Kilsə və “Daşnaksütyun” kimlərin təlimatı ilə hərəkətə keçiblər?
2020-ci ilin payızında baş verən 44 günlük müharibədə Ermənistanın sarsıdıcı məğlubiyyətə uğramasından, baş nazirin gizlicə təslimolma aktı imzalamasından nəticə çıxarmayan revanşist qüvvələr yenidən aktivləşiblər. Olduqca rəngarəng olan bu düşərgədə az qala bütün siyasi qüvvələrin təmsilçiləri var. Onlar, necə deyərlər, alabəzəkdirlər. Digər vaxtlarda bir-biri ilə yola getməyən bu qüvvələr indi Paşinyanı devirmək istəyində birləşiblər. Bu düşərgənin “xaç atası” rolunda ölkənin ikinci prezidenti Robert Koçaryan çıxış edir.
Onun əsas əlaltısı 2008-ci ildə hakimiyyəti təhvil verdiyi, ondan çox dinc insanın həlak olması yolu ilə vəzifəyə yiyələnmiş Serj Sarkisyandır. İndi də hakimiyyətə gəlmək üçün Koçaryan–Sarkisyan tandemi Azərbaycanla Ermənistan arasında pozitiv məcrada keçən delimitasiya prosesindən bəhanə kimi yararlanır, prosesdə erməni kilsəsinin simalarından və resurslarından aktiv istifadə edir. Aydın görünür ki, etiraz prosesinin gizli təşkilatçısı R.Koçaryan bu dəfə hakimiyyətə gəlmək üçün daha ciddi hazırlaşıb, əvvəlki uğursuzluqlarından nəticə çıxarıb, etiraz texnologiyalarını fərqli ssenari üzrə qurub. Bunu Paşinyanın 2018-ci ilin mayında kütləvi etirazlar fonunda hakimiyyətə gəlməsi ilə hazırkı aksiyalar arasında oxşar məqamlardan, o cümlədən paytaxta piyada yürüşdən, itaətsizlik aksiyalarından da görmək olar.
Faktiki olaraq, apostol kilsəsi və “Daşnaksütyun” partiyası bu gün Ermənistanda müharibə tərəfdarları kimi çıxış edirlər. Onların dəstəkçisi isə Fransa prezidenti Emmanuel Makron, ABŞ konqresmeni Nensi Pelosi, senator Robert Menendes kimi şəxslərdir. Onlara ümumi rəhbərliyi isə ABŞ və Fransadakı erməni diasporu-lobbisi həyata keçirir. Elə 52 yaşlı Baqrat Qalstanyanın bioqrafiyası da şübhəli məqamlarla doludur. Məlum olub ki, o, Böyük Britaniyada Lids və Kanadanın Monreal şəhərlərində dini təhsil alıb. Eyni zamanda, on il ərzində Kanadadakı erməni kilsəsinə başçılıq edib. Hayastanın media qurumları onun Kanada vətəndaşlığı olduğunu yazıb. Daha sonra Qalstanyan özü bu faktı etiraf etmək məcburiyyətində qalıb.
Maraqlıdır ki, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin də həmin “cəbhədədir”. Əli hər yerdən üzülmüş bu şəbəkə Paşinyanı, guya, qanuni yolla, impiçmentlə devirməyə çalışır. Baş nazirin impiçment proseduruna başlamaq təklifini ilk dəfə mayın 9-da Respublika meydanında keçirilən mitinqdə B.Qalstanyan səsləndirib. Ancaq ölkənin media orqanları dərhal araşdırma apararaq, hazırkı siyasi qüvvələr nisbətində bunun mümkün olmayacağını bəyan ediblər. Qaydalara görə, siyasi qüvvə baş nazirliyə öz namizədini təqdim etməli və müvafiq formanı aldıqdan sonrakı 24 saat ərzində 36 deputatın imzasını toplamalıdır. Hazırda müxalifətçi “Hayastan” və “Şərəfim var” fraksiyalarının birlikdə cəmi 35 deputatı var. Onlar ya yeganə bitərəf deputat İşxan Zakaryanın, ya da hakim qüvvədən bir deputatın dəstəyini almalıdırlar. Məsələ Zakaryanla müzakirə olunmayıb, hakim fraksiyada isə mərkəzdənqaçma əhval-ruhiyyəsi hələ hiss olunmur. Lazımı sayda imzalar toplandıqdan sonra 48-72 saat ərzində səsverməyə başlamaq tələb olunur. İmpiçment üçün minimum 54 səs lazımdır, yəni müxalifət əlavə daha 18 deputatın dəstəyini almalıdır. Bu qədər sayda səs ala bilməyəcəyini görən etirazçılar məsələni “küçədən təzyiq” yolu ilə həll edəcəklərinə inanırlar. Onların qarşıdakı günlərdə etiraz aksiyalarını genişləndirmək istəyi də bununla bağlıdır.
