AZ

COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirilib

Qazaxıstanın paytaxtı Astana şəhərində İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması üzrə Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropa regionu üzrə keçirilən tədbir çərçivəsində COP29 sədrliyinin Bakı Qlobal İqlim Şəffaflığı Platformasının (BTP) təqdimatı olub.

Oxu.Az xəbər verir ki, Azərbaycanın təşəbbüsü və həmtəşkilatçılığı ilə keçirilən sözügedən tədbirin tərəfdaşları qismində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA), Qazaxıstanın Beynəlxalq İnkişaf Agentliyi (KazAID), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) çıxış ediblər. Təlim seminarında ümumilikdə qeyd olunan region üzrə BTP-lərin hazırlanmasına məsul 50-dən çox ekspert iştirak edib. Tədbirə Qazaxıstanın ev sahibliyi etməsi regionumuzda ilk dəfə baş tutacaq COP-a regional kontekstdə verilən önəmin göstəricisidir.

Tədbirin açılış mərasimində ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək Azərbaycanın COP29 sədrliyi və bu çərçivədə həyata keçirilən qlobal təşəbbüslər, o cümlədən BTP barədə məlumat verib. Nazir müavini BTP-nin əsas məqsədinin tərəf dövlətləri arasında inam və etimad yaratmaq, eləcə də inkişaf etməkdə olan ölkələrə BTP-lərin hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməklə yanaşı, Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) universal iştirakı təşviq edərək şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirmək olduğunu vurğulayıb. O bildirib ki, BTP hökumət, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları (QHT) və özəl sektor da daxil olmaqla, cəmiyyətin bütün sahələrindən olan maraqlı tərəflər arasında iqlim şəffaflığı sahəsində əməkdaşlıq və koordinasiya məkanı olacaq.

Tədbirdə Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nissanbayev, Qazaxıstan Respublikası prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymanova, həmçinin UNFCCC və digər beynəlxalq təşkilatların nümayəndələri çıxışlarında Azərbaycanın COP29 sədrliyinə dəstəyini ifadə edib, ölkəmizin iqlim şəffaflığı sahəsində səylərini yüksək qiymətləndiriblər. Çıxışçılar COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində önəmli təşəbbüsü olan BTP-nin əhəmiyyətini vurğulayıb, bu təşəbbüsün ölkələrin BTP-lərinin hazırlaması və ETF-də iştirakı ilə bağlı təcrübə və uğurlarının paylaşılması üçün qlobal fəaliyyətə töhfə verəcəyini ifadə ediblər.

Xatırladaq ki, 3 sentyabr tarixində Bakıda keçirilən Qlobal İqlim Şəffaflığı üzrə Yüksəksəviyyəli Dialoq zamanı Azərbaycan COP29 sədri qismində BTP-ni təsis edib. BTP-yə qlobal dəstəyin təmin olunmasının təşviqi məqsədilə COP29 sədrliyinin təşkilatçılığı ilə 9-11 sentyabr tarixlərində Toqo və Keniyada baş tutan Afrika regionu ölkələri üçün BTP-lərin hazırlanmasına həsr olunan tədbirlərdə BTP-nin təqdimatı keçirilib. BTP-nin qlobal təşviqi üzrə növbəti yüksəksəviyyəli tədbirin BMT-nin Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində 25 sentyabr tarixində Nyu-Yorkda keçirilməsi planlaşdırılır.

 

KAİM.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
12
kaim.az

10Mənbələr