Son dövrlərdə boşanma halları kəskin artıb, az qala evliliklərin 50 faizinin boşanma ilə nəticələndiyi müşahidə edilir. Boşanmaların sayında çoxalma və nikahların sayında azalma cəmiyyəti, eləcə də aidiyyəti dövlət qurumlarını olduqca narahat edir.
Mövzu ilə bağlı Sitat.info-ya danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisİ Rafiq Mahmudov da bildirib ki, əvvəlcə nikahların sayının azalma səbəblərini araşdırılmalıdır: "Bu bir neçə səbəblə bağlıdır. Bu gün gənclər öz qarşısına yeni prioritetlər qoyurlar. Əgər əvvəllər gənclər təhsil alıb nikaha daxil olurdularsa, bu gün nikah həyatı növbəti mərhələyə keçib. Bu prioritetlərin ardıcılığı isə belədir: təhsil, karyera, inkişaf və sosiallaşma. Bu məqsədlərə nail olandan sonra gənclər nikah barədə düşünməyə başlayırlar. Bu da orta nikah yaşının çoxalmasına səbəb olur. Bu tendensiya təkcə Azərbaycanda deyil, eyni zamanda bir çox inkişaf olunmuş ölkələrdə müşahidə olunur".
R.Mahmudovun fikrincə, boşanma səbəbləri kifayət qədər çoxdur və bir çox hallarda boşanmaların səbəbkarları ailə üzvlərinin biri və ya hər ikisi ola bilər: "Əsas səbəblər kimi, düşünülmədən qurulan münasibət, ailənin təməldən sarsılması, cütlüyün, ailə üzvlərinin ümumi məsələlərdə ortaq qərara gələ bilməməsi, bir-birləri ilə razılaşmaması, xarakterlərin uyğunsuzluğu, xəyanət, uşağın olmaması, zorakılıq, kənar müdaxilə, sosial şəbəkələrin mənfi təsiri və s. göstərilə bilər."
Ekspert qeyd edib ki, boşanmalar zamanı uşaqlar daha böyük travma alır: "Sözsüz ki, heç bir cütlük nikaha daxil olarkən gələcəkdə boşanacağını düşünmür, lakin bəzən ailə həyatının gedişatı əksini göstərir. Belə olan halda ailə üzvləri özü üçün ən asan çıxış yolunu boşanmada görürlər. Ancaq biz unutmamalıyıq ki, ailə təkcə ər və arvaddan ibarət deyil, burada ailənin balaca üzvləri ailənin dağılmasından daha çox əziyyət çəkirlər. Onlar həm mənəvi, həm də psixoloji sarsıntı keçirirlər və bu fəsadsız ötüşmür".
R.Mahmudov əlavə edib ki, boşanmaların əksəriyyəti sosial-psixoloji əsaslardan qaynaqlanır və bu məsələ bir daha ənənəvi ailə dəyərlərinin qorunması və təbliğinin vacibliyini ortaya çıxarır: "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bütün bölgələrdə və paytaxtda ailə və nikah institutunun qorunması, milli ailə dəyərlərinin təbliği, gənclərin ailə həyatına hazırlığı məqsədilə mütəxəssislərin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunur, eyni zamanda sosial çarxlar hazırlanır, ailə üzvlərinin birlikdə zaman keçirməsi, valideyn məsuliyyətinin düzgün təbliğ olunması üçün layihələr həyata keçirilir. Dövlət Komitəsi öz fəaliyyətində hər zaman nümunəvi, uzunömürlü ailələrin təbliğatına da geniş yer ayırır. Bu cür təbliğat, nümunəvi ailələrin tanıdılması digər ailələr üçün bir stimul olur".
Türkanə Muradlı,
Sitat.info