Hazırda bölgədə sülh tərəfdarı qismində isə Avropa İttifaqının rəhbərliyi, ABŞ Dövlət Departamenti və Türkiyə çıxış edirlər. Əgər, biz bunları bir-birindən ayırmasaq baş verənləri aydın qiymətləndirə bilmərik. ABŞ-nin “The National Interest” jurnalında Ermənistanda davam edən etirazlara və Bakı-İrəvan sülh prosesinə həsr olunmuş məqalədə qeyd edilir ki, Azərbaycanla çoxdan müzakirə olunan sülh sazişinin imzalanması, üstəlik, bunun ardınca Türkiyə ilə əlaqələrin qurulması ölkənin uzun illərdir davam edən regional təcrid vəziyyətinə son qoymağa imkan verəcək. Bu da öz növbəsində, Ermənistanın Azərbaycan və Türkiyə kimi müxtəlif layihələrdən iqtisadi fayda əldə edə bilməsinə imkan verəcək. Söhbət Orta dəhliz, “Bir kəmər, bir yol” və “Qlobal qapı” kimi layihələrdən gedir. Qeyd edilir ki, Paşinyan reallıqda Ermənistanın seçiminin olmadığını artıq səmimi şəkildə başa düşür: Ölkə mümkün qədər tez regional dinamikaya reinteqrasiya edilməlidir. Bu, Bakı və Ankara ilə barışıq deməkdir ki, bu da istər-istəməz “Artsax”ın bitdiyi, “tarixi” və ya “böyük Ermənistan” xülyasının unudulduğu sərt reallığın etirafını tələb edir.
Mövzu üzrə söhbətləşdiyimiz Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov bildirdi ki, bu gün Ermənistan daxilində baş verənlər Bakı və İrəvan arasında aparılan sülh danışıqları prosesinə zərbə vurmaq istəyən revanşistlərin xarici qüvvələrin hesabına aktivləşdiklərini göstərir. Onun sözlərinə görə, Nikol Paşinyandan qisas almaq istəyən və onunla şəxsi ədavəti olan qüvvələr bu istiqamətdə xüsusi fəallıqları ilə seçilirlər. Bu prosesdə bəhanə kimi Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasını və Ermənistan hökumətinin qarşıdakı aylarda ölkəmizə daha çox güzəştə gedəcəyini göstərirlər. Baqrat Qalstanyan başda olmaqla, revanşistlər, əslində, özlərinin şəxsi mənafelərini güdərək, erməni xalqını növbəti dəfə daha böyük çağırışla üz-üzə qoymaq istəyirlər: “Biz aksiyanın taktikasına nəzər yetirsək, onun təşkilatçılarının Paşinyan hakimiyyətə gələrkən yararlandığı taktikadan istifadə etdiyini görərik. Yenə saqqallı, adi geyimli və guya, cəmiyyətin sıravi üzvü, siyasi proseslərdən uzaq olan bir şəxsi – bu dəfə din xadimini ortaya atıblar. Əlbəttə, bu da təsadüfi deyil. Adətən, din xadimlərindən Yaxın Şərqin müxtəlif ölkələrində ayrı-ayrı beynəlxalq mərkəzlər istifadə edirdilər. Həmin mərkəzlər din xadimlərinin köməyi ilə 2011-ci ildə başlanan və “Ərəb baharı” adlanan proseslər zamanı Yaxın Şərqin ayrı-ayrı ölkələrində inqilablar etməyə müvəffəq olmuşdular. Biz beynəlxalq münasibətlər sistemində ilk dəfədir ki, xristian ölkəsində məhz arxiyepiskopun başçılığı altında çevrilişə cəhdə şahidlik edirik”.
Politoloq qeyd etdi ki, bu da səbəbsiz deyil. Erməni xalqı daim kilsə ilə bağlı olub. Din və diaspor haylar üçün hər zaman təkanverici qüvvə kimi çıxış edib. İstər “Daşnaksütyun” partiyasına, istər “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu”, yəni ASALA qruplaşmasına, istərsə də onların din xadimlərinin etdikləri moizələrə nəzər yetirsək, görərik ki, erməni ideyasının, “böyük Ermənistan” xülyasının, ümumiyyətlə, bütün miflərin arxasında hər zaman kilsə və diaspor dayanıb. Bu dəfə də kilsə və diaspor N.Paşinyanı hakimiyyətdən devirmək üçün hərəkətə keçib.
