Ümumi təhsil müəssisələrinin V və VI siniflərində “Təbiət” fənninin tədrisinə başlanmasının müəllimlərin dərs yükünə hər hansı bir təsiri olmayacaq.
Press.az xəbər verir ki, bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, inteqrativ fənn olan “Təbiət” V və VI siniflərdə “Həyat bilgisi”, “Fizika” və “Biologiya” fənlərinin saatları hesabına tədris edilir.
“Əvvəlki illərdə bu siniflərdə həmin fənlərin tədrisinə ümumilikdə ayrılmış 5 saat V siniflərdə 2, VI siniflərdə 3 saat olmaqla “Təbiət” fənninin tədrisinə veriləcək. Bu il “Təbiət” fənni üzrə dərsliklər tədris ili başlayanadək bütün ümumi təhsil müəssisələrinə çatdırılacaq”, - deyə cavabda qeyd olunub.
Qeyd edək ki, növbəti tədris ilindən ümumtəhsil məktəblərinin VI sinfində “Təbiət” fənninin tədrisinə başlanılacaq, əvəzində isə “Fizika” və “Biologiya” keçilməyəcək.