EN

Uşaqlarda varlı uşaq sindromu


Müasir dövrdə valideynlər üçün ən çətin problemlərdən biri də işlədikləri üçün uşaqlarına kifayət qədər vaxt ayıra bilməmələridir. Ona görə də, valideynlər bu boşluğu aradan qaldırmaq üçün müxtəlif (və çox vaxt da səhv) üsullara əl atır və nəticə etibarı ilə öz uşaqlarında varlı uşaq sindromunun meydana gəlməsinə səbəb olurlar. Digər tərəfdən, bu sindrom təkcə varlı ailələrin uşaqlarında yox, orta ailələrin uşaqlarında da müşahidə olunur.
Ümumiyyətlə, “varlı uşaq” məfhumunu valideynlərin sosial siniflərinə görə yox, onların ictimai siniflərinə görə müəyyən edirlər. Ona görə də, varlı uşaq sindromu olan uşaqlar bir qayda olaraq, ailədə ərköyün tərbiyə olunan uşaqlardır.
Bəs elə isə varlı uşaq sindromu nədir? Varlı uşaq sindromu uşağın istədiyi hər şeyə və hətta, ondan da artığına sahib olmasının uşaqda meydana gətirdiyi bəzi pozğunluqlardır. Ancaq belə uşaqlar təkcə hər şeyə sahib olmurlar, eyni zamanda, valideynlərindən əlavə imtiyazlar da əldə edirlər. Ona görə də, burada əsas məsələ valideynlərin uşaqlarına qarşı tutduğu mövqedir. Məsələn, valideynlərin uşaqlarına qarşı həddindən artıq mühafizəkar olmaları, ya da onların uşaqlarına qarşı həddindən artıq bədxərc olmaları kimi.
Valideynlərin bu cür mövqeyi uşaqların emosional inkişafı üzərində də bəzi təsirlərə səbəb olur. Harvard Universitesinin professoru, pediatr Ralf Minear isə bir uşağın varlı uşaq sindromu olub-olmadığını müəyyən etmək üçün ilk növbədə, aşağıdakı suallara cavab tapmaq lazım olduğunu bildirir:
1. Əlamətdar gün olmasa belə, uşağınıza tez-tez bahalı hədiyyələr alırsınızmı?
2. Uşağınızın gündə iki saatdan çox kompüterdə oynamasına icazə verirsinizmi?
3. Uşağınız müsbət bir hərəkət etdikdə onu maddi hədiyyələrlə mükafatlandırırsınızmı?
4. Uşağınızı məktəbdənkənar fəaliyyətlərə məcbur edirsinizmi (təbii ki, öz istədiklərindən başqa)?
5. Evinizin xərclərini müəyyən edərkən kimin xərclərini əsas götürürsünüz: ailənizin, yoxsa uşağınızın?
6. Uşağınız mütəmadi olaraq darıxdığından şikayət edirmi?
7. Nə qədər oyuncağı olsa belə, məşğuliyyət tapmaqda çətinlik çəkirmi? və s.
Əgər siz bu suallardan hər hansı birinə müsbət cavab verirsinizsə, deməli, uşağınızın varlı uşaq sindromu olmaq ehtimalı da yüksəkdir. Bunun əsas səbəbi isə əksər hallarda valideynlərin uşaqları ilə kifayət qədər vaxt keçirə bilməmələridir. Valideynlər də bunun əvəzini çıxmaq üçün uşaqlarına istədikləri hər şeyi etməyə icazə verir, ya da onlara istədikləri hər şeyi almağa imkan verirlər. Ən əsası isə onlar bununla uşaqlarına daha yaxşı bir həyat təqdim etdiklərini, ya da onları başqalarından daha yaxşı tərbiyə etdiklərini düşünürlər. Digər tərəfdən, bu cür valideynlər uşaqlarının hər arzularını yerinə yetirdikləri üçün onları xoşbəxt etdiklərinə inanır, ancaq müəyyən bir müddətdən sonra tamamilə əks bir nəticə ilə qarşılaşırlar. Bu cür valideynlər eyni nəticə ilə uşaqlarını ən qısa bir vaxtda uğur qazanmağa məcbur etdikdə də üzləşirlər (hətta, bunun üçün imkanları və ya qabiliyyətləri olmasa belə). Başqa sözlə, onlar öz uşaqlarını bu şəkildə yüksək səviyyədə yetişdirdiklərini düşünürlər.
Valideynlərin öz uşaqlarını cürbəcür məktəbdənkənar fəaliyyətlərə (musiqi məktəbləri, idman klubları, dil kursları və s. kimi) cəlb etmələrinin də əsas səbəbi elə budur. Beləliklə, valideynlər bununla uşaqlarını hansı sahədə daha yaxşı olduqlarına qərar vermələrinə də imkan vermirlər. Nəticədə isə bu cür uşaqlar vaxtından əvvəl böyüklərin dünyasına qədəm qoymuş olurlar. Əslində, bugünkü uşaqlar dünənki uşaqlardan çox da fərqli deyillər. 20 il əvvəlki uşaqların ehtiyac duyduğu şeylərə təbii olaraq bugünkü uşaqlar da ehtiyac duyurlar. Bir sözlə, oynamaq, gülmək, təbiətlə və ya heyvanlarla bir yerdə olmaq bütün uşaqların ehtiyac duydudğu şeylərdir. Bütün bunlardan əvvəl isə onlar sevgi görmək istəyirlər. Valideynlərinin yanlarında olması onlara özünəinam hissi ilə yanaşı, heç bir şeylə əvəz edə bilməyəcəkləri sevinc hissi də bəxş edir. Ona görə də, bəzi valideynlər uşaqlarının nə üçün bu qədər passiv və ya aqressiv olduqlarını başa düşmürlər. Onların niyyətləri yaxşı olsa da, öz potensiallarını inkişaf etdirmək üçün uşaqlarına kömək etməklə məcbur etmək arasındakı fərqi görə bilmirlər. Ona görə də, professor Ralf Minear uşaq tərbiyəsi ilə bağlı aşağıdakı məsələlərə daha çox diqqət yetirməyi məsləhət görür:
- Əgər uşağınıza həddindən artıq azadlıq versəniz, bunun onda tədricən intizamsızlıqla nəticələndiyini görəcəksiniz. Digər tərəfdən, bu, uşağınızda tədricən başqa problemlərin də meydana gəlməsinə səbəb olacaq.
- Əgər uğur qazansın deyə, uşağınıza həddindən artıq təzyiq göstərsəniz, onun buna göstərəcəyi reaksiya bir qayda olaraq stress və özünəinamsızlıq olacaq. Üstəlik, uşağınız istər indi, istərsə də, gələcəkdə öz hədəflərini müəyyən etməkdə çətinlik çəkəcək. 
- Əgər uşağınıza qarşı həddindən artıq mühafizəkar davransanız, onun həyatın çətinlikləri qarşısında hazırlıqsız olmasına səbəb olacaqsınız və s.
Bir sözlə, uşağınızın sağlam tərbiyəsi (həmçinin, sağlam inkişafı) ona təqdim etdiyiniz azadlıqlarla məhdudiyyətlər arasındakı tarazlıqdan çox asılıdır. Buna görə də, əgər uşaq tərbiyəsində uğur qazanmaq istəyirsinizsə, uşağınıza sahib olduqlarının qiymətini bilməyi öyrətməli və ən əsası bütün bunların sevgi ilə mümkün olacağını bilməlisiniz.

Aygün Vəliyeva
Chosen
89
15
yeniavaz.com

10Sources