“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirdi. “Bayuqşlar” səfərdə İsveçrə təmsilçisi “Bazel”ə biabırçı hesabla məğlub oldu – 0:6.
Azərbaycan futbolunun mövcud vəziyyətini nəzərə alsaq, "Sent Yakob Park" stadionunda keçirilən görüşün nəticəsi gözlənilən idi. Ölkəmizdə uşaq futbolunun səviyyəsi hər kəsə bəllidir. Ancaq bu məğlubiyyət ictimaiyyətdə birmənalı qarşılanmadı.
Təbii ki, bunun səbəbi var. Meydanda “Sabah” forması ilə çıxış edən və məğlub olan futbolçuların hamısı azərbaycanlı olsaydı, yəqin ki, nəticə ilə barışmaq olardı. Ancaq İsveçrədə meydana çıxan komandanın 3 futbolçusu və baş məşqçisi əcnəbi olmasaydı.
Bəli, Azərbaycan futbolunda rast gəlinən anormal hadisələrdən birini “Sabah” reallaşdırdı. Uşaq futboluna diqqət və qayğıdan dəm vuran paytaxt klubunun rəhbərliyinin yalanı növbəti dəfə ortaya çıxdı. Onlar növbəti dəfə bu əməlləri ilə məqsədlərinin Azərbaycan futbolunu inkişaf etdirmək olmadığını bəlli etdilər. Belə fikirləri olsaydı, qanalı Başit Avudu, nigeriyalılar Tiilehin Oluvaseun və Stefen Endeni transfer etməzdilər.
Baş məşqçi Adino Mustedanaqiç haqqında danışmamamaq mümkün deyil. “Bazel”ə 6 cavabsız topla məğlub olmağı hansısa xorvat yox, öz mütəxəssislərimiz də bacarardı. Amma “Sabah”da belə düşünmürlər.
Yəqin ki, onların əcnəbiləşdirmə siyasətində müəyyən maraqları var. Az qala Elm və Təhsil Nazirliyinin bütün idman infrastrukturu bu kluba verilib. Üstəlik, nazirlik ildə 1 milyon manat da nağd pul ayırır “Sabah”a. Ayırır ki, azərbaycanlı uşaqlar idmanla məşğul olsunlar. Bəs “Sabah” rəhbərliyi nə edir? Gedib Afrikadan uşaqlar gətirirlər ki, “Bazelə” 0:6 hesabı ilə məğlub olsunlar. Azərbaycanlı uşaqların marağının bu afrikalılarla qurban verilməsində məqsəd nədir? Kimlər bu əməliyyatdan nə qazanırlar? Bu sualın cavabını yəqin ki, “Sabah” rəhbərliyi bilir. Amma bizim bildiyimiz odur ki, bundan Azərbaycan heç nə qazanmır.