AZ

İddialı açıqlama: “Neymar iyunda “Santos”a gələcək”

Neymarın doğma klubu “Santos”dan braziliyalı ulduz futbolçu ilə bağlı iddialı açıqlama futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb.

Arena.az “Football España” dərgisinə istinadən məlumat verir ki, Braziliya nəhənginin direktorlar şurasının vitse-prezidenti Niko Osvaldo klubun braziliyalı keçmiş hücumçusu, ulduz futbolçu Neymarla danışıqların demək olar ki, yekunlaşdığını bəyan edib.

O, 32 yaşlı futbolçunun yaxın aylarda komandaya qayıdacağını bildirib: “Neymar iyunda “Santos”a gələcək. Bu, bizim ünsiyyət qurduğumuz söhbətin məzmunudur. O, qayıdacaq”, deyə Osvaldo qətiyyətlə vurğulayıb.

Əlavə edək ki, bu məlumat, Neymarın, argentinalı ulduz hücumçu Lionel Messinin çıxış etdiyi “İnter Mayami”yə keçəcəyi ilə bağlı şayiələr mənzərəsində yayılıb.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə Braziliya klubunun əsas komandasında çıxış edib. Bu müddət ərzində Neymar “balıqlar”ın heyətində 225 oyuna çıxıb, 136 qol və 64 məhsuldar ötürmə ilə fərqlənib.

Xatırladaq ki, braziliyalı futbolçu ötən il, 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alaraq, dizinin çarpaz bağlarını yırtmış və bu səbəblə cərrahi əməliyyat edilmişdi. “Ney” ötən həftə Asiya Çempionlar Liqasının “Əl-Ayn”a qarşı oyununda nəhayət ki, yaşıl meydanlara qayıdıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.

Təcrübəli hücumçu ötən mövsüm “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 6 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
54
3
arena.az

4Mənbələr