Ermənistan “3+3” formatını Azərbaycanla danışıqlar meydançası kimi görmür.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin bu gün keçirilən iclasında deyib.
“3+3” regional məsləhət platformasıdır və biz dəfələrlə demişik ki, biz qonşularla münasibətlərə, regionumuzdakı vəziyyətə önəm veririk və əlaqələrimiz olan tərəfdaşlarla münasibətləri inkişaf etdirməyə, əlaqələrimiz olmayan qonşularla münasibətləri normallaşdırmağa çalışırıq", - nazir qeyd edib.
O bildirib ki, Ermənistan bu regional formatda ilk başdan iştirak edib və iştirakını davam etdirəcək.
"O ki qaldı bu formatın Ermənistan-Azərbaycan danışıqları üçün platforma olub-olmamasına, demək istəyirəm ki, bu təklif masada deyil və belə olsa belə, biz bu təklifə müsbət cavab verməyi məqsədəuyğun saymayacağıq. Çünki bizim Azərbaycanla ikitərəfli danışıqlarımız formatı var, üstəlik, bütün istiqamətlərdə, həm sərhədlərin demarkasiyası, həm də sülh müqaviləsi ilə bağlı.
Bütün çoxtərəfli formatlarda olduğu kimi, müxtəlif ölkələr eyni vaxtda bir məkanda olmaq və ikitərəfli görüşlər keçirmək üçün bu fürsətdən istifadə edirlər. Bu dəfə Azərbaycanın xarici işlər naziri ilə də istisna olmadıq. Danışıqların növbəti raundunu keçirdik, biz sülh sazişinin mətninə diqqət yetirdik, çalışdıq ki, daha bir müsbət irəliləyiş, sazişin mümkün qədər tez bağlanması təmin edilsin”, - Mirzoyan qeyd edib.
Xatırladaq ki, 18 oktyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib.
Tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.
"Cebheinfo.az"