“Sentyabrın 10-dan milli komanda təlim-məşq toplanışına başlayıb. Əvvəlcə Bakıda hazırlaşdıq”.
Prosport.Az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin üzvü Oktay Rüstəmli Çexiya ilə keçirəcəkləri yoldaşlıq oyunları barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
O, ilk iki gündə əsasən fiziki hazırlığa üstünlük verdiklərini bildirib: “Daha sonra taktiki planda təmrinləri yerinə yetirdik. Bu hazırlıq Çexiya ilə keçirəcəyimiz yoldaşlıq oyunları üçündür. Əlbəttə, yoldaşlıq matçları olsa da, meydana millinin formasında çıxacağıq və məqsədimiz qələbə qazanmaqdır. Hələlik futzal mövsümünün əvvəli olduğuna görə hər kəs formasının pik səviyyəsində deyil. Müəyyən axsamalar var, amma bunlar tədricən aradan qaldırılacaq”.
Yığma üzvü komandada ab-havanın yaxşı olduğunu söyləyib: “Hər birimiz özümüzə və komandamıza inanırıq. Meydanda da bu inamın verdiyi ruh yüksəkliyi ilə mübarizə aparacağıq. Sentyabrın 19-da və 20-də Çexiya ilə keçirəcəyimiz matçların mahiyyətini başa düşürük. Əsas məqsəd baş məşqçinin verəcəyi tapşırıqları mümkün qədər səhvsiz yerinə yetirmək olacaq. Çünki bizi dekabr ayından başlayaraq Avro-2026-nın seçmə oyunları gözləyir. Rəqiblərimiz bəllidir. Hər birinin məqsədi var, biz də final mərhələsinə yollanmaq niyyətindəyik. Seçmə mərhələdəki rəqiblərimiz heç də zəif komandalar deyil. Xorvatiya millisi favorit hesab olunur. Ancaq futzal elə idman növüdür ki, nəticəni əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Qrupdan üzüağ, alnıaçıq çıxacağımıza inanıram”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta