AZ

AMEA ilə Honkonq Kore Akademiyası arasında anlaşma memorandumu imzalanıb

Bakı, 8 oktyabr, AZƏRTAC

AMEA Rəyasət Heyətinin Azərbaycan Milli Elmlər Akademiyası ilə Çinin Honkonq Kore Akademiyası arasında elmi əməkdaşlığına həsr olunmuş iclası keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, iclasda akademik İsa Həbibbəyli iki ölkə arasında əlaqələrin möhkəm təməllərinin Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi dövlət səfəri ilə atıldığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev də Azərbaycan-Çin əlaqələrinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir, Çin də öz növbəsində Azərbaycanın beynəlxalq nəqliyyat layihələrinə dəstək verir.

Bu gün Azərbaycanla Çin arasında elmi əlaqələrin də inkişaf etdiyini deyən akademik İsa Həbibbəyli AMEA-nın Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə sıx əməkdaşlıq etdiyini deyib. Akademiya rəhbəri hazırda AMEA ilə Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və Hebey Sosial Elmlər Akademiyasının “Xəzərdən Çin səddinədək” mövzusunda birgə elmi layihənin icra edildiyini, bu istiqamətdə ilk elmi konfransın iyun ayında Çində keçirildiyini, növbəti beynəlxalq tədbirin isə 2025-ci ildə ölkəmizdə təşkil olunacağını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli, həmçinin Pekin Xarici Dillər Universitetində “Azərbaycan dili” ixtisasının tədris olunduğunu, AMEA-nın universiteti azərbaycandilli elmi-ədəbi, tarixi və digər əlavə ədəbiyyatla təmin etdiyini bildirib.

Hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən akademik İsa Həbibbəyli Honkonq Kore Akademiyası nəzdində də Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının əhəmiyyətini vurğulayıb. O, AMEA-nın Şərqşünaslıq, Fəlsəfə və Sosiologiya institutlarında da Çinə dair geniş elmi tədqiqatlar aparıldığını diqqətə çatdırıb.

Sonra çıxış edən Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei nümayəndə heyətinin Azərbaycan Milli Elmlər Akademiyasında olmasını ikitərəfli elmi əlaqələrin yeni mərhələyə qədəm qoymasının, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin əlaməti kimi qiymətləndirib.

Çinli professor Azərbaycanda təkcə humanitar və ictimai elmlər sahəsində deyil, bərpaolunan enerji, “yaşıl energetika” və digər sahələrdə həyata keçirilən tədbirlərə də töhfə verməyə hazır olduqlarını vurğulayıb.

Honkonq Kore Akademiyasının Baş katibliyinin icraçı müavini Raymond J. Vu isə öz növbəsində Kore Akademiyası haqqında ətraflı məlumat verib. Akademiyada multidisiplinar tədqiqatların aparıldığını deyən professor ölkəmizə səfərin AMEA ilə Honkonq Kore Akademiyası arasında yeni əməkdaşlıq imkanları açdığını söyləyib.

Sonra AMEA ilə Honkonq Kore Akademiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və professor Li Lei imzalayıblar. Memorandumda birgə elmi layihələrin, tədqiqat proqramlarının, konfransların, simpoziumların, seminarların, görüşlərin təşkili, elmi kadrların, nəşrlərin və əsərlərin mübadiləsi kimi müddəalar yer alıb.

Tədbirdə, həmçinin akademik Dilqəm Tağıyevə Kore Akademiyasının həqiqi üzvlüyü diplomu və üzvlük nişanı təqdim edilib.

 

Seçilən
46
15
azertag.az

10Mənbələr