, HƏMAS-ın, Husilərin, SEPAH-ın idarə etdiyi digər qruplaşmaların müharibəyə cəlb olunması nəticəsində müharibənin miqyası böyüyəcək. Şübhəsiz ki, bizi qarşıda İsrailin həm İranın nüvə obyektlərinə zərbə endirməsi, həm də hərbi bazalarını vurması gözləyir. Lakin bütün hallarda sözügedən proseslərin önəmli tərəfi odur ki, bu münaqişə İsrail və İranı daha çox İslam və Ərəb dünyası üzərində planlaşdırılmış parçalama və birlikdə idarəetmə təəssüratını yaradır. Məncə, bu proses Livandan sonra daha da maştabını böyüdəcək\".
Məsələyə geopolitik müstəvidə yanaşan AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı AZXEBER.COM-a açıqlamasında deyib ki, ehtimal edilən İsrail və İran arasındakı savaşın müddəti heç bir neçə gün çəkməz:
\"Yaxın Şərq daim alov içərisindədir. Burada da başlıca ölkələr var ki, onların da sırasında hazırda üz-üzə dayanan İran və İsrail öndə gəlir. İndiki savaşın arealı çoxmu böyüyəcək? Düşünürəm ki, xeyr. Hətta bu müharibənin bir neçə gün sürəcəyini də zənn etmirəm. Bunun da bir səbəbi var. ABŞ başda olmaqla, Qərb koalisiyası Rusiya-Ukrayna savaşının arxa plana keçməsini istəmir. Çünki, bu müharibə arxa plana keçərsə, bir də görərlər ki, Ukraynanın Rusiya qarşısında dirənişi getdikcə tükənməkdədir. Bu da Qərb koalisiyasının məqsədinə çatmaması anlamına gəlir. Rusiya da İran-İsrail savaşının əhatə dairəsinin təbii ki, genişlənməsinin tərəfdarıdır. Bununla bir növ nəfəs almış olacaq. Əslində deyərdim ki, bu savaş İran-İsrail savaşından daha çox Amerika-Rusiya diplomatik savaşı kimi görünür\".
Politoloq İranın bu münaribəyə təhrik olunduğunu düşünür:
\"Qasım Süleymaninin öldürülməsindən sonra bu müharibə hər an gözlənilirdi. O zaman cənub qonşumuz sadəcə imitasiya xarakterli açıqlamalar verdi və bir növ simasını bu cür qorumağa çalışdı. Amma bunu bacardımı? Xeyr. Dövlət nüfuzuna ciddi zərbələr dəydi. İranın artıq \"səbir taşasını daşıran son damla\" isə, prezidentin andiçmə mərasiminə gələn İsmayıl Haniyənin, son olaraq da Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi oldu. Hansı dövlət olursa-olsun, buna cavab verməli idi. İranın cavabı yetərlidirmi? Xeyr. Sadəcə dövlət imicini bu dəfə də bu cür yollarla qorumağa çalışır. İsrail tərəfi mesajını aldımı? Düşünürəm ki, bəli. İranın elə də küçümsənən ölkə olmadığı göründü. İsrailə atılan 200-ə yaxın raketin yarıdan çoxunun hədəflərə düşməsi bunun bariz sübutu oldu. Sadəcə İran böyük savaşa girmək istəmir və bundan deyərdim ki, yayınır. Çünki, ona qarşı Rusiyaya qarşı birləşən koalisiyanın işbaşına keçəcəyini yaxşı bilir. Həm də uzun illərdir ki, sanksiyalar tətbiq olunan İran indiki vaxtda belə bir müharibəyə də hazır deyil”.
C.Abbaslı Azərbaycan üçün də bu savaşın olduğu təqdirdə nəticələrini izah edib:
\"Azərbaycan bu müharibənin əhatə dairəsinin genişlənməsini heç bir halda arzulamaz. Regionumuzda savaşın olması bizim üçün də müəyyən təhlükələrə yol açar, sabitlik pozula bilər. Digər tərəfdən, cənub qonşumuzun ciddi zərbələr alması, yaxud da parçalanması region üçün xeyirli olmaz. Doğrudur, İran daim ermənipərəst mövqeyi ilə Azərbaycan tərəfdə narazılıq yaradıb. Amma unutmaq olmaz ki, bu ölkə regionun əsas güclərindən biridir və onun sıradan çıxarılması Qərb koalisiyasının bu regionda yerləşməsinə səbəb olar ki, bu da bizlərə sərf etmir. Bir də unutmayaq ki, ortada Cənubi Azərbaycan faktoru da var”.
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin \"Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi\" mövzusunda dərc edilib.