AZ

Belə pis başa düşməyin, ORADA KİŞİ QALMAYIB

Əvvəlcə özümdən deyim. Deməli, bir xasiyyətim var, kiməsə məsləhət verəndə, irad tutanda, əsəbiləşəndə bəzi rəhbər adamlar kimi qışqır-bağır salmıram, kobudluq eləmirəm, qəlbə dəymək isə heç istəmirəm. Buna görə də hədəfə, obyektə sözümü demək istəyəndə "Belə pis başa düşmə, xətrinə də dəyməsin!" deyib, başlayıram tənqidə, gupamağa. İndiyədək redaktor işlədiyim KİV-də də həmçinin bu açar cümləylə başlayıram "abır bükməyə". Necə ki, "Quran-i-Kərim"dən ayələr, surələr oxunanda, dualar ediləndə "Bismillahir Rəhmanir Rəhim"siz başlamaz, mənim də tənqidim "Belə pis başa düşmə, xətrinə də dəyməsin!"lə başlayır.

İndi keçirəm sözümün mustafasına. Belə pis başa düşməyin, xətrinizə də dəyməsin, orta məktəblər haqqında danışacağam. Yox, əsla, məktəblərin təhsili, tərbiyəsi ilə işim yoxdur, o mövzu başqadır. Mənim dərdim isə bambaşqadır. Çox toxunublar bu mövzuya, amma hələ də bir tərpəniş yoxdur bu sarıdan. Zəncəfili, darçını var, hətta zəfəranı da, amma əsas məsələsi yoxdur e... Duzu... Belə pis başa düşməyin e, məktəblərdə kişi yoxdur. Həə, indi bildiniz “duz” deyəndə nəyi nəzərdə tuturdum? Qadın həyatın dadıdırsa, kişi o dadın əsas inqridenti - DUZUDUR. Amma təəssüflər olsun ki, Azərbaycan məktəblərinin DUZU QAÇIB...

Təsəvvür edin ki, hansısa bir orta ümumtəhsil məktəbinə giriş edirik. Darvazada qırmızıyanaq bir xala, həyətdə şagirdlər qızlı-oğlanlı qarışıblar bir-birinə, məktəb binasına daxil olanda, əllərində “şvabra”, süpürgə o baş bu başa var-gəl edən xalalar, pəncərələrin qarşısında tənəffüs zamanı zəngə qədər vaxt tapıb qeybət edən qadınlar, bir sözlə, hər addımda qadınlar, qadınlar, qadınlar... Dərs gedir. Sinif otağının qapısında bir "deşik" tapıb içəri baxırsan, yenə də qadın. Ən dəhşətli mənzərə müəllimlər otağıdır. Müəllimlər otağı yox e, sanki "QIZ TOYU PALATKASI"dır.

Əşi belə iş olar? Orta məktəbləri gəzəndə, adama elə gəlir ki, - yenə deyirəm e, belə pis başa düşməyin, - sanki ölkədə kişi yoxdur. Bəlkə də bu cümləmi oxuyub məni qınadınız, bəlkə də güldünüz, amma nə qınamalıdır, nə də gülməli... ağlamalı bir situasiyadır.

Qadın anadır, qadın tərbiyəçidir - əlbəttə, bu bir dilemmadır, amma həyata addım atdığımız hər yerdə - evdə də, məktəbdə də səni tərbiyə edən, sənə yol göstərənlərin hamısı qadınlardırsa, o zaman fikirləş (!!!) gələcək nəticəni... Azərbaycan məktəblərindəki mənzərə sanki “qadınlar vadisi”ni xatırladır. Qadın “böyük qüvvə” olsa da, kişilərsiz mümkün deyil həyat, elə məktəblərdəki nizam-intizam da. Bir mübarizlik, əzmkarlıq nümunəsidir, düşmən çəpəridir, yaslanacaq bir dirəkdir kişi. Kişi elə kişilik məktəbidir. Amma məktəblərdə kişilər demək olar ki, yoxdur. İnanın ki, məktəblərdə kişi müəllimlərin sayının azalması, bəzi hallarda heç olmaması həm oğlan şagirdlərin inkişafına zərbədir, həm də elə qızların. Qadın zəriflik əlamətidir, bəs həyatın bəzi məqamlarında lazım olacaq çətinliklərə sinə gərməyi, problemlərin öhdəsindən kişi kimi gəlməyi kimdən öyrənəcək şagirdlər?!!

Yadımdadır, ötən əsrin 80-90-cı illərində, yəni mən orta məktəbdə oxuyanda müəllimlərimiz vardı – öz aramızda “əzrayıl” dediyimiz müəllimlər. Paris müəllim, iki Zülfüqar müəllimlər, Kamil müəllim, Yaşar müəllim, Əkrəm müəllim və başqaları - kişi kimi kişi müəllimlər. Ay Allah, adlarını çəkdim, başımın tükləri qalxdı, sanki bu dəqiqə zəhmli səslə, “Adəm, nağarırsan bu kompüterin qabağında, tez keç sinfə!” deyəcəklər. Bax beləydi o vaxtlar orta məktəblər – zəhmli, lazım gələndə daha çox rəhmli olan kişi müəllimlərlə keçirdi dərslər. Qadın müəllimlərimiz də var idi, o vaxtlar müəllimə deyirdik. İbtidai sinif müəlliməm Sürəyyə müəllimə vardı. Hələ də başımda üzüyünün qaşının yeri qalır. Sevda müəllimə vardı, sinfini dəyişəndə yaman xətrinə dəymişdim, bərk incimişdi məndən. Ədəbiyyatı sevdiyim üçün Solmaz müəllimənin sinfinə keçmişdim.

Həqiqətən çox acınacaqlı bir vəziyyətdir. Təsəvvür edirsiniz, orta məktəbdə qız şagirdlərə də, oğlanlara da qadın müəllim keçir “Bədən tərbiyəsi” (fiziki hazırlıq - red) dərsini. Belə olan halda sinifdəki oğlan hansı bədənə sahib olacaq - üzmü cıracaq, saçmı yolacaq? Təsəvvür edin “Tarix dərsi”dir, qadın müəllim 44 Günlük Vətən Müharibəsindən danışır. Oradakı hadisələri, şəhidlərdən, qazilərdən ağlaya-ağlaya, kövrək notlarla danışır həmin müəllim. Bu zaman dərsə qulaq asan oğlan, elə qız şagirdlər də hansı ruhda böyüyəcək?. Kişi kimi danışmaq lazımdır o mövzuları, kişilər keçməlidir o bəhsləri. Çünki bizə o şəhidlərin, qazilərin yerini dolduracaq oğullar – kişilər lazımdır.

Deyiləsi dərd çoxdur e. Problemin təsiri ilə son zamanlar oğlanların rəqsində belə sürüşkənlik sezilir. Məşədi İbadın “Uzundərə”sini, Süleyman bəyin “Süleymani”sini, Kərəmin “Yanıq Kərəmi”ni və sair rəqslərimizin ritmini tutan oğlanların sayı azalıb. “İran təranələri”nə burcudan, diskoteka ritmlərində göbəyini açan oğlanların sayı artır. Qorxunc mənzərə. Çoxdur anormallıqlar. Qorxuram, hamısını desəm üstümə böyük bir "ordu" gələr. Yumruqlaşmağa yox haa, “saçımı yolmağa”... Burada dayanım.

Seçilən
271
8
publika.az

7Mənbələr