Kamala Harris ABŞ prezidenti seçilərsə, Rusiya və Ukrayna arasında sülh sazişi bağlamağın yollarını tapmaq üçün Vladimir Putinlə ikitərəfli danışıqlara getməyəcək.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bunu demokratların prezidentliyə namizədi bazar ertəsi CBS telekanalında ən məşhur televiziya proqramlarından biri olan “60 dəqiqə”-yə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, ABŞ Ukrayna nümayəndələrinin iştirakı olmadan Rusiya ilə danışıqlara girməyəcək: “Ukraynanın iştirakı olmadan heç bir ikitərəfli danışıqlar olmayacaq. Ukrayna öz gələcəyini müəyyən etməkdə öz sözünü deməlidir”.
Harris Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın mövqeyini yenidən tənqid edib: "O deyir ki, müharibəni bir günə bitirə bilər. Bunun nə demək olduğunu bilirsinizmi? Bu, təslim olmaq deməkdir".
Sentyabr ayında Donald Tramp və Kamala Harris arasında debat zamanı Tramp vəzifəyə başlamazdan əvvəl Ukraynada müharibəyə son qoyacağını bildirmişdi.
Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə altı dəfə görüşdüyünü xatırladıb və onu Ukrayna xalqına dəstəyinin sarsılmaz olduğuna inandırıb. “Mən çalışacağam ki, Ukrayna bu müharibədə qalib gəlsin ki, o, təhlükəsizlik və firavanlığa nail olsun”.
Müsahibə zamanı Kamala Harris seçkidə qalib gələcəyi təqdirdə həyata keçirəcəyini vəd etdiyi səxavətli sosial proqramların əvəzini necə ödəmək niyyətində olduğu və Bayden administrasiyasının bir neçə ildir Meksika ilə sərhədi möhkəmləndirmək üçün nə üçün tədbir görmədiyi ilə bağlı sualları da cavablandırıb.
“AzPolitika.info”