2 sentyabr 2022-ci ildə Penitensiar Xidmətin Qobustandakı qapalı tipli həbsxanasından insident baş verib.
Bizim.Media xəbər verir ki, cəzaçəkmə müəssisəsinin əməliyyat rejim hissəsinə müəssisənin 4-cü korpusunun 94 saylı kamerasında məhkumlar arasında insident yaşanması və onlardan birinin xəsarət alaraq ağır vəziyyətdə sanitar hissəyə yerləşdirilməsi barədə məlumat daxil olub.
Müəssisədə ömürlük cəza çəkən Oleq Abişev aldığı kəllə-beyin travması və baş ənsə sümüyünün dağılması xəsarətlərindən 7 gün sonra dünyasını dəyişib. Dünyasını dəyişən Oleq Abişev anasını və qardaşını döyərək öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum olunub.
Oleq Abişevin ölümünə səbəb olan xəsarətləri yetirməkdə təqsirli bilinən kamera yoldaşı Zahidikəhriz Abbasov isə 20 yaşında Rusiyada qətl törətdiyinə görə 20 ildən sonra Azərbaycana gətirilib və ömürlük azadlıqdan məhrum olunub. 2014-cü ildən Penitensiar Xidmətin Həbsxanasında cəza çəkən Zahidikəhrizlə Oleq 2018-ci ildən eyni kamerada qalıblar.
Hadisə baş verən günə qədər isə münasibətləri normal olub. Zahidikəhriz siqaret çəkən olmasa da, kamera yoldaşı çəkən olub. Onun sözlərinə görə hadisə baş verən günü səhər Oleq Abişevə 1 qutu siqaret, digər kamera yoldaşı Səmədağa Hənifəyevə isə bir qutu kibrit verilib.
Verilən kibrit az olduğundan Səmədağa siqaretini yandırdıqdan sonra qənaət etmək üçün Oleqə də onunla birgə siqaret yandırmasını təklif edib. O isə təklifi qəbul etməyib. Bu zaman Səmədağa kibrit qutusunu cibinə qoyub yuxarı çıxaraq öz yerinə uzanıb və Oleqə həmin gün az sayda kibrit verildiyinə görə yatıb oyandıqdan sonra birgə siqaret çəkə biləcəyini deyib.
Təxminən yarım saat sonra Oleq Abişev siqaret çəkmək istəsə də, kibriti olmadığından əsəbiləşib və nalayiq ifadələr işlətməyə başlayıb. Səmədağa isə həmin vaxt yatıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, o, Oleqdən kimi söydüyünü soruşduqda cavablandırmayıb, sanki ondan küsüb. Zahidikəhriz Abbasov məcbur qalaraq qapını döyərək nəzarətçini çağırıb.
Bildirib ki, məqsədi zərərçəkmiş şəxsin ondan qorxmadığına görə nəzarətçinin sonuncunu sakitləşdirməsi və kamerada söyüş söyülməsinin qarşısını almaq olub. Nəzarətçini çağırmaqda digər məqsədi isə Oleqə verilən kibritin sayının az olduğu üçün onun söyüş söydüyünü sübut etmək olub. Kameraya gələn nəzarətçi Oleqə kibrit verməyib, nəfəsliyi örtərək gedib. Bundan sonra Oleq Zahidikəhrizə kamerada satqınlıq etdiyini deyərək onu günahkar sayıb. O da satqın olmadığını deyəndə bu dəfə zərərçəkmiş onu və anasını söyüb. Söyüşdən əsəbiləşən Zahidikəhriz Oleqin sifətinə bir neçə yumruq zərbəsi vurub. Daha sonra Oleqi güləş fəndi ilə qaldıraraq yerə çırpıb.
Oleq yerə çırpılan zaman başı ayaqyolunun pilləkəninə dəyib. Onun başından qan axdığını görəndən sonra Oleqi ayağa qaldıraraq mübahisəni dayandırmağı istəyib. Təxminən 2 dəqiqə sonra Oleq stolun üzərində olan stəkanı götürüb yenidən onu vurmaq istəyəndə Zahidikəhriz Oleqin qolunu burub və stəkanı əlindən alıb. Həmin an səsə nəzarətçilər qapını açaraq Zahidikəhrizdən əlindəki stəkanı atmasını tələb ediblər. Onu nəzarətçilərin, Oleqi isə həkim otağına aparıblar.
Oleq Abişev hadisədən 7 gün sonra dünyasını dəyişib.
Zahidikəhriz Abbasovun sözlərinə görə hadisədən sonra Oleq sağlam vəziyyətdə olub. Onu qəsdən öldürmək istəməyib. Oleqin düzgün müalicə aparılmaması səbəbindən öldüyünü deyərək əməlindən peşman olduğunu bildirib. Faktla bağlı Zahidikəhriz Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, ömürlük məhkum Zahidikəhriz Abbasova bu cinayət işinə görə 18 il cəza verilib.
Ətraflı Baku TV-nin süjetində:
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta