Şimal-Cənub dəhlizinin istifadəyə verilməsi bütün qonşularımıza, xüsusən də Ermənistana xeyir verəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu İrəvanda keçirilən “Ermənistan, Avrasiya İqtisadi İttifaqı, BRİKS və ŞƏT ilə əməkdaşlığın yeni üfiqləri” adlı beynəlxalq forumda çıxış edən iranlı analitik və media tədqiqatçısı Ruhullah Modabber deyib.
“Qeyd etmək lazımdır ki, İranın Ermənistanla həmişə yaxşı dostluq münasibətləri olub. Tehran İrəvanı qardaş ölkə və tərəfdaş hesab edir. Bu mənada iqtisadi əməkdaşlıq məsələləri də prioritetdir. İran Ermənistanda yol, nəqliyyat və elektrik stansiyası layihələrinə sərmayə qoymağı, eləcə də ticarəti asanlaşdırmaq üçün İrəvanda ticarət mərkəzi yaratmağı planlaşdırır. İran Ermənistanla ticarət dövriyyəsini əvvəlcə bir milyard dollara, sonra isə üç milyarda çatdırmağı planlaşdırır. Tehran heç bir halda İran-Ermənistan sərhədinin dəyişdirilməsinin tərəfdarı deyil. Yəni Tehran iki ölkə arasında dostluq, “sülh və əməkdaşlıq simvolu” olan qırx dörd kilometrlik “tarixi” (iranlı ekspert hansı tarixdən danışır özü də bilmir-red.) İran-Ermənistan sərhədinin dəyişdirilməsinə heç vaxt icazə verməyəcək və İslam Respublikasının Ali Rəhbəri əvvəlki və yeni İran prezidentləri bunu birbaşa və qətiyyətlə bəyan ediblər”, - deyə, Ruhullah Modabber bildirib.
Musavat.com