AZ

"ABŞ Gürcüstanda özünə sadiq hakimiyyət formalaşdırmadan rahat durmayacaq" - Politoloq

Qərb və Gürcüstan münasibətləri soyumaqda davam edir. Gürcüstan hər bir təzyiqə qarşı yolundan dönməyəcəyini, Qərblə münasiblərin ancaq Ukrayna məsələsi həll olduqdan sonra düzələcəyini bildirir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, Gürcüstanda baş verənlər Qərb və Rusiya arasında strateji toqquşmanın bir təzahürüdür.

"Gürcüstanda baş verənlər əslində bir növ Cənubi Qafqazda Qərb və Rusiya arasında yeni toqquşmanın, yəni siyasi, strateji toqquşmanın bir təzahürü kimi də qeyd edilə bilər. Ancaq hələ uzun müddət Cənubi Qafqaz uğrunda ciddi mübarizə gedə bilər. Çünki Rusiya meyilli İvanaşvili hökuməti ilə Qərbin dəstək verdiyi qüvvələr arasında qarşıdurma zaman-zaman yaşanıb. Bu gün də bu proses davam etməkdədir. Məncə, Gürcüstanın özünün daxili vəziyyəti çox çətindir, bir tərəfdən Rusiyanın, digər tərəfdən Qərbin təzyiqləri artır. Düzdür, Ukrayna məsələsinin yekun nəticəsi əldə olunarsa, bu hadisə Cənubi Qafqaza da təsir edə bilər. Daha dəqiq desək, Gürcüstana təsirləri ola bilər. Bu ehtimal daha çoxdur. Amma hələ ki, nə Ukrayna məsələsi həll olunmayıb, nə də Gürcüstanla münasibətlər normal deyil".

Politoloqun sözlərinə görə, seçkilər vaxtı Qərbin Gürcüstana təzyiqləri artacaq.

"Bir tərəfdən Gürcüstanın xarici agentlər haqqında qanun qəbul etməsi də demək olar ki, Qərblə Gürcüstan arasında münasibətləri ciddi zədələyib. Ona görə də hesab edirəm ki, bu seçkilərdə Qərbin Gürcüstana təzyiqləri artacaq. Keçmiş prezident Mixail Saakaşvilinin azad edilməsi, Gürcüstan parlamentində qərbyönümlü deputatların artırılması ilə bağlı təsirlər artacaq. Amma mən düşünürəm ki, ABŞ tam özünə sadiq bir şəkildə Gürcüstanda hakimiyyətin formalaşdırılmasını həyata keçirmədən rahat durmaq istəməyəcək. İndi burada, təbii ki, böyük maliyyə vəsaiti tələb olunur və yenidən Gürcüstan cəmiyyətini bu sahədə səfərbər etmək və hakimiyyəti öz xeyrinə dəyişmək asan məsələ deyil. ABŞ-nin də bu gün başı həm Ukraynada, həm Yaxın Şərqdə, həm də elə Şərqi Asiyada ciddi qarışıqdır. Və demək olar ki, qaynar nöqtələr getdikcə artır. Ona görə də hesab edirəm ki, Gürcüstanla bağlı məsələdə nə Rusiya, nə ABŞ, yaxud Qərb ölkələri yekun nəticə əldə edə bilmirlər", - deyə S.Hümbətov vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Seçilən
57
41
redaktor.az

10Mənbələr