Almaniya Rusiya ilə birbaşa qarşıdurmadadır və Moskvanın təcavüz obyektinə çevrilə bilər. Alman kəşfiyyatının məlumatına görə, 2030-cu ilə qədər Rusiya ordusu NATO ölkələrinə hücum edə bilər.
HİT.az xəbər verir ki, bu barədə bazar ertəsi Bundestaqın Parlament Nəzarət Komitəsinin ictimai dinləmələrində Federal Kəşfiyyat Xidmətinin prezidenti Bruno Kahl xəbərdarlıq edib.
“Kreml Almaniya Federativ Respublikasına düşmən kimi baxır. Ukraynaya yardımın həcminə görə ikinci yeri tutan ölkə kimi biz, Moskvanın fikrincə, münaqişənin açıq şəkildə tərəfiyik. İstəsək də, istəməsək də biz Rusiya ilə birbaşa qarşıdurmadayıq", deyə Kahl bildirib.
BND rəhbəri hətta Rusiyadan Almaniyaya birbaşa hərbi təhlükənin ola biləcəyini də istisna etmir.
"Rusiya silahlı qüvvələri bu onilliyin sonundan gec olmayaraq NATO-ya hücum edə bilər" deyən Kahlın fikrincə, Putinin təkcə Ukrayna ilə deyil, daha böyük məqsədin - yeni dünya düzəninin yaradılması ilə maraqlandığını qeyd edib.
Rusiya xüsusi xidmət orqanları, BND rəhbərinin sözlərinə görə, getdikcə daha fəal və tərəddüd etmədən hərəkət edir ki, bu da daha da eskalasiyanı mümkün edir. Alman təhlükəsizlik xidmətlərinə bu çağırışların öhdəsindən gəlmək üçün əlavə resurslar lazımdır.
Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsinin (əks-kəşfiyyat) prezidenti Tomas Haldenvanq da həmkarının fikirləri ilə razılaşıb:
“Biz Rusiya xüsusi xidmət orqanlarının aqressiv hərəkətlərini müşahidə edirik. Xüsusən də Almaniyada Rusiya casusluğu və təxribatı həm keyfiyyət, həm də kəmiyyət baxımından artır".
O bildirib ki, bütün xüsusi xidmət orqanlarının və təhlükəsizlik orqanlarının birgə səylərinə çağırıb.
Müzakirələrdə Federal Hərbi Əks Kəşfiyyat Xidmətinin (BAMAD) prezidenti Martina Rozenberq iştirak edib və o bildirib ki, son vaxtlar kritik infrastruktur adlandırılan obyektə casusluq cəhdlərinin sayı həyəcanverici dərəcədə yüksəkdir və bu, sayıqlığın artırılmasını tələb edir.
"Diqqət Bundesverə yönəlib. İstər Ukraynaya alman silahlarının tədarükü, istər təlim layihələri, istər silah layihələri, istərsə də təxribat aktları etibarsızlıq hissi yaratmalıdır", deyə o bildirib.
Bundestaq komitəsinin iclası ərəfəsində Federal Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Feser də "Handelsblatt"a müsahibəsində Rusiya xüsusi xidmət orqanlarının fəallığının artacağını bəyan edib: "Biz görürük ki, Putin rejimi getdikcə aqressivləşir".
Feser bildirib ki, Almaniyanın təhlükəsizlik xidmətləri Almaniyanı Rusiya casusluğu təhlükəsindən, təxribat aktlarından və kiberhücumlardan qorumaq üçün inanılmaz resurslar xərcləyir. O, təfərrüatları açıqlamadan bildirib ki, bir neçə ay əvvəl ölkədə Moskvanın sifarişi ilə hazırlanan partlayıcılardan istifadə edilən bir sıra hücumların qarşısı alınıb. Bu təxribatların məqsədi Almaniyanın Ukraynaya hərbi yardım göstərməsinə mane olmaq idi.
Samir