AZ

Ukrayna müharibəsində ən qorxulu an gəldi- ABŞ Rusiyanın “dərin hədəflərini” vura bilər...

Image

Ramil Məmmədli: “Düşünmürəm ki, uzaqvuran ATACMS raketlərinin verilməsi Rusiyanı dayandırsın”

ABŞ Ukraynanın Amerika uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərini vurmasına məhdudiyyətlərin ləğvi üzərində işləyir. Bunu prezident Cozef  Bayden jurnalistlərlə söhbətində deyib.

Vaşinqton Kiyevin belə silahlardan istifadəsinə məhdudiyyətləri qaldıra bilərmi? Ağ Evi tərk etmək üzrə olan Bayden bu xüsusda deyib: “Hazırda bunun üzərində işləyirik”.

Dövlət katibi Entoni Blinken bundan öncə təsdiqləmişdi ki, ölkəsi Ukraynanın Rusiyaya zərbələrdə uzaqmənzilli Qərb silahlarından istifadəsi üzrə danışıqlar aparacaq: “Biz Ukraynanın uzaq mənzilli raketlərdən istifadəyə məhdudiyyətləri qaldırmaqla bağlı xahişini nəzərdən keçirəcək, onu dinləyəcəyik”. Hesab edilir ki, Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqalrının aktuallaşdığı bir vaxtda ABŞ və digər Qərb ölkələrinin bu addımı savaşı daha qanlı mərhələyə daxil edəcək. Bunlar fonunda, məlumata görə, ABŞ yaxın gələcəkdə Ukrayna ordusuna Rusiyaya zərbələrdə ATACMS uzaqvuran raketlərdən istifadə icazəsi verəcək. 

Bütün bunların fonunda ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə zərbə vuracaq raketləri verəcəkmi? İcazə verəcəksə, bu nəyisə dəyişə biləcəkmi? 

“Ola bilsin ki, Harris seçkilərdə qalib gələcəyi təqdirdə Bayden adminstrasiyası noyabrda belə bir qərar versin...” 

Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bütün bunlara birmənalı yanaşmadı: “Birləşmiş Ştatların Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ATACMS uzaqvuran raketlərdən istifadəsinə icazə verəcəyi ehtimalı böyükdür. Son aylar bununla bağlı məsələlər Qərb mediasında geniş müzakirə edilir. Adətən belə bir qərar verilməzdən əvvəl ictimai rəy buna hazırlanır. Sadəcə, prezident seçkilərinin qızğın kampaniyası səbəbindən Bayden adminstrasiyası bu addımı atmağa tələsmir. Çünki Qərb mediası nə qədər gizlətməyə çalışsa da, ABŞ-da Ukraynaya yardım məsələsində cəmiyyətin mövqeyi birmənalı deyil. ABŞ əhalisi hesab edir ki, Ukrayna və Yaxın Şərqdə milyardlar xərcləməkdənsə, bu vəsaitləri ölkədaxili problemlərin həllinə yönəltmək lazımdır. Meksikadan ABŞ-a gələn qanunsuz miqrantların qarşısını almaq, sərhədi möhkəmləndirmək lazımdır. Trampın tərəfdarları da əsasən cəmiyyətin bu hissəsidir. Ola bilsin ki, Harris seçkilərdə qalib gələcəyi təqdirdə Bayden adminstrasiyası noyabrda belə bir qərar verəcək. Ancaq düşünmürəm ki, uzaqvuran ATACMS raketlərinin verilməsi Rusiyanı dayandırsın. Bunu mümkün hesab etmirəm. Çünki tərəflər arasında qüvvələr nisbətində olan fərq inanılmaz dərəcədə böyükdür. Rusiyanın həm hərbi, həm də digər resursları böyükdür. Nəzərə almaq lazımdır ki, Rusiya ərazisinə görə dünyada birincidir. Verilən raketlərin traektoriyası nə qədər uzun olsa da, Rusiyanın dərinlikləri sonsuzdur”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
21
baki-xeber.com

10Mənbələr