Bakı, 21 fevral, AZƏRTAC
Hüquqi şəxslər arasında “ASAN Xidmət İndeksi” qiymətləndirməsi nəticəsində “Azərişıq” ASC birinci yerə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin fevralın 21-də keçirilmiş mətbuat-konfransında bildirilib.
Qeyd olunub ki, “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin və müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri iştirak ediblər. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə sistemləşdirilməsi, xidmətdən yararlanma və xidmət üçün ödəniş imkanlarının inkişaf etdirilməsi, şəffaflığın təmin olunması, şikayət mexanizmlərinin inkişaf etdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin ölçülməsi və ən əsas da elektronlaşdırılma ilə bağlı prosesin sürətləndirilməsi yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır. Bu məqsədlə 2023-cü ildə Dövlət Agentliyi tərəfindən 23 mərkəzi icra hakimiyyəti orqanının 208 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 170 xidməti və 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət qiymətləndirilib.
Qeyd edək ki, “Azərişıq” ASC vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə xidmətləri onlayn platformaya inteqrasiya etmiş və göstərdiyi 17 adda xidmətdən 15 xidmət üzrə e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət etmək imkanı yaratmışdır. Tərəfimizdən Dövlət Xidmətlərinin Elektron Reyestrinə (DXR) daxil edilmiş xidmətlərin 2023-cü il üzrə xidmət səviyyəsinin ölçülməsi, məlumatların toplanılmasını, yoxlanılmasını, təhlilini və qiymətləndirilməsini aparmaq üçün “ASAN xidmət indeksi”ni təşkil edən 155 adda meyarlar və altmeyarlar üzrə ümumilikdə 1395 sorğu cavablandırılıb, əsaslandırıcı sənədlər təqdim olunub.
Tədbirdə mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə “ASAN xidmət indeksi” qiymətləndirməsi nəticələri açıqlanaraq qeyd olunub ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 98.31 faiz ilə 5 ulduzluq rekord nəticə əldə edib. Ötən illərdə də “Azərişıq” ASC xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm uğurlar əldə edib, xidmət keyfiyyətinə görə dövlət qurumları arasında ön sıralarda yer alıb. 2023-cü il üzrə əldə olunan nəticə “Azərişıq” ASC tərəfindən həyata keçirilmiş sistemli və məqsədəuyğun islahatların nəticəsidir. Bundan sonra da “Azərişıq” ASC tərəfindən xidmətlərin genişləndirilməsi, elektronlaşdırılması istiqamətində işlər davam etdiriləcək və müştəri məmnunluğunun yüksək səviyyədə saxlanılması üçün tədbirlər görüləcək.
“ASAN xidmət”lə iş Departamenti tərəfindən 2023-cü il üzrə görülmüş işlər barədə məlumat verilərkən bildirilib ki, ötən il ərzində ümumilikdə 323 min 601 müraciət qəbul olunub. Müraciətlərin 8314-ü elektron şəkildə, 315 min 287-si isə xidmət mərkəzlərində qəbul edilib. Sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üzrə 7985 müraciətdən 3930-u elektron şəkildə qəbul olunub ki, bu da orta hesabla 49 faiz elektron müraciət deməkdir. Ümumilikdə görülmüş tədbirlər nəticəsində 2023-cü ilin son 3 rübü ərzində sahibkarlıq subyektlərinin elektron müraciətlərinin sayı ümumi müraciətlərin 50 faizdən çoxunu təşkil edir. Enerji təchizatı şəbəkəsinə qoşulma xidmət üzrə 2023-cü ildə Bakı, regional “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri üzrə abonentlər 299695 kVt enerji gücü ilə təmin olunublar. Təqdimatdan görünür ki, təmin olunan gücün 54.6 faizi Bakı RETSİ-nin, 45.4 faizi isə regionların payına düşür.