BAYDENİN 106 MİLYARD DOLLARLIQ YARDIM TƏLƏBİ RƏDD EDİLƏ BİLƏR
Birləşmiş Ştatlar prezidenti Cozef Baydenin Ukrayna və İsrailə yardım üçün 106 milyard dollar ayırmaq tələbi ABŞ Senatı tərəfindən rədd edilə bilər. Bu barədə “Politico” nəşrinin xəbərində qeyd olunur.
Məlumata əsasən, Cozef Bayden Respublikaçılar Partiyasındakı qarşıdurmalar səbəbindən “çətin vəziyyətə” düşüb. Bu fikir ayrılıqları maliyyələşdirmə sorğusunun rədd edilməsi və ya kəskin şəkildə dəyişdirilməsi ilə nəticələnə bilər.
Nəşrin qeyd etdiyinə görə, respublikaçılar İsrail və Ukraynaya kömək etmək lazım olub-olmaması barədə fikir ayrılığına malikdirlər. Eyni zamanda, bir çox qanunvericilər miqrasiya siyasətinə daha çox diqqət yetirməkdə israrlıdırlar.
Bununla yanaşı, “Politico”nun yazdığına əsasən, hətta Ukrayna və İsraili dəstəkləyənlər də Cozef Baydenin sorğusuna pessimist yanaşırlar.
İSVEÇİN NATO-YA QƏBULU İLƏ BAĞLI SƏSVERMƏ TƏXİRƏ SALINIB
Macarıstan parlamentində müxalifətin İsveçin NATO-ya qəbulu barədə səsvermənin keçirilməsi ilə bağlı təklifi səs çoxluğu qazanmayıb və müvafiq təklifə yalnız noyabr ayında baxıla bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Demokratik Koalisiya” partiyasından olan deputat Aqneş Vadai məlumat verib.
“İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə bu həftə keçirilməyəcək. Bu məsələnin gündəliyə salınması təklifi mandatların çoxluğuna malik olan hakim “FİDES - Macarıstan Vətəndaş Birliyi” partiyasının deputatları tərəfindən rədd edilib”, - deyə deputat əlavə edib.
Qeyd edilir ki, İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına qəbul edilməsi haqqında sazişin Macarıstan parlamentində ratifikasiya tarixi hələ də müəyyən edilməyib.
Hökumət müvafiq qanun layihəsini ötən ilin yayında parlamentə təqdim edib, lakin İsveç siyasətçilərinin Macarıstana qarşı qeyri-dost bəyanatları səbəbindən deputatlar onun baxılmasını qeyri-müəyyən müddətə təxirə salıblar.
MÜNAQİŞƏ İSRAİLDƏ ƏRZAQ QITLIĞINA SƏBƏB OLA BİLƏR
HƏMAS ilə artan münaqişə fonunda gəmiçilik şirkətləri İsrail limanlarına daxil olmağın çox riskli olduğuna qərar verərsə, İsrail ərzaq çatışmazlığı ilə üzləşə bilər. Bu barədə “Foreign Policy” nəşrinin analitik məqaləsində qeyd olunur.
Bununla yanaşı, nəşr ABŞ Kənd Təsərrüfatı Departamentinin 2022-ci il üçün hesabatına istinadən yazır ki, İsrail şəkər, bitki yağları, taxıl və digər xammalların istehlakı üçün demək olar ki, tamamilə idxaldan asılıdır. İsrail ixrac etdiyindən təxminən üç dəfə çox ərzaq və kənd təsərrüfatı məhsulları idxal edir.
Məlumata əsasən, ötən həftə Tayvanın ən böyük gəmiçilik şirkətlərindən biri olan “Evergreen Line” artıq fors-major vəziyyət elan edib və davam edən təhlükəli vəziyyət səbəbilə Aşdodda gəmilərindən birinin planlaşdırılan səfərini ləğv edib.
Hazırda bir sıra gəmiçilik şirkətləri də münaqişə fonunda İsrail limanlarına daxil olub-olmamağı nəzərdən keçirir. Nəşr qeyd edir ki, İsrail suları artıq gəmiçilikdə ən yüksək risk kateqoriyasına aiddir.
BMT: DÜNYA ÜZRƏ QAÇQINLARIN SAYI 114 MİLYON NƏFƏRƏ ÇATIB
BMT-nin Qaçqınların İşləri üzrə İdarəsi açıqlamasına əsasən, sentyabrın sonunadək dünyada müharibə və zorakılıq nəticəsində didərgin düşmüş insanların təxmini sayı 114 milyon nəfərə çatıb. Bu barədə “Trend” agentliyi məlumat yayıb.
“2023-cü ilin birinci yarısında məcburi köçkünlərin evlərini tərk etməsinin əsas amilləri bunlar idi: Ukraynadakı müharibə və Sudan, Konqo Demokratik Respublikası və Myanmadakı münaqişələr; Somalidə quraqlıq, daşqınlar; Əfqanıstanda uzun sürən humanitar böhran”, - deyə idarənin hesabatında qeyd olunur.
