Son günlər Ukraynanın Donetsk vilayətinin Avdeyevka kəndi ətrafında gərgin döyüşlər gedir. Hər iki tərəfin ağır itkilər verdiyi bildirilir. Məlumatı UNİAN agentliyi yayıb.
Bütövlükdə, hansısa bir tərəfin ciddi irəliləyişə nail olması hiss olunmur. Hərbi mütəxəssislər cəbhədə əsasən mövqe döyüşlərinin getdiyini vurğulayırlar. Bu, ona dəlalət edir ki, rəqiblər ağır itikilərə yol verməkdən çəkinirlər.
Qarşıdan isə şaxtalı qış günləri gəlir. Artıq Ukraynada temperaturun kəskin aşağı düşməsi müşahidə olunur. Bu amil də geniş hərbi əməliyyatların aparılmasına maneçilik törədir.
Bu arada dünən Maltada Ukraynaya dair üçüncü sülh sammitinin işə başladığı barədə xəbərlər yayılıb. Tədbirdə dünyanın 65-dən çox ölkəsinin təmsilçisi iştirak edir. Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak “Telegram”da bildirib ki, sammitdə Qərb və Qlobal Cənub ölkələrinin xarici siyasət və milli təhlükəsizlik üzrə müşavirləri iştirak edir.
Yermak, həmçinin qeyd edib ki, üçüncü sammitdə Ukrayna sülh formulunun beş maddəsinin icrası planları təqdim olunacaq və müzakirə ediləcək: nüvə, enerji və ərzaq təhlükəsizliyi, humanitar istiqamət (əsir və deportasiya olunan şəxslərin azad edilməsi), Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpası. “Bu planlar müxtəlif ölkələrin səfirliklərinin təmsilçilərinin, eləcə də beynəlxalq ekspertlərin daxil olduğu işçi qruplar tərəfindən hazırlanıb”, – deyə Andrey Yermak yazıb.
Xatırladaq ki, bundan əvvəlki iki görüş Kopenhagendə və Ciddədə keçirilib. O vaxt Ukrayna təkcə birbaşa tərəfdaşları və müttəfiqləri deyil, həm də Ukraynaya dair neytral mövqe tutan Qlobal Cənub ölkələrinin təmsilçilərini cəlb etməyə müvəffəq olmuşdu.
Avropanın bəzi ölkələrinin Ukraynaya hərbi yardımları dayandırmaq fikrində olduqları barədə məlumatlar da yayılır. Lakin Böyük Britaniya hökuməti rəsmən elan edib ki, Fələstin–İsrail müharibəsinə baxmayaraq, London Kiyevə dəstəyini dayandırmayacaq.
Belə ki, Birləşmiş Krallığın hökumət başçısı Rişi Sunak ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Britaniya hökumətinin başçısı Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsində ölkəsinin sarsılmaz öhdəliyini qeyd edib.
Rişi Sunak və Volodimir Zelenski, həmçinin Ukraynada hərbi əməliyyatların gedişini, kritik infrastrukturun müdafiəsi və taxıl ixracı məsələlərini də müzakirə ediblər.
XQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta