AZ

Neymar bu il Braziliya millisi üçün oynamayacaq

“Əl-Hilal”ın (Səudiyyə Ərəbistanı) və Braziliya millisinin 32 yaşlı ulduz hücumçusu Neymar 2025-ci ilə qədər yığmada yer almayacaq.

Arena.az xəbər verir ki, dizindən aldığı ciddi zədə səbəbi ilə bir illik fasilə ərzində çətinliklə sağalmış Neymar, Braziliya millisinə qayıtmaq üçün müraciət edə bilərdi.

Amma Braziliya Futbol Konfederasiyası (CBF) ulduz futbolçunun sağlamlığını riskə atmamaq qərarına gəlib. Neymarın gələn ilin mart ayında Kolumbiya və Argentina yığmalarına qarşı oyunlarda milli komandanın heyətində meydana qayıda biləcəyi təxmin edilir.

Xatırladaq ki, braziliyalı futbolçu ötən il, 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alaraq, dizinin çarpaz bağlarını yırtmış və bu səbəblə cərrahi əməliyyat edilmişdi. O, bir neçə gün öncə Asiya Çempionlar Liqasının “Əl-Ayn”a qarşı oyununda nəhayət ki, yaşıl meydanlara qayıdıb.

Neymar “Santos”un yetirməsidir. Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.

Təcrübəli hücumçu ötən mövsüm “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib. Bu mövsüm isə o, cəmi 1 oyunun iştirakçısı olub.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
27
3
arena.az

4Mənbələr