Eyni zamanda, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi hazırda dünyanın diqqətinin Qəzzada baş verən “humanitar fəlakət” üzərində olduğuna diqqət çəkib.
“Qlobal miqyasda münaqişələr çoxalır və ya böyüyür, günahsız insanların həyatını məhv edir və insanları öz kökündən qoparır. Beynəlxalq cəmiyyətin münaqişələri həll edə və ya yenilərinin qarşısını ala bilməməsi kütləvi köç və bədbəxtliyə səbəb olur”, - deyə Filippo Qrandi vurğulayıb.
BMT rəsmisi əlavə edib ki, münaqişələrə son qoymaq və qaçqınların və digər məcburi köçkünlərin evlərinə qayıtmasına və ya həyatlarına yenidən başlamasına imkan vermək üçün bütün dövlətlər səylərini birləşdirməlidir.
NETANYAHU: YERÜSTÜ ƏMƏLİYYATA HAZIRLIQLAR DAVAM EDİR
“İsrail ordusu Qəzza zolağında əməliyyatın yerüstü mərhələsinə hazırlıqlarını davam etdirir, lakin onun başlamasının dəqiq vaxtı barədə danışmaq tezdir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində bəyan edib.
Bununla yanaşı, baş nazirin sözlərinə görə, İsrail Fələstinin radikal HƏMAS hərəkatının hədəflərinə atəş açmaqla minlərlə terrorçunu zərərsizləşdirib.
Benyamin Netanyahu deyib: “Bu, hələ başlanğıcdır. Həmçinin yerüstü əməliyyatlara da hazırlaşırıq. Bunun nə vaxt, necə olacağını deməyəcəyəm, nəzərə aldığımız bütün amilləri açıqlamayacağam. Onların əksəriyyəti ictimaiyyətə məlum deyil”.
Eyni zamanda, Netanyahu təsdiqləyib ki, Qəzza zolağında əməliyyatın əsas məqsədləri dəyişməz qalır: HƏMAS-ın inzibati strukturunun və hərbi potensialının tamamilə aradan qaldırılması və anklavda saxlanılan bütün girovların azad edilməsi.
YENS STOLTENBERQDƏN NATO-NUN MÜDAFİƏ SƏNAYESİ NÜMAYƏNDƏLƏRİNƏ ÇAĞIRIŞ
NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Müqaviləsi Təşkilatının müdafiə sənayesi nümayəndələrini Ukraynadakı münaqişə səbəbindən silaha tələbatın artması fonunda öz məhsullarının qiymətlərinin artırılması məsələsinə məsuliyyətlə yanaşmağa çağırıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.
“Biz avadanlıq və sursat alışını artırmağa razılaşdıq, tələbatı təmin etdik, hazırda isə təchizatın artırılmasını təmin etməliyik. Burada problem ondan ibarətdir ki, biz tələbi artırdıqda daha yüksək qiymətlər deyil, daha çox tədarük istəyirik”, - deyə baş katib əlavə edib.
Eyni zamanda, Yens Stoltenberq vurğulayıb ki, hökumətlər silah sənayesi məhsullarının tədarükünün artımını təmin etmək və xərclərini məqbul həddə saxlamaq üçün kollektiv məsuliyyət daşımalıdırlar.
NATO-nun baş katibi bildirib ki, alyansın müdafiə sənayesi digər sənayelərdən daha çox tənzimlənir və bu, investisiya və mənfəətə təsir edə bilər.
CƏNUBİ KOREYA VƏ ABŞ GENİŞMİQYASLI HƏRBİ TƏLİMLƏR KEÇİRİR
Cənubi Koreya və ABŞ Sarı dənizdə genişmiqyaslı hərbi təlimlər keçirir. Bu barədə “Yonhap” agentliyinin xəbərində qeyd olunur. Manevrlərdə 30 gəmi, o cümlədən “Aegis” sistemi ilə təchiz edilmiş esmines, patrul təyyarələri və helikopterlər, hər iki ölkənin Hərbi Hava Qüvvələrinin qırıcıları və sahil mühafizə gəmiləri iştirak edir.
Məlumata görə, dörd gün davam edəcək təlim oktyabrın 24-də başlayıb. Onlar oktyabrın 16-dan noyabrın 22-dək davam edən illik təlimin bir hissəsidir.
Təlimlər zamanı, tərəflər Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xətti yaxınlığında şərti düşmənin xüsusi təyinatlı qüvvələrinə və təxribatlara qarşı müdafiə əməliyyatları həyata keçirirdilər.
Verilən xəbərə görə, təlimlərin məqsədi Koreya Respublikası və ABŞ silahlı qüvvələrinin müdafiə qabiliyyətini və ahəngdarlığını artırmaqdır.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta