AZ

Təhsil eksperti: "Tələbələr üçün həyata keçirilən sosial layihələrə dəstək verilməlidir"

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetində ilk dəfə qəbul imtahanlarında ən yüksək bal toplayan 14 tələbəyə “TələbəPlus” kartları təqdim edilib. BDU-nun rektoru Elçin Babayev Təhsilin İnkişafı Fondunun (TİF) reallaşdırdığı bu layihənin gənclərin təhsil həyatında önəmli rol oynayacağını bildirib. Onun sözlərinə görə, bu kartlar tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcək: “Tələbələr təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklər”, - deyə E.Babayev vurğulayıb. 

Təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında deyib ki, Təhsilin İnkişafı Fondu son illərdə uğurlu fəaliyyəti ilə fərqlənir və  dinamik şəkildə layihələr həyata keçirir. 

E.Nuri qeyd edib ki, “TələbəPlus” kartları hələ ki, tələbələrə müxtəlif mədəniyyət obyektlərini ödənişsiz və ya güzəştli şəkildə ziyarət etmək imkanı verir:

“Amma gələcəkdə idman, sağlamlıq, nəqliyyat və digər xərclərin də “TələbəPlus” kartlarına daxil edilməsi gözlənilir. Çox istərdim ki, bunun kimi sosial və motivasiya edici layihələr Azərbaycan tələbələri üçün keçərli olsun. Dünya təcrübəsində bir çox layihələr var. Bu kartlar iki istiqamətlidir. Birincisi sosial istiqamətdir ki, çox böyük bir kütləni əhatə edir. İkincisi isə yüksək göstəricilərə görə təqdim olunmasıdır. Müəyyən bir kəsim nailiyyətlərinə görə güzəştli kartlardan istifadə edə bilir”.

Ekspert düşünür ki, yaxın gələcəkdə universitetlər özləri bu cür kartların verilməsinə, tələbələr üçün güzəştlər paketinin genişləndirilməsinə şərait yaradacaq:

“Bundan başqa 250 min tələbə üçün “Vahid Tələbə Kartı” hazırlanaraq paylanılacaq. Bu kartla da tələbələr müəyyən imtiyazlardan faydalana biləcəklər. Bu kartların tətbiqi zamanı uğurlu və ya uğursuz olması ona verilən dəstəkdən asılıdır. Bir layihəyə nə qədər çox özəl şirkət, dövlət qurumu dəstək göstərəcəksə, bir o qədər də uğurlu olacaqdır. 

Əgər hansısa bir universitetimiz tələbələr üçün güzəştlər kartı hazırlamaq istəyir, amma həmin kartda cəmi bir-iki müəssisənin, məsələn, ancaq iki muzeyin və ya teatrın adı olacaqsa, həmin kartın faydalılıq göstəricisi də azalacaq. Geyim, restoran şəbəkələri, ümumiyyətlə,tələbələrin gedəcəyi hər bir yer yaxşı olar ki, onlar üçün güzəştlərini əksik etməsin, iri şirkətlər, korporasiyalar bu işə dəstək verməlidir. Nə qədər çox sponsorlar, donorla cəlb olunarsa, bu kimi layihələrin də səmərəsi artar”.


Törə Zeynallı
Demokrat.az
Seçilən
82
6
demokrat.az

4Mənbələr