AZ

“Xəzəri Qoruyaq!” kampaniyası başa çatıb - FOTO

Coca-Cola, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EcoHub” ekoloji platforması və digər tərəfdaşların dəstəyi ilə keçirilən “Xəzəri Qoruyaq!” genişmiqyaslı ekoloji kampaniyasına sentyabrın 21-də Bakının Novxanı çimərliyində yekun vurulub. SİA xəbər verir ki, kampaniya çərçivəsində iştirakçılar sentyabrın 7-dən 21-nə qədər Xəzərin Lənkəran, Astara, Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt çimərliklərindən tullantıları toplayaraq təkrar emal müəssisələrinə təhvil verib. Sonuncu sahilyanı təmizlik aksiyası isə Bakıda keçirilib. Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının əməkdaşları və könüllülərinin iştirakı ilə artıq 15-ci ildir keçirilən kampaniya bu dəfə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub. Bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində keçirilən “Xəzəri Qoruyaq!” kampaniyasının Bakı aksiyası bu il 1000-dən çox könüllünün iştirakı ilə Novxanı çimərliyi ərazisində təşkil edilib. Aksiya nəticəsində 5 hektar ərazidən 3 ton tullantı toplanıb.

Ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etmək məqsədilə ilə keçirilən kampaniya müddətində toplanan tullantılar çeşidlənərək təkrar emala göndərilir. Ekologiya və Təbii Sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev bildirib ki, xüsusən nüfuzlu COP29 konfransı ərəfəsində ölkədə çoxillik təcrübəyə malik belə kampaniyanın növbəti dəfə keçirilməsi çox önəmli hadisədir: “Biz daim ekoloji layihələrə dəstək oluruq. Çox təəssüf ki, bir çox halda layihələrin davamlılığı təmin olunmur, bu isə irimiqyaslı nəticə əldə etməyimizə mane olur. Sevindirici haldır ki, Coca-Cola şirkətinin təşəbbüsü ilə keçirilən “Xəzəri Qoruyaq!” kampaniyası artıq 15 ildir ki, davam edir. Hər il daha yaxşı nəticələr əldə olunur. Biz real olaraq kampaniyanın çimərlik ərazilərinin təmizliyinə töhfəsini görürük. Həm cəmiyyətdə məsuliyyət formalaşır, həm də tullantıların miqdarı xeyli sayda azalır. Bu gün də bütün iştirakçılarla birgə ən yaxşı nəticə üçün çalışdıq”. “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova qeyd edib ki, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verməkdən məmnunluq duyur: “Coca-Cola-nın təşəbbüsü ilə keçirilən “Xəzəri Qoruyaq!” kampaniyası uzun illərdir ki, minlərlə könüllünü və onlarla tərəfdaşı ətrafında toplayır. Coca-Cola “Tullantısız Dünya” proqramı ilə fəaliyyət göstərdiyi ölkələrdə, o cümlədən Azərbaycanda ekoloji layihələr üzrə tərəfdaşlığı genişləndirir. Çox sevindirici haldır ki, Azərbaycanda sosial və ekoloji məsuliyyəti ilə seçilən bir çox müəssisə və təşkilatlar bu hərəkata qoşulur və illər keçdikcə onların sayı artır. Əminəm ki, birgə səyimiz nəticəsində daha təmiz sahilyanı zolağa və ətraf mühitə töhfə verəcəyik”. Tədbirə əməkdaşları ilə qatılan ABŞ-nın ölkəmizdəki səfiri Mark Libby aksiyanın ətraf mühitə faydasını vurğulayıb: “Amerika şirkətləri ölkədə dayanıqlı inkişafa, ətraf mühitin qorunmasına dəstək olan layihələrə önəm verir. Bu gün bu aksiyada da iştiraklarına görə onlara təşəkkürümü bildirirəm. Belə genişmiqyaslı tədbirlərlə təbiətdə tullantıların azalmasına və daha dayanıqlı gələcəyə nail olmaq mümkündür”. “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Tükəz Hüseynova bildirib ki, kampaniyanın təşkilati tərəfi olaraq bu məsuliyyətli işi uğurla başa vurmaqdan şaddırlar:

“Artıq ənənəyə çevrilən “Xəzəri Qoruyaq!” kampaniyasının bu il yubiley tədbirini başa vurduq. 15 illik kampaniya tarixi bizə böyük təcrübə qazandırdı və artıq inamla deyə bilərik ki, əhali ətraf mühitdə tullantıların azaldılması üçün səy göstərir və aksiyalarımıza böyük həvəslə qoşulurlar. Bu gün də hər il olduğu kimi uğurlu nəticə və müsbət əhval-ruhiyyə ilə kampaniyanı yekunlaşdırırıq. “EcoHub” olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Coca-Cola şirkətinin dəstəyi ilə həyata keçirdiyimiz digər ekoloji layihələr isə davam etməkdədir”. Qeyd edək ki, “EcoHub” ictimai birliyinin təşkilatçısı olduğu aksiyanın əsas tərəfdaşları Coca-Cola, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Carlsberg Azerbaijan”, “Baker Huges”, “Bakcell”, “AmCham”, “Global Media Group” və “McDonald's” şirkətləridir. Aksiyaya dəstək olan digər tərəfdaşlar isə ADRA, “PwC Azərbaycan”, Təmiz Şəhər, Port of Baku, ABŞ-nin Azərbaycandakı Səfirliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Skautlar Assosiasiyası, Yaşıl ASAN, Freken Bok, "ABŞ Təhsilli Azərbaycan Məzunları" ictimai birliyi, Global Shapers Shamakhi Hub, Liv Bona Dea Hospital, Smile və Azərbaycan Jurnalistlər Şəbəkəsidir.

Xatırladaq ki, “Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil edilib. 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı beynəlxalq könüllü hərəkatı Azərbaycanda “Xəzəri Qoruyaq!” şüarı ilə artıq 15 ildir ki, iştirak edir. Bu kampaniya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 89 hektardan çox ərazisi təxminən 57 ton məişət tullantısından təmizlənib.

Seçilən
29
5
sia.az

6Mənbələr