EN

Paşinyan Rusiyaya nifrət edən diplomatı Moskvaya niyə səfir göndərdi? (ŞƏRH)

"Nikol Paşinyan bu addımı atmaqla Rusiyadan incidiyini göstərmək istəyir". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ermənistan baş naziri Nikol Paşinyanın anti-Rusiya mövqeli Qurgen Arsenyanı İrəvanın Rusiyada səfiri təyin etməsini şərh edərkən deyib.

Azər Qasımov bildirib ki, Paşinyan bu kimi kiçik oyunlarla Rusiyanın əsəblərini tarıma çəkməkdə davam edir: 

"Adıçəkilən şəxsi Rusiyaya səfir təyin etmək də bu istiqamətdə atılan addımlardandır. Bir sözlə, Paşinyan hər addımda Rusiyaya ondan incidiyini göstərmək istəyir".
 

 
Amma həmsöhbətimiz düşünür ki, reallıq başqa şey deyir: 

"Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri 7 milyard dollardan çoxdur. Bu, Azərbaycanla Rusiya arasında olan iqtisadi əlaqələrdən az qala iki dəfə çoxdur. Bu baxımdan, hesab edirəm ki, Paşinyanın səfir təyin etdiyi adamı Moskvanın qəbul etməsi bunun Rusiya tərəfindən başa düşüldüyünün işarəsidir. Kremldə yaxşı anlayırlar ki, Ermənistan nə qədər ora-bura baxsa da, sonda Rusiyanın yanına qayıdacaq. Bu, sadə məntiqdir. Ermənistan bu regionda Rusiya olmasa mövcud ola bilməz. Ermənistan Rusiyanın hesabına ayaqda durur. Qərbin verdiyi bir neçə milyon dollar yardım və quru sözlərin nəticəsini Ukraynada görürük".

Ekspertin fikrincə, Moskva Ermənistanı ciddi qəbul etmir. Odur ki, Ermənistanın belə hərəkətlərinə soyuqqanlı yanaşır:

"Rusiya ciddi fəaliyyətə keçsə, Ermənistanın süqutu bir neçə saat çəkəcək. Ermənistan da Rusiyadan Qarabağın heyifini çıxmaq istəyir. Moskva isə günahın Paşinyanda olduğunu hər fürsətdə bildirir. Qarşılıqlı olaraq bir-birilərini günahlandırmaqla onlar öz aralarında günahkar axtarırlar. Hesab edirəm ki, Moskva İrəvanın anti-Rusiya mövqeli birinin səfir göndərməsinə heç bir reaksiya verməyəcək. Əksinə, belə birini yanında saxlamaq Moskva üçün də yaxşıdır.Çünki bu halda ona təsir etmək daha asan olar".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan anti-Rusiya mövqeli Qurgen Arsenyanı Rusiyada səfiri təyin edib. İrəvanla Moskva arasında münasibətlər günü-gündən daha da soyuyur. Bu fonda Paşinyan anti-Rusiya mövqeyilə seçilən şəxsi Moskvaya səfir göndərir. 

Rüfət Sultan
Chosen
148
50
qaynarinfo.az

10Sources