AZ

Bakı dayanıqlı, etibarlı sülhə imza atacaq  - ŞƏRH

Azərbaycan nəyin bahasına olursa-olsun, hansısa sənədə qol çəkməyə çalışmır

“Yerdə qalan məsələlərin razılaşdırılmasının zəruri olduğu dəfələrlə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb”


  Bu ilin ayında Böyük Britaniyada Avropa siyasi birliyinin görüşündə Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar həyata keçirməkdən imtina etmişdi. İrəvan hökuməti daha sonra razılaşdırılmış 16 maddəlik sülh sazişi layihəsindən 3 maddəsini özünə uyğun şəkildə çıxardaraq yerdə qalan maddələr ətrafında sülh sazişi imzalamağa hazır olduğunu bildirdi. Şübhəsiz, bütün bunlar göstərir ki, Ermənistan əslində sülhdə maraqlı deyil. Sadəcə olaraq prosesi uzatmaq və eyni zamanda dünyanın gözündə özünün "sülh carçısı" olduğu mənzərəsini yaratmaq istəyir. Sülh sazişində maraqlı olan tərəf ilk növbədə 16 maddənin hamısı ilə razılaşardı, hansısa istəmədiyi maddələri sazişinin layihəsindən çıxarmazdı. İkincisi də ki, konstitusiyasında – qanunverici aktlarında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı maddələri ləğv edərdi. Məlumdur ki, Ermənistanda Konstitusiya İslahatları Şurası yaradılıb və ona tapşırıq verilib ki, 2027-ci ilə qədər Konstitusiya üzərində iş getsin. Deməli, 2027-ci ildə Konstitusiyada dəyişikliklər ilə bağlı referendum olacaq. Bu o deməkdir ki, Ermənistan yaxın zamanda sülhün imzalanmasında əslində maraqlı deyil. 
  Politoloq Abutalıb Səmədov deyib ki, son aylar sülh sazişinin imzalanmasına mane olmaq üçün Ermənistanın göstərdiyi səylər göz qabağındadır. Ermənistan prinsipial məsələlərin həll olunmasına çalışmır, Azərbaycanın ədalətli tələblərini icra etmək istəmir. Ekspert bildirib ki, İrəvan əvəzində təklif edir ki, 13 bənddən ibarət bir sülh sazişi imzalansın və burada prinsipial məsələlər öz əksini tapmasın: 

"Təbii ki, bu bizi qane edə bilməz. Çünki Azərbaycan dayanıqlı, etibarlı sülhü təmin edəcək bir sənəd imzalamaq istəyir. Nəyin bahasına olursa-olsun, hansısa sənədə qol çəkməyə çalışmırıq. Yerdə qalan məsələlərin razılaşdırılmasının zəruri olduğu dəfələrlə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb. Digər tərəfdən, Ermənistan Hindistanın və Fransanın vasitəsilə silahlanmağa çalışır. Aydındır ki, bu cür cəhdlər Azərbaycan üçün heç bir problem yarada bilməz. Çünki Azərbaycanın hərbi xərcləri az qala üç dəfə Ermənistanınkından çoxdur və bizim daha müasir silahlar almaq imkanlarımız var. Bu səbəbdən Ermənistan Azərbaycan üçün hər hansı təhlükə yarada bilməz. Ancaq növbəti dəfə bölgədə sabitliyi poza, Azərbaycana qarşı hansısa təxribat törətməyə cəhd göstərə bilər. Necə ki, 2020-ci  ildə iki dəfə belə bir cəhd göstərilib. Ermənistan əvvəlcə Tovuz istiqamətində təxribat törətdi, sonra da sentyabrın 27-də Azərbaycana qarşı hücum kampaniyasına başladı və layiqli cavabını da aldı". 
  Analitikin fikrincə, belə bir cəhdin yenə də baş vermə ehtimalı var və bu səbəbdən Azərbaycan Prezidenti həm Ermənistana, həm onu silahlandıranlara xəbərdarlıq edir: "Dövlət başçısı bu cür cəhdlərin bölgədə sabitliyi, əmin-amanlığı pozacağını izah etməyə çalışır. Azərbaycan Prezidentinin Ermənistana yönəlik xəbərdarlıqlarının kökündə dayanan əsas məqam budur. Ermənistanın silahlanması ona heç bir ciddi uğur gətirə bilməz. Əksinə, növbəti itkilərə səbəb ola bilər. Həmçinin sülh prosesinə ciddi zərbə vurular. Azərbaycanın bölgəni əməkdaşlıq, təhlükəsizlik regionuna çevirmək cəhdlərinin qarşısını ala bilər. Bundan ən çox itirən yenə də Ermənistan olacaq. Bu səbəbdən həm Ermənistan, həm də onun havadarları qonşumuzu silahlandırmaq cəhdlərindən imtina etməlidirlər".

Seçilən
82
50
sherg.az

10Mənbələr