Z.Məmmədovun sözlərinə görə, müxalifət və onun arxasında dayanan qüvvələr sabiqləri birbaşa yolla hakimiyyətə qaytarmağın mümkün olmadığını ötən bir neçə ildə dəfələrlə gördü: “Xalq onların arxasınca getməyəcək. Buna görə də kilsə faktorundan istifadə etmək qərarına gəldilər. II Qaregin özü də çox yaxşı başa düşürdü ki, əgər o, hərəkətə keçməsə, o zaman Paşinyan kilsə ilə bağlı öz bildiklərini edəcək. Ümumiyyətlə, erməni kilsəsi və onun arxasında dayanan qüvvələr başa düşməlidirlər ki, hadisələr kilsənin də, necə deyərlər, başı üzərində qara buludların yaranmasına gətirib çıxaracaq.
Əgər Azərbaycanın indiyə qədərki tələblərindən ən mühümü Ermənistan konstitusiyasının və digər normativ-hüquqi aktlarının dəyişdirilməsi idisə, kilsənin canfəşanlığı sübut edir ki, Paşinyan iqtidarı təkcə qanunların dəyişdirilməsini deyil, eyni zamanda, kilsənin gələcək statusu və müqəddəratı məsələsini də həll etməlidir. Əks-təqdirdə erməni kilsəsinin özü daim Cənubi Qafqazda ürək bulandıran faktor olaraq qalacaq. İki ölkə arasında sülhün dayanıqlı olması üçün bu bədnam faktor mütləq şəkildə aradan qaldırılmalıdır.
Baqrat Qalstanyanın mayın 12-də keçirilən mitinqdəki çıxışlarında Qarabağla bağlı məsələlərə, o cümlədən, bölgəyə qayıdışa dair eyham vurması onu göstərir ki, Paşinyanı hakimiyyətdən devirərlərsə, erməni kilsəsinin və dövlətinin gələcəkdə hansı coğrafiyada, hansı sərhədlər daxilində olmasının müqəddəratını da həll etməli olacağıq. Buna görə də erməni xalqı baş verən hadisələrdən ciddi nəticə çıxarmalı, meydanlara çıxan bu şəxlsərin əsl təxribatçı olduğunun fərqinə varmalıdır”.
Müsahibimiz bildirdi ki, 2018-ci il hadisələri zamanı olduğu kimi, bu dəfə də etirazçılar gənclərdən istifadə etmək istəyirlər. Onlar gördülər ki, Tavuşdan İrəvanadək olan 160 kilometrlik yürüşdə müəyyən sayda insan iştirak etsə də, cəmiyyətin avanqard hissəsi olan gənclər çatışmır. Bu mənada universitet rəhbərliklərinin N.Paşinyanın, yoxsa müxalifətin yanında yer alacağı olduqca mühüm məqamlardan biridir. Çünki gənclər təkanverici və ən radikal qüvvə kimi proseslərin istiqamətini bu və ya digər şəkildə dəyişə bilərlər.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan parlamentindəki əksər siyasi qüvvələrin sabiq prezident R.Koçaryanın rəhbəri olduğu “Hayastan” blokunun ətrafında toplanması onların bu günədək susduqlarını, ancaq gələcəklə bağlı planlar qurduqlarını da göstərdi. Təxribatçılar arasında Qarabağdakı keçmiş separatçı rejimdə çalışan şəxslərin, səhra komandirlərinin, generalların olması həm kilsənin, həm “Daşnaksütyun”un, həm Serj Sarkisyanın “Respublika” partiyasının, həm də ayrı-ayrı ölkələrdəki diaspor təşkilatlarının baş verən iğtişaşlarda rolunun olduğunu göstərən məqamlardır.
Əlbəttə, Bakı və İrəvan arasında danışıqların müsbət məcrada getdiyi bir zamanda belə təxribatların olması gözlənilən idi. Bu oyunlar şərti sərhəddə də törədilə bilərdi. İndiki halda isə Ermənistanın daxilində baş verdi. Məqsəd aydındır: Bir tərəfdən, “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin imzalanmasına mane olmaq, digər tərəfdən N.Paşinyanın kürsüsünü, əvvəlcə necə deyərlər, laxlatmaq, sonra devirmək və sonda onu həbs etməkdən ibarətdir. Bütün bunlar Azərbaycan üçün yeni çağırışlardır. Ancaq, görünür, revanşistlər ölkəmizin istənilən cavaba hazır olduğunu unudublar...
Səxavət HƏMİD
XQ