AZ

Sülh müqaviləsinin detalları: “Erməni deputatlar yalan danışırlar”

Ermənistan parlamentinin deputatları Qeğam Manukyan, Kristin Vardanyan və Aspram Krpeyan ötən cümə günü Xarici İşlər Nazirliyinə gedərək Azərbaycanla münasibətlərin nizamlanmasına dair saziş və sülh müqaviləsi ilə bağlı təkliflərlə tanış olublar.

Qeğam Manukyan “Hraparak” qəzetinə açıqlamasında bu xəbəri təsiqləyib:

““Tam məxfi” kimi təsnif edilən sənədin məqamlarını bizə açıqlamasalar da, 6 səhifəlik yazışmalardan bəzi detallardan xəbərdar olduq”.

Müxalifətçilərə sülh müqaviləsinin mətni yox, tərəflərin bir-birinə qarşı irəli sürdüyü tələblər təqdim olunub. 

“Belə çıxır ki, ən əsas məsələlərdə konsensus yoxdur, Azərbaycan tərəfinin tələbi, Ermənistan tərəfinin razılığı var.Azərbaycan Ermənistandan Qarabağın da daxil olduğu 86,6 min km-lik ərazi bütövlüyünü aydın şəkildə tanımasını tələb edir. 

Amma o, Ermənistanın ən azı 29 min 800 kvadrat kilometr ərazisini tanımaq fikrində deyil. Azərbaycan hansısa ümumi ifadələrə üstünlük verir ki, müqavilədə rəqəm göstərilməsin, ərazi bütövlüyü ilə bağlı məsələ sözlə ifadə olunsun.

Ermənistan ərazisi sərhəd delimitasiyasından sonra bəlli olacaq. Azərbaycan həmçinin əvvəlki illərin hər hansı bir xəritəsi əsasında delimitasiya etməkdən imtina edir.Seçim 1974-79-cu il xəritələri arasında olsa da, Azərbaycan heç bir xəritə ilə razılaşmır. Təkliflərə anklavlar və yolların blokdan çıxarılması da daxildir”, - deyə o bildirib.

Politoloq Oqtay Qasımov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Qeğam Manukyanın açıqlaması sülh sazişinin real mətnini əks etdirmir:

“Ona görə də sülh müqaviləsində həmin maddələrin əksini tapacağını söyləmək tezdir. Ermənistan parlamentindəki müxalifət deputatları tərəfindən yayılan bu məlumat bu ölkədə revanşist hissini itirmiş qüvvələrin hələ fəaliyytini davam etdirdiyini göstərir. 

Müxalifət tərəfindən belə iddiaların səslənməsi daha çox daxili siyasi mübarizəyə hesablanıb və ictimai rəyi Paşinyanın əleyhinə yönəltmək məqsədi daşıyır.Sülh müqaviləsində Ermənistanın ərazisinin rəqəmlərlə göstərilmədiyi barədə deyilənlərə gəlincə, bunlar ciddi məsələlərdir. Çünki həm Azərbaycan Prezidenti, həm də xarici işlər naziri Ermənistanın ərazi bütövlüyünü tanıdıqlarını dəfələrlə bəyan ediblər. 2022-cilin oktyabr ayında Praqada, bu ilin may ayında isə Brüsseldə Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaq haqqında razılaşma imzalayıb.

Delimitasiya prosesinə isə sülh sazişinin imzalanmasından sonra başlanacaq. Delimitasiya və demarkasiya prosesi sülh müqaviləsindən əvvələ çəkilərsə, sazişin imzalanması ləngiyə bilər. Çünki sərhədlərin müəyyənləşməsi uzun vaxt aparır. Yəni ilk növbədə, sülh müqaviləsi imzalanmalıdır ki, münasibətlərin normallaşması baş versin və delimitasiya prosesinə başlanılsın. 

Bu baxımdan, Ermənistan müxalifətindən olan deputatların açıqlaması ictimai rəyə hesablanıb. Onlar əslində, reallıq hissini itirblər və baş düşmürlər ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də bu ölkənin Konstitusiyasında təsbit olunub. 

Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, öz ərazilərini işğaldan azad edib və qalib gələn tərəfdir. Ermənistan müxalifəti anlamalıdır ki, Azərbaycan Ordusu humanist davranır və Ermənistanın qarşısında ağır şərtlər qoymur. Beynəlxalq hüquqa uyğun təklifləri də Azərbaycan irəli sürüb”. 

Oqtay Qasımovun sözlərinə görə, müqavilədə hansı maddələrin yer aldığını öyrənmək üçün sənədlə ayrıca tanış olmağa ehtiyac yoxdur:

“Çünki mütəmadi olaraq, hər iki ölkənin təklifləri ilə bağlı məlumatlar yayılıb. Onların əhəmiyyətli bir hissəsi rellığa uyğundur. Hansı məsələlərin müzakirə olunduğu, hansının danışıqların gündəliyindən çıxarıldığını söyləmək mümkündür. 

Məsələn, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyulun 15-də, Sergey Lavrovun iyunun 25-də üçtərəfli görüşdən sonra verdiyi açılamalar Qərbi azərbaycanlıların qayıdığı məsələsinin müzakirə olunduğunu göstərir.

Prezident İlham Əliyevin bu günlərdə “Euronews”a müsahibəsində də həm Qarabağ ermənilərinin, həm də Qərbi azərbaycanlıların məsələləri ilə bağlı söylədiyi fikirlər bu istiqamətdə müzakirələrin aparıldığını təsdiq edir. Amma erməni deputatların sənədlə birbaşa tanış olduğu inandırıcı görünmür. 

Hesab edirəm ki, onlara ümumi məlumat verilib və onlar da bunun əsasında açıqlama yayıb. Yəni yekunlaşmamış, razılaşdırılmamış mətnin onlara təqdim olunması mümkün deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
548
28
cebheinfo.az

10Mənbələr